Sabah saat 19-da Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə şair, əməkdar incəsənət xadimi Çingiz Əlioğlunun 70 illik yubileyi geniş şəkildə qeyd olunacaq.
Şairin Kulis.az-a verdiyi açıqlamaya görə yubiley tədbirində Azərbaycanın tanınmış yazarları, elm və mədəniyyət xadimləri, ziyalıları ilə yanaşı Türkiyə və postsovet məkanından dəvət olunan yazar dostları iştirak edəcək.
Gecədə aktyorlar Ç.Əlioğlunun şeirlərini söyləyəcək, musiqiçilər onun sözlərinə bəstələnən mahnılar oxuyacaqlar.
Çingiz Əlioğlu 1944-cü ildə Füzuli şəhərində anadan olub. Azərbaycan Neft və Kimya İnstitutunu bitirib. Bədii yaradıcılığa "Gənc qələmlər" (1967) toplusunda çıxan "Xatirələr" şeri ilə başlayıb. Əmək fəaliyyətinə "Gənclik" nəşriyyatında redaktor kimi başlayıb. Azərbaycan Dövlət Nəşriyyatında baş redaktor, Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyində nəşriyyatlar idarəsinin rəisi vəzifəsində çalışıb. Son illər Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat sektoruna rəhbərlik edib. Çoxsaylı şeir və tərcümə kitabları çap olunub. Əsərləri müxtəlif dillərə çevrilərək nəşr edilib.