Alınça

Alınça
21 aprel 2016
# 17:34

Tural Turan

Hardasa on beş ilin əhvalatını danışacağam indi sizə. On – on iki yaşım olardı. Alçaya biz tərəfdə alınça adını veriblər. Ta bineyi-qədimdən ancaq kalını yediyimiz bu meyvəyə alınça deyiblər. Məndən üzü yeddinci baba-nənəmə kimi. Elə onlardan da üzübəri bu mərətin dəyən vaxtını, qızartlaq formasını motal pendir və tutma tutanlardan başqa demək olar ki, heç kim görməyib.

Dediyim kimi, Novruzdan heç bir ay keçməmişdi, təxminən bu vədələr idi; məktəbdən gələn kimi heybəmi eyvanımızdakı mizin üstünə atıb, məhləyə qaçdım. Məhləmizin tökülmə hissəsində yarpaqları artıq pardaxlamış iki yanakı peyvənd alınçaları uzaqdan gördüyüm andan ağzım sulanmağa başlamışdı.

Ağız suyumu udquna – udquna, quyruğu yanmış tazı kimi qaça- qaça, uzaqdanca ağacın daha hündür budağına sıçradım. Adam balası kimi ilk budaqdan asta – asta və pillə-pillə çıxmağa hövsələm çatmadı. Dırmaşıb məktəb şalvarımın dardütdək ciblərini hələ sürfə-sünnətsiz alçalarla doldurdum. Arada ağzıma da atıb yumşaq və qığırdaqlı çəyirdəkləri ilə bir yerdə övkələyə - övkələyə yeyirdim. Gözümün qurdunu elə ağacın başında öldürməyə çalışırdım.

Bir ilin acgözlüyünü, alınça həsrətini isə elə həmin gün sinfimizdəki Hunay adlı sarımeçan bir qız yadıma salmışdı. Qapımızda iki qoşa alınça ağacının yarpaqlarının yolmaşlanma vaxtının çatdığı necə olmuşdusa, heç yadıma düşməmişdi. Həmin ərəfələr yəqin heç özü tökülməyə sarı hərlənməmişdim. Hunay sürfə-sünnətsiz alınçaları rəfiqəsi Hunellə (ikisinin də adını atam qoymuşdu. Atam onların hər ikisinin atası ilə dost idi) duza batırıb qıcırdatdığını gördüm. Ağzım sulandı. Suyuğumu, şoşağımı yığa bilməyib gedib ikisini-üçünü əllərindən qapıb mən də ağzıma atdım. Dişlərimi, damaqlarımı göynəmə tutdu. Amma yenə də içimin və gözümün qurdu ölmədi. Deyirlər axı, nüvgərin damaqlığı həmişə dişin yadında qalır. Bu dəfə də elə ondan oldu. Dərsin tez bitməyini, evə qaçıb ac qarına mədəmi göynədəcək qədər alınça yeyəcəyimi xəyal edirdim...

İndi ağacın başında yavaş-yavaş bayaqdan alça deyib sayır – sayır sayrışan gözümün qurdları öləziyirdi. Amma yarımçıqlıq vardı nəsə. Bıy həəə, yadıma düşdü, bunun duzu (barıtı) yoxdu axı. Abamın ( bizim kəndə hamı anaya aba deyir) gözündən uzaq dolçadan duz götürə bilməmişdim. Görsə, acqarına göylüyü saralmamış alınça yediyim üçün məni yambızıma- yanbızıma bir – iki şapartlayacaqdı...

Cibimdəkiləri və köynəyimin yaxasını açıb qarnıma tökdüyüm yerdə qalan alçanı duza batırıb yemək üçün üzbəüz qonşumuz Sayalı arvadın yanın qaçdım. Sayalı nənə dünya görmüş arvadıydı. Nənəsinin, anasının dənçiyindən, ətəyindən düşənləri bir-bir süpürləyib yığışdırmışdı. Hər şeydən halı adamıydı. Özü üçün Qıxmıx Yedigeyə (taxta-tuxta rəndələməklə məşğul idi) bir döşəkçəli kötük düzəltdirmişdi. Boz ayı yola verəndən sonra əl damından taxçasını çıxarıb bayırdakı çəkil ağacının altında oturardı. Səhər saat 9-dan axşam saat 9-a kimi...

Uşağı yox idi, əri də lap çoxdan ölmüşdü. Mən görməmişdim Qorxmaz kişini. Bir uzun göykəpənəkli tumanı varıydı. Hey onu geyinərdi. Bir də boz donunu... Elə o boz donda, döşəkçəli kötükdə oturaqlı vəziyyətdə, həmin tut ağacının altında da ölmüşdü, Sayalı arvad. Onda mən artıq Bakıda oxuyurdum.

Nə başınızı ağrıdım, öz – özümə dedim ki, Sayalı nənəni buyuraram, o da gedib bir çimdik duz gətirər, batırıb yeyərik bu alınçaları. Yeyə - yeyə də arvadı gəlmişdən-keçmişdən bir az mırtdadaram.

Qoşaqapının (siz darvaza deyirsiniz) cəftəsini ehmallıca aralayıb çölə çıxdım. Qaçdım Sayalı arvadın yanına, cibimdəki alınçaları şapıltı ilə tökdüm ətəyinə:

- Ay nə, abamın qorxusunnan öydən duz həpəmmədim. Di get duzu da sən gətiriynən, ağzımızın heliyi axmamış yiyif kutarax munu.

Sayalı nənə ayaqdan yüngül arvad idi. Yaşı yetmişi ötsə də ərinməzdi, uşaq da, böyük də buyursa gedib lazım olanı evindən, dağarcığından eşib tapar, gətirib istəyənə verərdi həmişə:

- Ədə, ta munu ətəyimə hellədin. Di get sən gətir. Əl dammızın yanında dəmir ciftənin (uzun stol) üstündəki duz dolçasınnan oucuna (ovucuna) töh, gətir. Amma yerə dağıtma ha, orda qənd yoxdu üstünə tullamağa, öydə salğarın dalındadı qənd xaşası. Gedif dağıdaşsan oraları, bir noxsat ükəsən ha sən...

Sayalının bu buyruğundan xoşlanmasam da, əlacsız qalıb gedib bir ovuc duz gətirdim.

Hərəmiz iki –üç alça yemişdik ki, sual verməyə başladım. Əslində sualı da elə - belə vermədim. Gördüm ki, arvad alçaları damağına salıb elə öykək-öykək yeyir ki, belə getsə mənə qalmayacaq. Ona görə də başını qatmağa çalışdım. İdmisini bilirdim, danışmağa başlayanda, günahdı deyib, heç nə yeməzdi və ya yediyini udduqdan sonra danışardı:

- Ay nə, niyə məllimlər muna alça deyir, əmmə öydə alınça deyirik?

Sayalı nənəm gözündən qımışdı. Göyçədə doğulmuşdu, yenə oraların adətindən danışacağını bilirdim. Həmişə bir şey olunca, sözü hərləyib, fırlayıb Göyçəyə gətirib çıxarırdı:

- A bala bu mərətin adı alça yox, elə alınçadı. Əmmə indi vədə-döyran dəyişif, çox yerdə alça deyillər. Camahat eləvil mudnulaşıfdı. Munnan qavağa biz tərəfdə də, elə buralarda da alınçaya alınça deyiflər. Qarşıdırmaynan ha, alına, qaşqıya oxşadığı üçün alınça demillər. Ona yörə alınça deyillər ki, munun rəngi göydü. Göyün də sarı formasına alı deyillər. Yəni, sarıya çalan. Ta alı rəngi hamı unudufdu. Yada salan yoxdu. Göyün açıx rəngidi alı. Alınça bənzərməyə başdıyır ha, bax o rəhdi. İndi alça hələ göydü. Muna bələy alınça deyillər. Yəni, hələ sürfə-sünnətsizdi, tam yeməli deyil. İndi mərətinqi ye...

Sayalı arvadın bu dedikləri elə o vaxtdan qulağımda sırğa qalıb. Bu gün Facebookda göy alça şəklini görüncə bu əhvalat yadıma düşdü. Nostalji alınça hisslərinin kadr-kadr görüntüləri altında rəhmətlik Sayalı nənəmizi də xatırladım. Dənciyindən saldığı bu “alı” məsələsini o dünyaya özü ilə aparmadığına şükür etdim. Yazıq Alqayıt demiş, “milyon ürəklərdə kül olub gedən, sözə, şeiriyyətə hayıfım gəlir”. Hər unudulmuş sözün, törənin özü də bir şeiriyyət kimi gəlir adama. Bəlkə də, çoxunuz bilmirdiniz, alçanın, alınçanın haradan gəldiyini.

Doğrudur, bu elmi isbat deyil, amma ulusun huşundan gələni elm də inkar etmir. Ağzınız şirin olsun, yazını oxuduqca ağzınız sulandısa, “alı”ya keçin...

P.S: Sayalı arvad baxıb gördü ki, ətəyindəki alçalar dibinə senir. Yəni bitmək üzrədi. Əlini atıb qalan üç-dörd alçanı da o götürdü, qıcırdatmağa başladı.

# 1639 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #