Günel Treu
Müasir görünmə istəyi və ya “saxta ateizm”...
Sizləri bilmirəm, amma mənimcün iki cür danışıq tərzi var: Biri ağlına gələni, biri isə ağzına gələni! Bəli, birinci formada danışmaq belə desək hər oğulun işi deyil. Bununçün bir az ağıl, bir az məntiq, bir ədəbi bilik, bir az da təbii ki, insanlıq lazımdır. İkinci formaya qalanda isə... Hə, bax bu çox asan işdi, sadəcə çənənin “şruplarını” boşaldırsan, qalanını boş çənən “idarə edəcək”, yəni boşalmış çənənin nə məntiqə, nə də ağıla ehtiyacı var, sadəcə danış!
Son zamanlar gördüklərimdən belə nəticəyə gəldim ki, ikinci formada danışığa cəmiyyət arasında daha çox meyl artır. Xüsusən, özünü bir az müasir, sıradan olmayan insan kimi göstərənlərin hamısı Allahı və dini söyür!
Bəlkə də elə düşünəcəysiz ki, mən dindar biriyəm və bu səbəbdən dini müdafiə edirəm. Bəlkə də bir az bəsit təsəvvür yaranar, amma mən ömrümdə iki-üç dəfə namaz qıldım, elə o sayda da oruc tutdum. Sonra isə oldum əsil “Allahsız”! Bəli, bu məndə alınmadı, bəlkə də nə zamansa bu şərəfə bir daha nail olacam.
Artıq heç namaz qılmasam da, hətta dinin adını belə tutmasam da nə Allahı söydüm, nə də dinimiz olan İslamı təhqir etdim. Anlamıram, əsirlərdən bəri bizə əmanət verilən, ruhumuzu, qəlbimizi işıqlandıran İslam dinini təhqir etmək bu qədərmi zövq verir insanlara? Bu qədərmi rahat ola bilir bəziləri?....
Düzdü, İslam dinindən danışmaq mənə düşməz, nə dindaram, nə də islamşünas. Heç vaxt dərindən bilmədiyim, səthi bələd olduğum sahəyə daş atmaram. Çünki dəqiq bilirəm ki, o atdığım daş bir gün qayıdıb, öz başımı ağrıdacaq! Amma demək olar ki, hər gün daxil olduğum məşhur saytların birində getdikcə artan və artıqca da çirkinləşən antiislam söhbətlərini gördükcə əsəblərim tab gətirmədi. Hələ bu anti “yürüşləri” edənlərin Azərbaycanda kifayət qədər məşhur sayılan yazarlar olduğunu gördükdə daha da ürək ağrısı keçirirəm.
Qardaş, səninlə razıyam: ateist ol, deist ol, nə bilim nə “ist” olursan ol! Kim sənə deyir ki get namaz qıl? Kim sənə deyir ki get Quran oxu? Kim sənə deyir ki get oruc tut? Kim sənə deyir ki, get müsəlman ol? Etmə, qardaş, bunların heç birini etmə zorunda deyilsən, sənə haqq verirəm, nəsə ürəyindən, könlündən gəlmirsə artistlik etmənin bir mənası yoxdu!
Hər kəs bildi bilmədi, dünyada baş verən antimüsəlman faciələrini, cahilliyin baş alıb getməsini, bununla əlaqədar olaraq bəzi savadsız “dindarların” at oynatmalarının günahını İslam dininin üzərinə yükləyir. Hər vəchlə İslamı alcaltmağa çalışan və bununla da zövq alan, “bəndə”, sən nə zaman İslam dini haqqında bir vərəq oxudun ki, bu dinin bu qədər gərəksiz olduğuna, insanları cahilliyə sürüklədiyinə qərar verdin?
Mən bilmirəm , bəziləri Qərbin hansı tərəfindən yapışıb özünü müasir adlandırır? İki Qərb yazıcısının, şairinin adını əzbərləmisənsə Qərbin köləsi olman vacib deyil axı! Bir də sən o “kor” gözlərindəki bəsirət pərdəsini bir balaca qaldırsan, görərsən ki, bu gün o bəyənmədiyin XXI əsrdə belə savadsız qalmış, hər gün gözləri önündə balası öldürülən, evi-eşiyi viran qalan bir çox müsəlmanların başına gətirilən bəlalar elə sənin o az qala “allahlaşdırdığın” Qərbin fivası deyilmi?
Səncə Şərqin belə savadsız qalması Qərbin xüsusi hazırlanmış siyasi istəyinə bənzəmirmi? Amma sənin o bəyənmədiyin Quranı Qərbin bir çox universitetləri surə-surə, ayə-ayə tədqiq edir, bizsə sadəcə söyməklə məşğuluq!
2009-cu ildə Almaniyanın Stuttqart şəhərində məktəblərin birində (Grundschule) yeni dərsə metodlarının öyrənilməsi üçün dinləmə dərsində idim. Bir gün mənə dedilər ki, məktəbdə dini dərs də keçirilir. Doğrusu təəccüb etdim və dərsdə iştirak etdim. Bibliya kitabının cümlə-cümlə, elmi olaraq təhlil edilməsi və uşağların bu kitaba marağı doğrusu xoşuma gəldi, hətta duyğusal bir zövq də aldım.
Düzdü ürəyimdə Azərbaycanda da belə dəsrlərin keçirilməsini arzu etsəm də... Ömür boyu bu arzuma çatmayacam, çünki bir müəllim kimi bilirəm ki, belə dərslərin düzgün əllərdən süzülüb, tətbiq olunması üçün ən azı 50 il vaxt lazımdı. Nə isə, bu istəyi də ürəyimdə belə öldürdüm.
Özümü əsl müsəlman hesab etməsəm də, nə İslamın söyülməsinə, nə Quranın təhqir olunmasına heç vaxt razı olmaram, nə də buna vicdanım yol verər.
Düzdür Avropadan örnək götürüləcək cox səbəblər var, şəxsən bir müəllim olaraq Avropa təhsil sisteminin köklü olaraq tətbiq olunmasını ürəkdən arzu edənlərin öndə gedəniyəm. Amma etiraf edək ki, biz Avropanın ən kiçik uğurlarını belə başımıza tac edərkən bəzi vacib nüanslara diqqət etməyi özümüzə rəva bilmirik. Məsələn, məni düşündürən suallardan biri də bu gün az qala əhalisinin əksəriyyəti ateist olmsına baxmayaraq niyə məhs Quranın Avropa universitetlətində tədqiq olunmasıdı. Yəni, sizlərin də dediyi kimi Qərb bilir nə edir və necə edir!
Onlarçün İslam dini təkcə namazdan, orucdan və ya ildə bir dəfə gedib Kəbə başına dolanmaqdan ibarət deyil, onlarçün İslam tətbiq olunması vacib olan elmdi! Yəni xanımlar və bəylər, söyəndə və təhqir edəndə bilin ki, o söyüşün və təhqirin bir ucu da gəlib özünüzə toxunacaq, elə toxunur da! Bir də nəzərinizə çatdırım ki, İslam dini dünyada ən geniş yayılmış monoteist dinlərdən biridir. Bu dinə etiqad edənlərin sayı iki milyarda yaxındır. Bilin ki, siz təhqir edəndə bir-iki nəfəri deyil, iki milyardı təhqir edirsiz, yerinizə olsaydım yaxşı-yaxşı düşünərdim, çünki etirazı əvəz edəcək başqa sözlər də var. Əgər düşüncənizi təkcə təhqir və jarqon sözlər üstə qurmusuzsa qələminizi indidən yerə qoyun!!!