Anaram, sevgidə mətin dayandım

Anaram, sevgidə mətin dayandım
16 iyun 2016
# 10:55

Anar Məcidzadə

Mərdi qovub namərd etmə, a dünya

Mərdi qovub namərd etmə, a dünya,

Bir gün mərdə ehtiyacın olacaq.

Namərd səndən üz çevirib gedəndə,

Bil ki, sənə elə mərdlər qalacaq.

Şirin dilə sən aldanma nə badə,

Hər can deyən canı yanmaz, a dünya.

Kişi olsun gərək arxa-dayağın,

Gəda heç vaxt haqqı qanmaz, a dünya.

Çörəyi ver çörəkçiyə-halaldı,

Çörək qədri bilməzin nə faydası?

Qədirbilməz yaxşılığı danandı-

Bu dünyanın yazılmamış qaydası.

Qoy igid, ərənlər meydan sulasın,

Yamanları qoyma hökmdar olsun.

Anar söylər, arzum budur, a dünya

Mərd insanlar bu dünyada var olsun.

***

Bir şirin nəğmə kimi

Bir şirin nəğmə kimi,

Ürəyindən ötəydim.

Tellərindən qoxlayıb,

Əllərindən öpəydim.

Səhərlər günəş kimi,

Gözlərində doğaydım.

Gecələr yağış kimi,

Yollarına yağaydım.

Neynəyim, ömür keçir,

Uzun bir yollar kimi.

Sən yadıma düşürsən,

Şirin xəyallar kimi.

Şirin sevgi yaşanan,

Ötən günlər, o aylar.

Hər bir zaman, hər bir an,

Gülüm səni haraylar.

***

Ömrüm-günüm

Mən səni sevirəm, ay ömrüm-günüm,

Həminki məhəbbət, həminki ürək...

Nəğmələr qoşuram, şeir yazıram,

Səni bu dünyada gülüm, sevərək.

Ulduz da sənmisən, ay da sənmisən?

Sən bir mələk kimi göydən enmisən.

Nə yaxşı ömrümə gülüm, gəlmisən,

Rəng qatdın dünyama sən ki gələrək.

Sevirəm sözünü ucuz tutmadıq,

Qayğılı günləri biz unutmadıq.

Vüsala doğmayıq, hicrana yadıq,

Can verdik bu eşqə-canım deyərək.

Anaram, sevgidə mətin dayandım,

Özümü hamıdan bəxtiyar sandım.

Mən səni hər zaman aradım, andım,

Mən bir bağban oldum, sənsə bir çiçək.

# 1281 dəfə oxunub

Müəllifin son yazıları

# # #