Rayonlu ərlə şəhərli arvadın dalaşmağı

Rayonlu ərlə şəhərli arvadın dalaşmağı
21 fevral 2013
# 16:34

Ülviyyə Tahir

Ailə

- Maşının sürətini artırma! İndi harasa çırpacaqsan.

- Sən mənə dərs vermə! Maşın mənim, özüm bilərəm.

- Maşının içindəki balqabaq deyil aa... İnsandı, insan.

- İnsanlıq hara, sən hara.

- Günah səndə deyil aa... məndədi. Səni insan bilib sənə ərə gəldim.

- Ana, Şirinbabanın şalvarı niyə qırmızıdır, o birisilərinki mavi?

- Mən universitet qurtarmış gözəl və ağıllı qız idim. Nə işim var idi ki ,sənin kimi rayonlu gədəsində?

- Gədə sənin qardaşlarındı, nəslindi, kökündü. Bizi tanış edənin beli qırılsın.

- Ana, niyə Kayu ilə Kəloğlanın başında tük yoxdu?

- Ahh, ahh. İnsanın maskası cırılanda nə pis olurmuş. Düşündüm ki, Tarkovski izləyən, İbn Ərəbi mütailə edən tupoy olar? Olarmış, olarmış. Kor olmuşam.

Səhvini düzəldə bilərsən. Məhkəmə var, qanun var.

Düş qazın belindən! Sənə dedim ki, balqabaq deyilik. İnsanıq, insan. Mən hələ yaşamaq istəyirəm.

- Pepenin bacısı var. Mənim niyə yoxdu?

- Hər şeyə burnunu soxa-soxa həyatımı murdar etmisən.

- Mən soxuram, mən soxuram. Bax, minmisən Əzrayılın atının belinə, şaha qalxırsan. Mən də, deyəndə oluram pis köpək qızı.

- Sən mənim əsəblərimlə oynamağa sadəcə olaraq vərdiş etmisən. Tülkü dərisindən vaz keçər, vərdişindən yox. Sən düzəlməyəcəksən.

- Mən vərdiş etməmişəm. Siz mərdi qova-qova namərd etdiniz. Beş ildir bu ailənin zibilini çəkirəm. Bəsdi də. Ancaq siz varsınız. Gəlib bir batalyon tökülürsünüz siçan deşiyi boyda yataqxana küncünə. Biri demir ki, bu bədbəxt qızı da yazıqdı. Yatmağa yerdə tapmır. Mən neynirəm? Ali təhsilli, amma karyerası batmış bir qadın rayonluların külqabısını təmizləməklə məşğulam. Hələ bu azmış kimi xəstəxanaya tökülüb gələnlərinə də yemək bişir apar.

- Ana mənim də Karfild kimi pişiyim olacaq?

- Mən detdom uşağı deyildim ki?!... Mənə ərə gələndə bilirdin ki, bir ton qohumun - əqraban olacaq. Yoxsa sizin kimi. Dırnağı laklı ananın manqurt süfrəsində bir inni -cinni olmur. Axı sənin ananın makyajı pozular.

- Mən sənin anana sataşmıram.

- Ana, Bentenin saatındakı uzaylılar mənim saatımdan niyə çıxmır?

- Sataşa da bilmərsən. Sənin kimilər deyil bu millətin axırına çıxanlar. Elə bil hamısı tükəzbanların tumanının altından çıxmayıb. Bəyənməyin qınınızı. Yox, bunların hamısı elə nəsilli - köklü bakılı olublar. Hələ dindirsən bir-ikisi deyəcək mən avropalıyam. Mənim səhvim bilirsən nədir? Odur ki, mən gərək səni aparıb o bəyənmədiyin rayonda süd sağdıraydım.

- Sən bilirsən ki, onu mənə elətdirə bilməzdin.

Ana, mən böyüyəndə gedib Maşanı tapıb onunla evlənəcəm.

- Hə elətdirəmməzdim. Axı, köhnə kişilər yoxdu indi. Millətin axırına çıxdınız. Cüllütə döndərdiniz bizi.

- Onun da günahkarı mənəm. Bəlkə deyəsən Osvensimdə yəhudiləri də mən qırmışam?

- Sən bilirsən ki, mən yəhudi və erməni soyqırımına inanmıram. Ona görə səndə o hesabdan günahsızsan.

- Bax, bu məsələdə səninlə razı deyiləm. O qədər filmlər çəkilib, sənədlər var . Bunları təkzib etmək olmaz, axı.

- Nə olsun ki, hər gördüyünə inanma. Hər gördüyünün arxasında bir müəmma mütləq vardır. Ermənilər bizi 1915- ci ildə qırıblar deyirlər, indi biz də onlara inanmalıyıq?!

- Niyə hamı öz ayıbına kor olmur? Sən məndən öldürmüsən, mən də səndən. Daha bunu niyə müzakirə edirlər ki?

- Dünyaya belə lazımdı. Bu siyasətdi.

- Ah, kaş məndə siyasət biləydim. Lazımdı. Ailə də kiçik dövlətdi.

- Hə, onda hansındadır bizimki? Monarxiya yoxsa respublika?

- Ələ salırsan?

- Sən demədin indicə ailə də kiçik dövlətdi? Mən də soruşdum. Nə etdim ki, barıt çəlləyindən betərsən. Arvad olmadın, bərbad oldun.

- Ə, mən sənə neynirəm dartıb yeyirsən əlimi, ayağımı?!

- Əzizim, uşaq yatdı, deyəsən?

- .....

- Uşaq yatdı?

- Hə, yatıb. Əzizim, çox qalıb? Nə vaxt çatarıq?

- Yarımsaatlıq yol qalıb. Bu yolları düzəltmişdilər. Yenə xarab olub.

- Sən də heç bir çalanın xətrinə dəymirsən. Yavaş, uşaq diksinir.

- Yol xarabdı, neynim.

- Yavaş sür!

- Sən də, sus!

- Yenə başladın.

- Allah xatirinə sus. Yorulmuşam. İki yüz kilometr yol sürmüşəm.

- Bax mənə öyrətsəydin indi belə zülm çəkməzdin.

- .........

- Niyə cavab vermisən? Daha sənin üçün maraqlı deyiləm.

- ....

- Bax həmişə beləsən .Adamı saya salmırsan.

- ....

- Dayan! Deyəsən, uşaq sudurğa keçirir.

- Nə sudurga? Aaz, əməlli bax.

- Yox, yox . Maşını saxlama. Diksinirmiş. Ay Allah, necə qorxdum.

- Mən də qorxdum . Ayıldı?

- Hə ayıldı. Bax sənsən eee. Bu qədər sürətlə maşın sürərlər?!

- Sən mənə dərs vermə. Maşın mənimdi, özüm bilərəm

- Balqabaq deyilik. İnsanıq, insan.

- Ana, görəsən bizim maşın bərk gedər yoxsa Şimşək Makkuin?

# 3067 dəfə oxunub

Müəllifin son yazıları

# # #