Bakirəliyə ironik yanaşanlara

Bakirəliyə ironik yanaşanlara
21 dekabr 2012
# 13:00

Bu yazını yazmağıma səbəb "Kultura.Az" saytında Azərbayacan qızlarının bakirəliklərinə xüsusi önəm vermələrindən bəhs edən son yazı oldu. Bəri başdan deyim ki, bu, heç də isterik münasibət filan deyil. Sadəcə allternativ fikirdir. Ümumiyyətlə, bakirəliklə bağlı bəzi kişi yazarlarımız, ictimai sektorda aktiv olan gənc oğlanlarımız həm yazılarında, həm də sosial şəbəkə səhifələrindəki statuslarında tez-tez müxtəlif fikirlər səsləndirirlər. Və bütün bu fikirlərin əksəriyyətində Azərbaycan qızılarının bakirəliklərinə həddən ziyadə qiymət verməsinə ironik münasibət sezilir.

Guya bu kişilər Avropa meyarları ilə düşünürlər, istənilən yeniliyə açıqdırlar və s. Hətta vəziyyət o yerə gəlib çatıb və həmin bu kişilər siz demə, o qədər qabağa gediblər ki, əgər qarşılarına bəlli bir yaşın üzərində bakirə qız çıxsa, onlar ona toxunmayıb "yox, gör, sən necə qızsan ki, sənə indiyə kimi heç bir kişi yaxın getməyib" deyəcəklər. Yəni, guya bəzi Azərbaycan kişiləri inkişafda bu səviyyəyə qədər irəli gediblər. Bu tip yazıları oxuyanda, mənə elə gəlir ki, bəzi kişilərimiz bu yazdıqlarına oxucu ilə yanaşı, özlərini də inandırmaq istəyirlər.

Yəni yazını yaza-yaza öz-özlərinə deyirlər "hə də, düz yazıram, əslində belə olmalıdı, filan xarici dostum necə demişdi, onlarda elədir, gərək, biz də belə düşünək". Yəni adamlar inanmaq istədikləri şeylərdən, olmaq istədikləri kişilərdən yazırlar. Azərbaycan reallığı isə, təmamilə başqadır. Əgər qızlarımızın bakirəliyi 3-4 müasir düşüncəli kişiləri narahat edirsə, bu, hələ bütöv Azərbaycan demək deyil. Bəli, siz haqlısınız, Azərbaycan qızı bakirəliyinə tapınır. Azərbayacan qızı üçün ən dəyərli məhfum onun bakirəliyidir. Amma siz kişilər buna ironik yanaşmaq əvəzinə, əslində onları buna vadar edən səbəblərə baxmalısınız. Əgər bu gün qızlarımız bakirəliklərinə özlərinin ən dəyərli varlıqları kimi baxırlarsa, bunu itirməyi dünyanın sonu kimi qəbul edirlərsə, bunun günahı heç də onlarda deyil. Bunun günahı məhz, elə siz kişilərdə, sizin ata-babalarınızdadır. Hansı tərəfdən baxsaq, bunun günahı siz kişilərdədir. Məgər, sabah bakirəliyini itirməkdən qorxmamağa səslədiyiniz o qızlar bakirəliyini itirəndə, bunu bilib, onların başını kəsən, onları evdən qovan, üzərilərinə "fahişə" damğası vuran ata, qardaş, əmi, dayı da Azərbaycan kişisi- sizin həmcinsiniz olmayacaq?

Siz Avropa dəyərlərini rəhbər tutub, azad seksdən, seksual inqilabdan uzun-uzun yazılar yaza bilərsiniz, amma bunu real həyatınızda tətbiq etmirsinizsə, bu, saxtakarlıqdan başqa bir şey deyil. Azərbaycanda öz nişanlısı ilə intim münasibətdə olub, sonra ona "Sən yaxşı qız olsaydın, bakirəliyini toyumuz omayınca mənə belə, verməzdin" deyib, o qızdan ayrılan da sizin gerizəkalı həmcinslərinizdir bəylər! Bu üzdən də ironiya obyektinizi seçərkən, bir az diqqətli olun. Doğrudur, Avropada insanlar azad seks həyatı yaşayırlar. Amma sonunda bundan əziyyət çəkən qadın olmur. Avropada qızlar bakirəliyini önəmsəmir. Çünki orada cəmiyyət bunu önəmsəmir. Ailələr önəmsəmir, ən başlıcası KİŞİLƏR önəmsəmir. Orada qız sevdiyi adamla intim münasibətdə ola və sabah hər hansı bir səbəbdən həmin sevgilisindən ayrılıb, bir müddət keçəndən sonra başqa bir sevgili ilə tanış ola və onunla da eyni şeyləri yaşaya bilir.

Və əgər bir müddətdən sonra, o qız özünü evliliyə hazır hiss edirsə, keçmişində baş verənlərdən zərrə qədər də narahatlıq yaşamadan, həyatındakı real sevgilisi ilə evlənə də bilir. Çünki o qızın ətrafındakı bütün kişilər -atası, qardaşı, əmisi, dayısı, əmisioğlu, xalasıoğlu, keçmiş sevgilisi,indiki sevgilisi, indiki sevgilisinin atası, qardaşı, dostları, bir sözlə, bütün cəmiyyət buna normal baxır. Bizdə nə baş verir? Hə, bizdə əsas problemlərdən biri də burada yaranır. Bakirəliyini itirən qız, kişilərimizi sevgili kimi qane edir. Gəzsinlər, tozsunlar, müxtəlif partilərə filan aparsınlar, sosial şəbəkələrdə o qızı sevdiklərini bar-bar bağırsınlar. Ya dostlarının, ya da öz evlərində intim həyatlarını da yaşasınlar.

Amma...

Amma birdən bu qız, bir gün "çaşıb" sevdiyi oğlana "mən artıq ailə istəyirəm, uşağımız olmasını istəyirəm" desə, onda o "müasir düşüncəli" kişilərimizin bir çoxunun əsl siması açılır. Ya onlar o qıza " ərə getmək stəyirsənsə, deməli, Tükəzbansan" deyirlər, ya da ki, "bilirsən, sənin keçmişin barədə mənim dostlarım biliblər və onlar bunu mənim anama deyiblər. Anam da deyir ki, əgər sən o qızla evlənsən, özümü öldürərəm" deyirlər. Bunların hamısı Azərbaycan reallığında yaşanmış şeylərdir.

Bu ölkənin azadfikirli kişiləri var ki, məhz evlilik anında analarının narazılığını deyib, sevgililərindən ayrılıblar. Azərbaycanda bakirəliyi itmiş qız nəinki ərə getmək üçün, ümumiyyətlə, sakit həyat yaşaya bilmək üçün ən az yuxarıda avropalı qız üçün sadaladığım qədər kişiyə özünün fahişə(dırnaqsız) olmadığını sübut etmək məcburiyyətində qalır. Azərbaycan qızının bakirəliyə tapınmasının səbəbləri çoxdur, lap çox və onu bir yazıda ifadə etmək mümkün deyil. Amma bir şey aydındır ki, bütün bu səbəblərin hamısının kökü Azərbaycan kişisinə bağlıdır. Yəni günahkar birbaşa Azərbaycan kişisidir.

Siz Azərbaycan reallığında sevdiyi qadının eks-sevgilisi (və ya sevgililəri ilə) ilə intim münasibətdə olduğunu bilib də, bunu həm özünə, həm dostlarına, həm cəmiyyətə, həm də ailəsinə, həzm etdirə bilən, onu hər kəsə qürürla sevdiyi qadın kimi təqdim etməyi bacaran neçə kişi saya bilərsiniz? Çox az olarsınız bəylər! Bunu bacara bilən 5-6 kişi varsa, bu, hələ hər şey demək deyil. Reallıq budur ki, siz öz təfəkkürünüzdə bunu həzm etməmiş, qızlarımızın bakirəliyə tapınmasına ironik yanaşırsız. Amma unudursunuz ki, buna hazır cəmiyyət olmadıqdan sonra, bu tip yanaşmaya sizin mənəvi haqqınız yoxdur. Əgər bu problem sizi belə narahat edirsə, onda, bir zəhmət o qızlar üçün bakirəliklərini itirdikdən və azad seks həyatı yaşadıqdan sonra, onların rahatlıqlarını, sakit, normal həyat yaşamlarını və hətta istədiklərində ailə də qura biləcəklərini (və gələcək ərlərinin keçmişlərini onların başına vurmayacaqları) təmin edəcək bir cəmiyyət formalaşdırın. Əgər bizim qızların da Avropa dəyərlərinə önəm verib, bakirəlikdən imtina etmələrini istəyirsinizsə, onda bir zəhmət, yazılarınızı buna hazır toplum, kişilər, ailələr hazırlamağa hesablayın. Çünki əks halda, verdiyiniz mesajlarla bakirələri "fahişələrə" və qurbanlara çevirməkdən başqa bir şey əldə etmirsiniz.

# 12422 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #