Düşüncələrin rəqsi

Düşüncələrin rəqsi
21 yanvar 2014
# 15:49

Rəşadət Seyidov

Roman iki gün əvvəl Esmeraldaya edəcəyi səyahət barədə danışmış, onunla birgə səyahətə çıxmağı ona təklif etmişdi. Esmeralda bu təklifə çox sevinmişdi. Uzun müddət idi ki, hər günü eyni olan, dəyişməyən şəhər həyatından hər iki gənc bezmişdi. Lakin Roman haraya səyahət edəcəkləri haqda Esmeraldaya heç bir söz deməmişdi. Esmeralda sürprizləri çox sevirdi. Roman səyahətə bir gün qalmış Esmeraldaya zəng etdi.

- Esmeralda, hazırlaş. Səhər tezdən yola çıxırıq. Saat yeddidə dəniz vağzalında görüşək.

- Yaxşı, əzizim. Hələlik.

Roman, savadlı və yaradıcı bir gənc idi. Gününün çox vaxtını mütaliəyə həsr edər, hər dəfə yeni bir şeylər ortaya çıxarardı. Şəhərin əksər gəncləri kimi barlara, disko klublara, pivəxanalara getməzdi. Ətrafdakı insanlar onun özünəqapalılığını heç sevmir, hər dəfə ona əksər gənclər kimi olmağı məsləhət bilirdilər. Romanın isə həyat yolu bəlli idi və bu həyat yolunu ona nə cəmiyyət, nə də ki, boş insanlar aşılamışdı. O, özü öz həyat yolunun başlanğıcı olmuşdu. Çünki onun düşüncəsi azad idi...

Səyahət edəcəkləri yer haqda Roman bir həftə əvvəl oxumuşdu. Oxuduqları onda maraq oyatmış və o, həmin yerə səyahət etməyi qərara almışdı. Həmçinin oradakı insanların psixologiyası haqqında da geniş məlumat əldə etmişdi. Həmin yer Afrikanın bir ölkəsi idi və orada bir qəbilə mövcud idi. Qəbilədə patriarxal zehniyyətin hakim olması, orada insanların bərabərliyinə əngəl törədirdi. Qəbilənin kişiləri istədikləri hər şeyi edər, xoşlamadıqları bir vəziyyət olduğu zaman onu qol və ya silah gücünə yox edərdilər. Bir kişi öz arvadından əlavə digər başqa bir qadınla da yaşaya bilərdi. Onun əsl həyat yoldaşının bu vəziyyətə səsini çıxarmağa haqqı yox idi. Həmçinin qadın kişi satıcı olan dükandan alış-veriş edə bilməz, gündüz vaxtı evi üçün su belə gətirə bilməzdi. Qadınlar yalnız o vaxt çıxa bilərdilər ki, həmin vaxtı ortalıqda bir kişi olmasın. Bu da adətən səhər tezdən saat altıya təsadüf edirdi. Çünki bütün günü içib əylənmiş qəbilə kişiləri həmin vaxtı dərin yuxuda olurdular. Oradakı insanlar əsl gözəlliyin bu cür bir həyat tərzində olduğuna inanırdılar. Oradakı kişilər həyata gəlməklərinin səbəbini yeyib-içməkdə, əyyaşlıqda, ov edərək keyf məclislərinin qurulmasında görürdülər. Onlardan əvvəlkilər necə yaşayıblarsa, onlar da bu həyat tərzini davam etdirməyi özlərinə şərəf bilirdilər. Qəbilənin qadınları isə həyata gəlməklərinin səbəbini gecə-gündüz işləməkdə və bir də öz ideal kişilərinə itaətdə görürdülər.

Beləcə, Roman təhlükəli bir yerə öz sevgilisi ilə səyahət etməyi qərara almışdı. O inanırdı ki, xəstə bir cəmiyyət üçün nəsə edə biləcək.

Onlar təyin etdikləri vaxtda dəniz vağzalında görüşdülər və gəmi ilə yola düşdülər. Yol boyu hər iki gənc mütaliə etdi, eynilikdən çıxaraq fərqliliyin ağuşunda olmalarından doya-doya zövq aldılar. Tələsmək lazım deyildi, bu hələ fərqli həyatın başlanğıcı idi. Onlar oxuduqlarını bir-biri ilə paylaşır, oxuduqlarından maraqlı və təsirli məqamları bir-birinə izah etməyə çalışırdılar. Nəhayət, uzunmüddətli dəniz yolçuluğu sona çatdı və onlar həmin qəbiləyə yaxın əraziyə gedəcək olan qatara mindilər. Bir neçə saatdan sonra qatar yolçuluğu da sona çatdı. Ayaqla bir neçə kilometr getdikdən sonra qəbiləyə çatdılar. Roman həyəcanlı idi. Esmeralda isə qorxurdu. Bu sürpriz ona hələ çatmamışdı. Nə baş verdiyini anlamırdı. Roman Esmeraldaya dedi ki, burada çox diqqətli olmaq lazımdır. Hər an hər şey ola bilər. Biz burada sanki səhralıqda cücərmiş yaşıl otuq, sonsuz qaynar səhra bizi istədiyi vaxt yandırıb quruda bilər. Bu sözlər Esmeraldanın həyəcanını daha da artırdı.

Onlar sakit və yavaş addımlarla irəliləməyə başladılar. Onların geyimi də, saç düzümləri də tam fərqli idi. Qəbilədəkilər bəlkə də birinci dəfə idi ki, belə insanlar görürdülər. Yol boyu qıraqda kiçik masalar var idi və hər masanın ətrafında 5-6 nəfər oturmuşdu. Onlar içki içir və oyun oynayırdılar. Bu insanlar sərt və qəzəbli baxışlarla bu iki gənci süzür, bəziləri isə çaşqın halda baxırdılar. Esmeralda qorxdu və Romanın əlindən tutmaq istədi. Bu zaman iri, boynuyoğun bir kişi qışqırdı və onları öldürəcəyi ilə hədələdi. Roman isə gülümsəyərək, heç bir problemin olmadığını işarə ilə dedi. Onlar qəbilə bazarına yaxın bir yerdə gecələmək üçün bir neçə otağı olan hotel kimi bir yer tapdılar. Oranın sahibinə üç gecənin pulunu verdilər və tez otaqlarına qalxdılar. Esmeralda bu sürprizdən qorxsa da, hər şey ona maraqlı gəlirdi. Romanla Esmeralda iki gün ərzində qəbiləni gəzdilər, oradakı həyat tərzi ilə yaxından tanış oldular. Qəbilədəki həyat tərzi Romanın oxuyub öyrəndiyi kimi idi. İndi qəbilədəki həyat bütün çılpaqlığı ilə onun gözü önündə idi. O, qəbilədəki insanlara baxaraq əzab çəkirdi. Qəbilədəki gənclərin işi ancaq güləşmək, qol güləşdirmək, meşədən ağac qırıb gətirmək və iki gündən bir ova getmək idi. Və onlar üçün həyatın əsl mahiyyəti bu idi. Başqa cür heç nə ola bilməzdi...

Gecə Roman skripka ilə pəncərə önündə sakit səslə gözlərini yumaraq mahnı oxumağa başladı. Bu zaman yataqxana ətrafında bir canlanma baş verdi. Bir neçə adam pəncərə önünə gələrək çaşqın halda ifa edilən mahnını dinləməyə başladı. İçlərindən bəzilər qəribə səslər çıxarırdı. Roman öz aləmində idi və pəncərə qarşısındakı adamlardan xəbərsiz idi. Bir neçə qadın isə gizlicə evlərinin pəncərəsindən ifa edilən mahnıları dinləyirdi. Esmeralda pəncərəyə yaxınlaşdı və aşağıdakı adamları görüb Romanı sakit səslə çağırdı. Roman gözlərini açıb aşağı baxanda həyəcanlandı və tez pəncərəni bağlayıb pərdələri çəkdi. Bu zaman baş verən hadisə Romanı tamamilə çaşdırdı: Qəbilə insanları Romanın ifa etdiyi mahnıları üçün əl çalaraq ona təşəkkür edirdilər.

Səhəri gün hər kəs Romanla Esmeraldaya yumşaq nəzərlərlə baxırdı. Onlar həyatda başqa gözəlliklərin olduğunu hiss etmişdilər. Mahnını dinləyən hər kəsin daxilində başqa yeni hisslər oyanmağa başlamışdı. Lakin onlar bunu gizlətməyə məcbur idilər, əks halda babalarında qalan bir ənənəyə əks olduqları üçün məhv edilə bilərdilər. Musiqi xəbəri qəbilədə sürətlə yayıldı. Hər kəs Roman və Esmeralda haqda danışmağa başladı. Artıq heç kim bunu gizlətmirdi. Musiqini dinləyən insanlar başqalarına o səsin necə gözəl olduğunu başa salmaq istəyirdi. Qadınlar, gənclər, kişilər öz aralarında gecəki skripka səsindən danışırdılar. Onlar bunun möcüzə olduğuna inanmaq istəyirdilər. Onlar möcüzəyə inanırdılar, çox inanırdılar.

Səhəri gün axşamüstü Roman belə bir qərara gəlir ki, o qəbilə insanlarının çox olduğu yerdə skripka ilə ifa edib mahnı oxuyacaq, Esmeralda isə rəqs edəcək. Esmeralda buna razı olur. Onlar artıq qorxmurdular və vəhşi zehniyyətin musiqi ilə əhilləşəcəyinə inanırdılar.

Axşamüstü Roman skripkanı götürüb Esmeralda ilə birgə qəbilə insanlarını çox olduğu yerə getdi. Onlar küçədə gedərkən arxaları ilə bir neçə insan gəlməyə başladı. Onlar qəbilə mərkəzinə gəldikləri zaman bir xeyli insan sanki onları gözləyirmiş kimi orada idilər. Heç kəs səsini çıxarmırdı. Ən sərt insanlar belə lal və həyəcanlı baxışlarla bu iki gənci süzürdü. Roman skripkanı qutusundan çıxardığı zaman insanlar arasında qəribə səslər çıxmağa başladı. Onlar sanki səmada möcüzə görürmüşlər kimi davranırdılar. Onlar çox qəribə idilər. Roman skripkada ifa etməyə başladı, Esmeralda gözəl səsi ilə ona qüvvət verdi. Roman və Esmeralda sevgiylə çalıb-oxuyur, qəbilə insanları həyəcanla əl çalırdılar. Az sonra qəbilə qadınları gözə dəyməyə başladı. Onlar öz kişilərindən qorxa-qorxa musiqiyə tərəf can atırdılar. Kişilərin sərt baxışları onları qorxudurdu, amma heç bir qüvvə artıq onları bu gözəllikdən məhrum edə bilməzdi. Onlar gülür, əl çalır, bu sehrli möcüzədən doyunca zövq almaq istəyirdilər. Bir gecədə hər şey dəyişmişdi. Onlar buna inana bilmirdilər. Onlar bunun yuxu olduğunu zənn edirdilər.

Esmeralda ifasını bitirdikdən sonra ayaqqabılarını çıxarıb qəhqəhə ilə gülərək rəqs etməyə başladı. Musiqi sədaları altında ehtirasla rəqs edirdi Esmeralda. Qəbilənin insanları əl çalırdı, atılıb düşürdü. Onlar uşaq kimi sevinirdilər. Onlar da rəqs etmək istəyirdilər, amma çəkinirdilər. Hər kəsin həyəcanlı vaxtında bir gənc sevdiyi qızın əllərində tutub ortaya çəkdi. Onlar Esmeralda ilə bərabər rəqs etməyə başladılar. Bu iki gəncin ardıyla hər kəs meydana axışdı. Hər kəs rəqs etməyə başladı. Onlar bunun möcüzə olduğuna inanmaq istəmirdilər. Çünki möcüzələr ani olurdu həmişə. Onlar bunu həqiq olduğuna inanmağa başlamışdılar. Bəli, bu həqiqət idi. Bu, düşüncələrin rəqsi idi. Bu, bir zehniyyətin qalibiyyət, digər zehniyyətin sevinc rəqsi idi...

# 1918 dəfə oxunub

Müəllifin son yazıları

# # #