Qələmim qara gözüm
Sığal çəkmə qəmimə,
Didilib ilmə-ilmə.
Yaman düşüb könlümə,
Qoy ağlayım doyunca.
Ağ vərəq bəyaz üzüm,
Qələmim qara gözüm.
Sözü damlaya düzüm
Qoy ağlayım doyunca.
Ruhum qalıb yaman tək
Oda həsrət saman tək,
Arzu küsüb gümantək
Qoy ağlayım doyunca.
Həsrətli baxış mənəm,
Yanaqda naxış mənəm,
Bu payız yağış mənəm!
Qoy ağlayım doyunca.
Yuyum səbrin pasını
Qanımın qarasını.
Təqvimlərin yasını
Qoy ağlayım doyunca.
Kim deyər ki, qəmsizəm,
Əbədi-kəfənsizəm.
Vətəndə vətənsizəm
Qoy ağlayım doyunca.
Yoxsulların təsəllisi cənnət olur
Varlıların din-imanı ziynət olur.
Yoxsulların təsəllisi cənnət olur.
Tanrısına sadiq möminlərin belə
Duaları ünvanına minnət olur.
İlmə-ilmə mənliyi sökəsökdəyik,
Həm qəssabıq, həm şallaq ət; nə kökdəyik.
Milyon zərrə... hər birimiz bir nöqtəyik.
Zaman çəkib apardıqca düz xətt olur
Gəl gedək dəli könlüm
Gəl gedək dəli könlüm,
Bezməyinə dəyərmi?
Bu dünya nə dünya ki,
Küsməyinə dəyərmi?
Hər kəs görmüş dağını,
Qarasını, ağını
Turşudub dodağını
Büzməyinə dəyərmi?
Ömür yarı, gün yarı
Dünya hüzn mağarı.
Bir səadət otağı
Gəzməyinə dəyərmi?
Hər ürəkdə bir telə
Dəysən dərd gələr dilə.
İndi özünü belə,
Üzməyinə dəyərmi?
Məni yaşadan sənsən,
Səni yaşadan sevgi.
Hər şeyi yalan, fani
Könlüm, belə dünyanı
Sevməyinə dəyərmi?
Söylə, bir görüm söylə,
Küsməyinə dəyərmi?!