Bayram Mustafazadə
Arzularımla nişanlandım,
Amma başqasına ərə getdi...
***
Soyuqdəymə kimisən,
Canımdan çıxmırsan...
***
Hər gecə kədərə bürünüb yatıram,
Başqa heç kimim yoxmuş kimi...
***
Səni rəqəmlərdə
axtaracaq qədər sevirəm...
***
Səndən başqa heç haram ağrımır.
***
Şeirə çevrilməyən misralar kimisən...
***
Yaz gecəsi...
Hava buludlu və kədərsiz.
Elektrik naqilinin üstündə
gözləyən göyərçində
Bir qadın kimi düşərsiz yadıma...
***
Çox mənzilli evlərdə tək mənzilli insanlar...
***
Böyük maşınlarda kiçik insanlar...
***
Başqalarının yaşlarında qocalırıq...
***
Bu gün bir hissimdə sənin uğrunda
şəhid oldu.
Məkanı cənnət olsun...
***
Dağınıq fikirlərimin bir qadın
səliqəsinə ehtiyacı var, Bakı...
***
Gecələr səni görmək üçün
yumular gözlərim,
Səhərlər səni görmək üçün açılar...