Kulis gənc şair Nikbin Qasımlının yeni şeirlərini təqdim edir.
Pro-Love nəğmələri...
sən mənim üçün birinci deyilsən;
həyatımda birinci də deyilsən;
sən mənim üçün bir incisən...
***
o qədər qarşıma qadın çıxıb ki;
o qədər qadın gözümü yaşlı qoyub ki;
***
nə qədər qadın yuxularımın kabusu olub;
nə qədər qadın xəyallarımın lənəti olub;
“qədərləri” hesablasan, - görərsən ki, səndən başqa heç biri də qadınım olmayıb...
Xanım N. üçün...
Həqiqətən səni sevdiyimi, hətta səni nə qədər sevdiyimi bilmək istəyirsənsə, onda Allahı tap, Ondan soruş.
***
mən elə insanam ki;
sənə deyəcəyim sevgi sözlərimi
dəftərçəmə qeyd edib,
cibimdə saxlayıram...
hələ bu, azmış kimi
sənin qıvrım saçlarını
havaya qısqanıram...
elə;
sən deyən kimi
deyəsən
səni havayı qısqanıram...
***
ömürlük
səni sevmək
sənə sadiq olmaq
sonda
sənin üçün ölmək
sənsizlikdən bezmiş – mənim üçün çox asandır...
məndən başqa səni başqasının sevməyi - bax, bu, mənim üçün əzabdan da əzabdır...
başqası kimdir, axı - səni məndən çox sevə...
səni xəyalında əzizləyə...
axı, o – səni sevən mən deyil...
axı, heç ola da bilməz...
mən ki səni - özümdən də qısqanmışam...
hətta
məndən başqa özüm səni sevməsin deyə, - özümə yalvarmışam...
***
indi evin bir küncündə təkcə-tənha qalmışam
biri-birinə ögeyləşən əllərimlə,
biri-birinə yadlaşan ayaqlarımla
ürəyimə hökm edən beynimlə
məni tərk etdiyin gün vidalaşmışam...
***
yenə sənin yanında heç olmazsa “heç” idim
indi “heç” belə deyiləm...
yenə dünən axşam – axırıncı dəfə sənin uğrunda özümlə dalaşmışam
elə o vaxtdan özümdən uzaqlaşmışam...
***
sənin bircə kəlmənə
saçlarını qapamış yaylığına həsrətəm...
hələ bu, azmış kimi
min-bir düyün kimi
toxunmuş örpək kimi
bədəninə hörülmüş nakam nəzərim kimi
həsrətinə həsrətəm...
***
inan
bugünədək
nə yaşamağı bacarmışam
nə də ki ölə bilmişəm
inan
doğulmağı belə
mən – özüm seçməmişəm...
inan
sənsiz var olmağı belə
mən – özüm seçməmişəm...
***
odur ki;
say rəqəmləri sona çatana qədər
qorxma
bir gün rastlaşarıq, fələkdən xəbərsiz...
yenə - sən məni tərk edərsən
yenə - mən də həmişəki kimi tək qalaram sənsiz...