Günahsız günah kimiyəm…

Günahsız günah kimiyəm…
10 oktyabr 2019
# 12:47

Kulis.az Təranə Arifqızının “Rəngli sözlərin sevdası...” yazısını təqdim edir.

Fərqli bir fikir söyləmək üçün, gərək sözü yaradan rəngləri, dünyanı, insanları sevəsən. Sözün sevdalısına çevriləsən.....

Bəzən söz yazıb, sözü misraya çevirib, misraları qafiyələndirib, ruhumuzun ağrısını, acısını, bənd-bənd ağ kağıza köçürürük.

Nolar, dindirməyin məni,
Günahsız günah kimiyəm…
Qəm yeyib, qəm sindirirəm.
Hər dərdə mübah kimiyəm..

Öldüm bir həsrət goruna,
Düşdüm bir qəmin qoruna,
Mən nə söyləyim yarına…?
Yalançı “ vallah” kimiyəm..

Bağımıza bir od düşdü,
Ağ kağıza bir ad düşdü,
Ömür ömrə bişad düşdü,
Lal olmuş sabah kimiyəm …

Ürəyimdə tutdum dilək,
Əzrayılım qurdu kələk,
Şah damardan vurdu fələk,
Çəkilmiş bir ah kimiyəm…

Deməyə çoxuydu sözüm,
Kor oldu qismətin gözü..!
Yanıbdı ruhumun özü,
Demə, Tək, Allah kimiyəm…

Bəzən də dünyanı, insanları, çox zaman özümüzü qafiyəsiz yazırıq, hecalara sığmırıq, azadlığı udum-udum sözlərin sinəsinə çəkirik.

Gecə susub… Köks ötürür kirimişcə,
Qaranlığın ağ addımı gözlərimə işıq salıb.
Həsrət-olüm qolboyundu bəxtimizə.....
Ürəyimdən gözlərimə qan verirəm.
Bır ümidə qucaq açıb xəyal gəmim,
Səssizliyin qucağında can verirəm.
Sinəmdə bir ürək var,
param-parça…
Amma yenə döyünür o…
Dodaqları yanıq-yanıq,
Içdiyi su susuzluğa vermir qanıq….
Gecə keçib, yatan yatıb, itən itib, gedən gedib.
Bircə fikir suları lal…
O sularda sən oyanıq, mən oyanıq…
sualıma cavab versən -
Gedirsənmi??
Gəl, danışaq, yola verək bu dunyanı,
ey ürəyim, bütöv olaq, mənimlə qal…!

Bir də görürsən, nənələrimizin zaman yaddaşına öz yaddaşımızda olanları əlavə edirik, folklor zənginliyi yaradırıq...

Əzizim qəm daşıdı,
Qəm dağı, qəm daşıdı,
Ürəyim ürəyinin
Sirdaşı, qəmdaşıdı.

Bütün bunlar bir ruhun varlığından süzülüb, bir ürəyin rəngli çalarlarına çevrilir. Hətta bu an qələmə aldıqlarım da o rəng çalarlarından biridir. Kim hansı rəngi sevirsə, o rəngdə oxusun, o rəngdə düşünsün deyirəm.

Rənglərə bölünmək məni yormur. Dünyanı nə ağ, nə də qara görürəm. Gözlərdə olduğu kimi, sozlərin də rəngi var. Təki onlardan gözəl, düşündürücü bir tablo yarada biləsən.

Günlərimiz də rəng doludu. Hətta hər saatın, hər dəqiqənin, hər anın öz rəngi var. Bəzən səsli, bəzən səssiz rənglər... Həyatı insana sevdirən, insanı həyatdan küsdürən rənglər... Zaman axdıqca, həyat bizə rənglərin axarına düşməyi, gah sevinib, gah ağlamağı hədiyyə edir...

Əzizim dərddən ötə,
Dərd var ki, dərddən ötə,
Dünyanın işi budur,
Sevinclə dərd tən ötə...

Bu dəfə yenə rənglərə toxundum. Sözün sözsüzlüyündə, səsin səssizliyində, rəngin rəngsizliyində donub qaldım. Həyatda ən güclü nədir? Kimdir? Sualların cavabsızlığında itdim-acizləsdim, amma, yenə misraların arasında tapdım özümü, Öz Rəngimi...

Nə nəğmə oxudum, nə şeir yazdım,
Nə də ki, könlümü aldım bu axşam,
Kirpikdə həsrətim keçmişə sızdım,
Bulud tək göylərə doldum, bu axşam.

Yağdım yağış kimi, keçdim çən kimi,
Saçımın qarasın biçdim dən kimi,
Gəlib lal yerişlə sən ötən kimi,
İzinin tozunda qaldım bu axşam.

Daşı, daş yerindən oynatdı həsrət,
Qaşı, qaş yerindən oynatdı həsrət,
Gözumə yuxu tək daş atdı həsrət,
Ruhunu yollardan aldım, bu axşam...

Nə ruhum dincələcək, nə cismim usanacaq... Bu sevda heç zaman bitməyəcək, bilirəm...Nə ağrilar, əzablar, nə itkilərin bizi yandıran varlığı, nə də ki, varlığımızın yoxluğu bitirə bilməz bu sevdanı...

Rəngli sözlərin sevdası içimə elə hopub... Elə hopub...

# 5789 dəfə oxunub

Müəllifin son yazıları

# # #