Mən daha torpağam, daşam, ay ana

Mən daha torpağam, daşam, ay ana
28 iyun 2018
# 12:17

Məmiyev Elcan

Yaz yağışı

Yağır yaz yağışı, torpaq islanır,

Sanki unutdurur, hər dərdi, qəmi.

Qəmli ürəyimdə dərd alovlanır,

Bu dərdin yağışdır könül həmdəmi.

Yenə açıq hava, yağan bu yağış,

Qəlbimə təskinlik hopduracaqdır.

Sanki düşən damcı bu ürəyimə,

Hər arzu-istəyi dolduracaqdır.

Yağ ey yaz yağışı, yağ vətənimdə,

Qoy təravətlənsin Azərbaycanım.

Zəfər bayramına qovuşdur bizi,

Ağrıdan-acıdan sovuşsun canım.

Yağ ey yaz yağışı, doğma yerindir,

Yağ öz vətənimdə, istək sənindir,

Elcan vətən oğlu, vətən sənindir,

Sən də övladısan Azərbaycanın.

Şəhidlər

(Aprel və Afrin şəhidlərinə ithaf olunur)

Yadımdan çıxmayır sənin fəryadın,

Axirət məni çox sıxır, ay ana.

Sənin gözündən yaş yağıştək axır,

Mən daha torpağam, daşam, ay ana.

Dedim ki, ay ana, gedirəm əsgər.

Dedin ki, ey oğul, Vətən borcudur.

Dedim ki, ay ana, məni gözləmə,

Bəlkə də bir güllə qismətim oldu.

Bu Vətən çoxların sıxıb bağrına,

Məni də qoynuna aldı, ay ana.

Demə ki, bu oğlun dünyadan köçüb,

Şəhidlər ölməz heç, ölməz, ay ana.

Adımı tarixə qan ilə yazdım,

Vətənçün yaşayıb, yandım, ay ana.

Oxuyub azadlıq nəğmələrini,

Azadlıq himnini yazdım, ay ana.

Qəlbimdə vətənə sevgi yaşatdım,

Sabahlara işıq salıb, nur saçdım.

Millət üçün gələcəyə yol açdım,

Vətənçün şəhid oldum, məni qınama.

Şəhidlik mətnlik, dönməzlik yolu,

Şəhidlik zirvədir, ölməzlik yolu.

Şəhidlik əbədi azadlıq yolu,

Şəhidlər ölməz heç, ölməz, ay ana.

# 2478 dəfə oxunub

Müəllifin son yazıları

# # #