Dost itkisi...

Dost itkisi...
8 dekabr 2014
# 14:14

“Məndən qabaqda getmə, mən sənin arxanca gedə bilmərəm. Məndən arxada gəlmə, mən səndən qabaqda gedə bilmərəm. Mənimlə yanaşı addımla və mənim dostum ol!” (Albert Ceyms)

Dostluq haqqında çox fikirlər deyilib və xeyli sayda məqalələr yazılıb. Həmin yazıların sırasına mən də istəmədən və gözləmədən birini əlavə edəcəm. Bəlkə də məzmunca oxşarlıq olacaq çünki ağrı, nisgil var axı. Ancaq 6 illik həsrət və küskünlüklə dostla vidalaşmaq, məncə, bu daha insanı göynədən bir yaradır. Həyatda nə varsa heç biri bizim olmur. İnsandan tutmuş cansız əşyalaradək. Amma bəzən bunu qəbul edə bilmirik və bu ağrı-acı bizi göynədir, sağalmaz yaraya çevrilir içimizdə. Həyat necə də qəribədir. Bu sətirləri sənin üçün yazacağıma heç vaxt inanmazdım. Artıq yoxsan. Sənin həyatdan köçdüyünü eşidəndə bir anlıq kinolent kimi orta məktəb illərində keçirdiyimiz o illəri xatırladım. Mən həmişə sənə balaca şirinquşum deyə müraciət edərdim. Çünki o qədər şirin və sevgi dolu idin ki.

Biz onunla eyni ayda eyni palatada dünyaya göz açmışdıq. Aramızda dördcə gün fərq var idi. Eyni palata doğmalığı bizi eyni sinifdə birləşdirdi və bu sinif isə bizi eyni parta arxasında daha da istəkli etdi. Beləliklə, bizim dostluğumuz gündən-günə böyüdü və doğmalaşdı. Biz o illərdə o qədər doğmalaşdıq ki, hətta, nə olsa ikimizə də eyni anda olurdu. Eyni gündə sevinər, eyni gündə də xəstələnərdik. Ancaq bu dəfə o bunları tək yaşadı...

Ona həmişə “balaca şirinquşum” deyəndə cırnayardı “eee mən uşaq deyləm, yaxşı”. Dərs zamanı bezərdik və dəftərdə “XY” oyunu oynayardıq. Payız vaxtı isə yarpaqlardan özümüzçün tac düzəldər və bir-birimizə hədiyyə edərdik. Hər tənəffüs isə məktəbin həyətində gəzərdik və dərsə isə tam müəllimlə bərabər girərdik. Bir sözlə, bir-birimizin dəlisi idik biz.

Lakin bizim də yollarımız ayrıldı.Mən tələbə ikən o da Bakıda idi, tibb texnikumunda oxuyurdu və biz telefonla danışırdıq. Sonra onun ailəsi rayonumuza qayıtdı və o rayonda yaşamağa başladı. Ondan sonra bir-birimizi axtarmadıq. Düzü ondan çox incimişdim. Bağışlaya bilmirdim ki, necə məni unuda bilər axı? 3-cü kursda oxuyurdum telefonuma ondan 2 dəfə zəng gəldi və mən açmadım. Sonra nömrəmi bacıma vermişdim, həmin nömrə onda olanda o yenə də zəng edibmiş. Bacım deyəndə, ona da əsəblə dedim ki, açma. O dəfələrlə həmin nömrəni yığıbmış.

Hardan biləydim ki, sən əməliyyata girəcəksənmiş. Sən demə bu balaca qızcığazın başında şiş varmış və onu əməliyyat ediblər. Bundan sonra o qüsurlu olaraq yaşama davam edir. Təbii əgər buna yaşamaq deyilərsə. Nəfəsi və yeməyi şlank ilə alırmış. 2 il necə əziyyətlər çəkibmiş və nəticədə isə. Bu il avqustun 15-də onun ad günü idi və mən onunçün çox darıxırdım. Ona doğum günü mesajı yazdım: “Salam. Səhv etmirəmsə bu gün sənin doğum günündü. Eyni palatanı, eyni sinifi, eyni partanı, eyni həyatı, ancaq ayrı ürəyi paylaşdığım əziz insan doğum günün mübarək. Sən məni unutsan da, axtarmasan da, mən həmişə səni xatırlayıram! Şablon arzu və istək yazmayacam. Sadəcə tək istəyim həyatda sənin üçün nə xeyirlidisə Rəbbim onu sənin üçün etsin təki. Özünə yaxşı bax...”

Bundan sonra onun nömrəsini tapmağa çalışdım, amma vermədilər və bu zaman da gördüm ki, mesaj oxunub. Daha da incidim və qəlbim qırıldı. Düşündüm ki, yəqin məni unudub və görmək istəmir. Amma sən demə zavallı balaca quzum 2 ildi hər şeydən ayrı düşübmüş və çox əziyyət çəkirmiş. Və mən bunu bilməmişəm. İndi birlikdə olan xatirələrimizin məlal və qürur doğuran anları ilə yaşayıram. Qəlbimdəki ümid fidanları solmaz heç vaxt. Mənim əməlim, arzum, nadinc bir uşaq kimi daim çırpınan qəlbim bu ümidimin körpə yanaqlarına işıq verəcək. Sənin telefonlarını açmadığım və səni axtarmadığım üçün çox peşmanam. Buna görə, heç vaxt özümü bağışlaya bilməyəcəm yəqin ki. Bu elə pis bir hisdir ki. İnsan hər gün, hər an ölür. Göz yaşları səndən əl çəkmir. Ürəyin sızlayır və sən çox çarəsiz qalırsan. Əlindən heç nə gəlmir.

Dost dəniz qırağındakı daşlara bənzəyir, öncə bir-bir toplayırsan sonra tək-tək dənizə atırsan, amma bəziləri var atmağa qıymırsan və sən bax qıymadıqlarımdansan. Yollarıma qar yağıb, ətrafımı hüzn buludları alıb və sənə çox ehtiyacım var.

Həzrəti Məhəmməd Peyğəmbərin (ə.s.) bir kəlamını xatırlayıram: “Bu iş bir haqq əmri olmasaydı, vədə tamam olmasaydı, sonra gələnlər əvvəl gələnlərə qarışmağa məhkum olmasaydı, sənin ölümünə daha çox yanardıq”.

Hər dostluğun göylərdə bir mələyi var. Yer üzündə pozulmuş hər dostluq üçün, göy üzündə bir mələk ağlar. Sənə söz verirəm ki, bizim mələyimiz heç vaxt ağlamayacaq. Və sən hər zaman mənim qəlbimdə olacaqsan, məni tərk edib getsən belə.

Yoxluğuna inanmaq çox çətindi. Bu soyuqda sən üşüyərsən axı... Soyuq torpaq canını acıdar axı… Düşündükcə gözlərimdən yaş özlüyündən düşür və üzümü yuyur. Amma qəlbim qan ağlayır və o qan qəlbimdə sağalmayan bir dəlik açır, yaraya çevrilir. O yara ki, insanı ağrıdır və göynədir. Bilmirəm nə qədər yaşayacam 30, 40, 50, 60 və s. Ancaq o yaşlarda olsam belə sən mənim məktəb illərimin o şirin, balaca şirinquşu olaraq qalacaqsan. Səni hər zaman sevgi dolu günlərimizlə anacam. Allah sənə rəhmət eləsin, AFƏRim...

Dost həsrəti nə ağırmış,

Dostun dağı yaman dağmış.

Düşünməzdim könlüm səni,

Bu həsrətlə anacaqmış!

# 3492 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #