Xan Babam

Xan Babam
7 noyabr 2017
# 13:22

Daşqın Məmmədov

Xan nənə hayanda qaldın

Belə başına mən dolannam

Necə mən səni itirdim

Daha sənə tay tapılmaz.

M. Şəhriyar( Xan nənə)

Bu o dövrlər idi ki, yay yay idi qış da qış, yaz yaz idi payız da payız. Hava indikindən aydın, torpaq başqa qoxuyurdu. Çörək zavodunda bişən çörəyin ətri kilometrlərə yayılırdı, ərzaq dükanlarının (indi market adlanırlar) qarşısından keçəndə yağın iyi konfetə, halvanın iyi kolbasanın ətrinə qarışırdı. O zaman idi ki, uşaq da, böyük də, varlı da, kasıb da, fəhlə də ziyalı da kitab oxuyardı. Qışda pomidor, xiyar yeyilməzdi. Xərçəng də ancaq belə şeyləri tapıb yeyə bilən, özü də yaşlı adamları tutardı. İndiki kimi cavanlarla, uşaqlarla işi olmazdı. O dövrlər idi ki, səkkiz martda bütün qadın qohumlara, iyirmi üç fevralda bütün əmilərə, dayılara, yeni ildə isə hamısına açıqca yazılardı. Heç xoşlamazdım açığı bu işi, həmişə açıqcaları ağlaya-ağlaya yazardım. Anam da “gözünün şorasını “atkrıtka”ların (o vaxtlar açıqcaya hamı rusca “atkrıtka” deyərdi) üstünə axıtma, tez-tez yaz, hələ xalaların qalıb” deyə üstümə acıqlanardı. Yəqin mənim açıqcalarımı sevinərək oxuyan xalalarım onları hansı zülmlə yazdığımı bilsəydilər anama çox hirslənərdilər. Amma hələ ki, onlar bundan xəbərsiz, dörd yaşlı bacıoğullarının yazı yaza bilməsi ilə fəxr edərək açıqcaları oxumaqda idilər. Bütün məktublar “Əzizim filankəs, əvvəla salam!”la başlar, “bizim buralarda havalar yaxşı keçir, sizin oralarda havalar necədir?” sualı ilə davam edərdi. Böyük dayımın bir dəfə “hava haqqında məlumata ehtiyac yoxdu, radiodan dinləyirəm” yazması hamını heyrətləndirmişdi və çox xətrə dəyən olmuşdu.

Mən də sarıbəniz bir uşaqdım, dəcəl-filan deyildim. Bir az yox, əməlli qorxaq idim, adamlardan yox a, nə bilim quşlardan, heyvanlardan, qaranlıqdan, lap elə toyuqdan, pişikdən də qorxardım. Gülməyin, bir dəfə xoruza demişdim ki, “xoruz, ay xoruz, bilirsən ki, mən səndən qorxuram. Orda niyə durmusan, çəkil, mən keçim də, nə olar?” Bu söhbəti eşidən kiçik əmim də hamıya yaymışdı. Adamın yanında söhbət olar da, hələ bir adımı qoyması ilə fəxr də edir. Adamlardan isə yalnız anamdan qorxurdum, özü də necə… Bəlkə də bu qorxudan idi ki, dörd yaşımda yazıb oxuyur, kiçik hesabları apara bilirdim. Bilmirəm necə görünürdüm, amma hamı məni sevir, hamı əzizləyirdi. Adımı da Əzi çağırırdılar. Nə var - nə var, oxumağı yenicə öyrənəndə dayımın məktubundan “əzizim Daşqın”ı “əzimi daqqış” kimi oxumuşdum. Anam məni çox səliqəli geyindirərdi, “müəllim uşağı səliqəli olmalıdır, hamıya nümunə olmalıdır” deyərdi. Ayağım yer tutandan onunla məktəbə gedirdim, çiynimdə də oyuncaq avtomat. Şagirdlər hər hansı tapşırığı edə bilməyəndə utansınlar deyə, anam məni çıxardardı lövhəyə. Bacarmasaydım vay halıma.

Hər il üç ay yay tətilində atam bizi Oğuz rayonuna anamgilin kəndinə aparıb qoyub qayıdırdı. Bu yaşıl meşələr, uca dağlar arasındakı gözəl kənddə məni səbirsizliklə gözləyən, sevib əzizləyən nənəmin, babamın, dayılarımın, xalalarımın əhatəsində hər şey çox gözəl olsa da, mənim ürəyim öz kəndimizdə qalırdı, əmioğlannarımın, ən əsası isə Ağası babamın yanında. Tətil sona yaxınlaşanda atam bizi aparmağa gəlirdi, həyətə girən kimi “Əziii” deyə qışqırırdı. Bu “Əziii” mənim üçün artıq Ağası babama getmək vaxtının siqnalı idi. Mən də “Ataaa” qışqıraraq atamın üstünə cumub qucağına atılırdım. Demə bizim ənənəvi görüşməyimizi hamı maraqla gözləyirmiş. Mənim nə vecimə, əsas babamın, əmioğlannarımın yanına dönmə vaxtımın çatması idi.

...

Sən ölən gün əmmə gəldi

Məni götürdü ayrı kəndə

Mən uşaq nə anlayaydım

Başımı qatdı uşaqlar

Neçə gün mən orda qaldım

(Xan nənə)

Ağası babam orta boylu, artıq çəkisi olmayan kərpic bığlı, qıvraq bir kişi idi. Çox vaxt Rusiyada alverdə olurdu, gələndə ilk nəvələrini yaddan çıxarmaz, mütləq bahalı hədiyyələr alardı. Yaxşı pul qazanan idi, amma pul yığmaq onluq deyildi, qazandığı puldan evə lazım olan qədərini nənəmə verib qalanını dostları ilə hər gün yeyib içərdi. Babamın atası o altı aylıq körpə olanda ölübmüş və demə bir neçə nəsil imiş ki, babamın babaları uşaqları altı aya çatanda ölürmüşlər və nəsil artmırmış, sanki lənətləniblər. Böyük əmim yeddinci ayına keçəndə babam gecələri yata bilmirmiş, atası və babaları kimi gecə yatıb qalxa bilməyəcəyindən qorxurmuş. Kənddən kənarda sovxozun qarovulu işləyən babamı bir gecə yuxu aparır və yuxuda ona artıq qorxmağa ehtiyac olmadığını, onun nəslinin artacağını və çox güclü olacağını deyirlər. Babam da gecə evə qədər qaçaraq nənəmi və körpə əmimi yuxudan ayıldır. Nənəmə yuxusunu danışır, körpə əmimi çoxlu öpərək sevincindən ağlayır. Babamın yuxusu çin çıxır, altı oğlu, bir qızı olur, hamısını da böyüdür. Babamın həmişə yeyib içib, şənlənməsinə söz atanlara “bu dünyada daha mənə heç nə lazım deyil, Allah atalarıma vermədiyini mənə verdi” deyərdi.

Nəvələri ilə də bir ayrı aləm idi babam, içib gələn kimi birimizi tutub çarpayısının, (onun dəmir çarpayısı daim zal otaqda olurdu, içəri otaqlar məni sıxır, deyərdi) üstünə yıxaraq qıdıqlamağa başlayırdı, o qədər ki, nənəm əlindən almasaydı altımızı isladardıq. “Ağası, uşağın ürəyi partlayacaq” nənəm tez-tez təkrarlayardı “köpəy uşağı görürsüz piyandı, qaçın gizlənin də”. Hara gizlənirik, babamız əlimizə onsuz da az düşürdü. Analarımız bizi döyəndə də babamızla qorxudardıq. Uşaq döyülməsi ən dözmədiyi iş idi, öz uşaqlarına əlini də vurmamışdı, amma oğulları atalarına qarşı böyük sevgiylə bərabər, böyük qorxu da daşıyırdılar.

Ağası babamın heç bir vəzifəsi və mal-dövləti olmasa da rayonun bütün ağsaqqalları və cavanları hörmətini tutur, vəzifəliləri isə ondan çəkinirdi.

Nə isə, biz babamızın canlı oyuncaqları idik. Ələ keçdinsə, nənə əlindən almasa, biabır olurdun. Amma biz də deyəsən elə ələ keçmək istəyirdik. Nənəmizin “babanız içib yatıb, ayılsa əlindən alan deyiləm” hədələrinə baxmayaraq, səs salıb onu ayıldırdıq və hər şey yenidən başlayırdı.

...

Qayıdıb gələndə baxdım

Yerüvi yığışdırıblar

Nə özün, nə də yerün var

Hanı xan nənə soruşdum

Dedilər Kərbəlaya gedib

Necə ağlaram yanıqlı

Neçə gün elə çığırdım

Səsim sinəm tutuldu

(Xan nənə)

O il nədənsə məni nənəmgilə tez yola saldılar, deyəsən tələbə dayım bizə gəlmişdi, ona qoşub göndərdilər. Bir həftə sonra atam, anam və qardaşımı gətirəcəkdi. Bir həftə on gün oldu, on gün bir ay oldu, gələn yox idi. Nənəm və babam arada bir neçə günlük harasa gedib qayıtdılar, evdə hər kəs qəmli görünürdü. Mənə qarşı qayğı və diqqət də artmışdı. Tez-tez anamı soruşurdum, hər dəfə də “sabah gələcək” deyə aldadılırdım. Amma başım uşaqlarla oynamağa elə qarışırdı ki, bir də bu söhbət axşam yadıma düşürdü, onda onsuz da qorxaq olan mənə, nənəm bir dənə babat qorxulu nağıl danışırdı, mən də qorxudan elə bürünüb yatırdım ki, yorğandan bayırda bircə burnum qalırdı.

Bir gün küçədə oynayarkən uşaqların bir birinə Daşqının babası ölüb dediyini eşitdim, ağlaya-ağlaya özümü nənəmə çatdırdım:

- Nənə, uşaqlar deyir ki, mənim babam ölüb. Məni tez evimizə aparın, babamı görmək istəyirəm.

Nənəm məni sinəsinə sıxaraq:

- Qələt eləyir, köpəy uşağı, indi mən onların atalarının ağzına pox tökərəm. (Bu nənəmin ən sevimli və ən ağır söyüşü idi.)

Mən bərkdən hönkürüb, içimi çəkərək:

- Nənə, ay nənə, uşaqlar doğru deyir? Babam ölməyib ki?

Nənəm də ağlayaraq:

- Yalan deyirlər, balam. Bax bir-iki günə anan da gələcək. Sən də qayıdıb babanla oynayacaqsan.

Mən gözümün yaşını silərək;

- Nənə, bəs sən niyə ağlayırsan? - dedim

- Sən ağladın, məni də ağlatdın. Gəl səni çayın qırağına aparım gəzməyə. (çayın qırağı nənəmin məni apara biləcəyi ən uzaq və mənim də ən sevdiyim gəzinti yeri idi).

Amma mənim balaca ürəyimə şübhə və kədər toxumu düşmüşdü artıq. Həmin il mənim altı yaşım olmuşdu, sentyabrın biri birinci sinfə gedəcəkdim. Məktəbli formamı və çantamı altı ay öncədən babam Rusiyadan gətirmişdi. Amma məktəbə getmək həyəcanım yox idi. Çünki artıq üç il idi mən məktəbə gedirdim. Bir neçə gün də keçdikdən sonra anam gəldi. Məni qucaqlayıb çoxlu ağladı, mən də ağladım. Yaman qəribsəmişdim, ilk dəfə idi anamdan iki aya yaxın ayrı qalmışdım, əvvəl heç bir gün də ayrı qalmamışdım, ayrı nədi anamla bir çarpayıda yatırdım. Anam xeyli dəyişmişdi gözlərinin altı tuluqlanmış, onsuz da arıq olan bədəni daha da nazilmişdi. Elə bil əlli gündə əməlli qocalmışdı. Gəlinləri də babamı atalarından az istəmirdilər.

Anamla nənəm həyətdə masanın başında oturub söhbət edirdilər, çox yavaş danışırdılar ki, mən eşitməyim. Tez-tez də gözucu mənə baxırdılar ki, görsünlər qulaq asıram ya yox. Mən anamın ağlaya-ağlaya danışmasından nəsə hiss etmişdim, amma dəqiqləşdirə bilmirdim. Birdən anamın “rəhmətlik yaxşı insan idi, Allah rəhmət eləsin” sözünü qulağım apaydın çaldı.

O çığırtım indi də qulağımdadı:

- Bəs diyirdiz ölməyib? Bəs deyirdiz ölməyib mənim babam?! - deyə necə ağlayırdım.

Anam məni tez qucağına aldı:

- Kim deyir ki, baban ölüb, can balam. Baba sağdı. Kim dedi sənə?

- Sən indi dedin ki, Allah rəhmət eləsin. Babama apar məni, Babamı istəyirəm.

- Başqasından danışırdıq, ay bala. Sənin baban sağ-salamatdı, qorxma quzum. - deyən anamın gözündən yaş su kimi axırdı.

- Bəs niyə ağlayırsan? - nənəmə verdiyim sualı ona da verdim.

- Sən ağlatdın. - deyə yenə başımı aldatdılarsa da artıq içimdə nəsə sınmışdı. Ancaq atamın bizi burdan aparmaq üçün gələcəyi günü gözləyirdim. Anamı tez-tez gizlinə çəkilib ağlayan görürdüm, hərdən anası da anama qoşulurdu. Məni görən tək gözlərini silib yalandan gülümsəyirdilər. Bu qayınata sevgisindən çox ata sevgisi idi artıq. İllər sonra dayım mənə deyəcək ki, mən kişiləri ağı deyib, özün döyüb, üzünü torpağa sürtən yalnız Ağası dayının dəfnində gördüm: “Özü yaşda kişilər “bizi yetim qoyub getmə Ağası” deyib nalə çəkirdilər.”

Avqustun axırına on gün qalmış atam bizi aparmağa gəldi. Bu dəfə həyətə girib “Əzii” deyə qışqırmadı. Mən uzaqdan onu görüb “Ataa” deyib qışqıraraq üstünə atıldım. Amma o məni qucağına alıb göyə atmadı. Sadəcə oturub qucaqladı və gözlərindən yaş axdı. Uzun müddət beləcə saxladı. Məni sıxıb saxlayırdı ki, gözündəki yaş qurusun, ağlamağını oğlu görməsin. Amma mən hiss edirdim. Hətta ürəyinin döyüntüsündən hiss edirdim. Atamın ən sevimli işi mənim ürəyimin döyüntüsünə qulaq asmaq idi, bunu dəqiqələrcə edirdi. Əvəzində mən də onun ürəyini dinləyirdim. İndi bu döyüntü o, döyüntü deyildi.

Atam hər gəlişində bir neçə gün qalıb dağ havasında dincəlirdi, qayınları, bacanaqları ilə bulaq başında məclislərdə iştirak edirdi. Bu dəfə isə gəldiyi günün səhəri Dəvəçiyə qayıtdıq...

...

Xan nənə can nolaydı

Səni bir də mən tapaydım

O ayaqlar üstə bir də

Döşənib mən ağlayaydım

(Xan nənə)

Evə gələn kimi babamın otağına cumdum. Çarpayı yox idi “Hanı mənim xan babam”... Necə qışqırmağa başladım, necə ağlayırdım. Hamı mənə qoşuldu. Babamın öldüyündən iki aydan çox keçmişdi. Amma mənim üçün bu gün ölmüşdü. Çarpayısını görməyəndə. Demək o çarpayıda bir də yatmayacaq, bizi yıxıb qıdıqlamayacaq, deməyəcək ağzınızı açsaz tüpürəcəm. Demək bir də yuxudan duranda, hər dəfəki kimi, qaçıb çarpayısına baxmayacağıq ki, görək Rusyətdən gəlib ya yox. Kaş qıdıqlayardı şalvarımızı isladardıq, kaş ağzımızı açardıq tüpürərdi. Amma çarpayı yerində olardı. Məni güclə ovundurdular. Yenə yalanlar başladı ki, “Rusyətə gedib, tez gələcək. Gələndə mənə hədiyyələr alacaq”.

Gəlmədi. Bilirdim gəlməyəcək, özüm-özümü aldadırdım. İllərlə gözlədim. İllərlə gecələr ağlayırdım, yastığım hər gecə su olurdu. Anam bilirdi niyə ağlayıram. Gah danlayırdı, gah mənə qoşulub ağlayırdı. Bəzi gecələrdə nənəmin də otağında dil deyib ağlaması aydın eşidilirdi. Biz də öz otağımızda ona qoşulurduq. Amma mən yenə gözləyirdim. Bir gözəl gündə gələcəyinə inanırdım. O, bizi belə qoyub gedə bilməzdi. Aldığı ayaqqabıları geyinmədən illərlə saxladım, oyuncaq araba ilə oynamadım, müqəddəs əşya kimi yaxınlaradək qorudum. Babamı gözləyə-gözləyə böyüdüm mən. Əziz adamı itirmək uşaq üçün çox böyük ağrıdır, bütün sümüklərin sındırılması kimi, düz deyilib. Bəlkə ondan da pisdir.

...

Babamın üstündən avtobus keçmişdi, qəzadan sonra özü arzuladığı kimi bütün qohumları, dostları ilə vidalaşmaq üçün Allah ona dörd gün möhlət vermişdi, bu özü möcüzə idi. Amma mənlə vidalaşmadı, həmişə gözləyim deyə.

...

Uşaqlarını internatlara yerləşdirən, yaxud ayrıldıqdan sonra valideynlərindən digərinin övladını görməsinə imkan verməyən atalar və analar uşaqlarının çəkdiyi acının böyüklüyünü dərk etsin, öz eqoizmlərinə övladlarını qurban etməsinlər deyə qələmə aldım.

# 3745 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #