Orxan və ermənilər

Orxan və ermənilər
26 sentyabr 2014
# 11:43

Kulis+ gənc yazar Kamal Azərin Xocalı faciəsinə həsr etdiyi “Onun nağıl dünyası” hekayəsini təqdim edir

26 fevral 1992 ci il… Soyuğun insanın iliyinə işlədiyi havada 10 yaşlı bir uşaq ağlaya-ağlaya atasını axtarırdı. Həyatı yalnız qulaq asdığı nağıllarda başa düşən bu uşaq yaxşını-pisi, xeyri-şəri, bildiyi bütün müsbət və mənfi obrazları xəyalında canlandırdığı nağıl qəhrəmanlarına bənzədərdi. Ətrafdakı bütün insanların xeyirxah olduğunu sanan uşaq, şərin yalnız nağıldakı küpəgirən qarılar və ya hər dəfəsində nağıldakı qəhrəman tərəfindən öldürülən divlər olduğunu düşünürdü. Onun qurduğu bütün bu xülyaların bir gün yalan olacağı ağlına belə gəlməzdi.

Anası onu paltar şkafında gizlədəndə Orxan həmin gün qapının arasından anasının necə vəhşiliklə qətlə yetirildiyinin şahidi oldu. Daha doğrusu insansızlığın, acımasılığın, heyvani instiklərin ermənilərdə necə formalaşdığını, həyatın yalnız xeyirxah insanlardan ibarət olmadığını dərk etməyə başlayırdı.

Orxan göz yaşlarını saxlaya bilmədiyi halda səsini boğmağa çalışırdı. Nəhayət 2 erməni əsgəri getdikdən sonra hönkür-hönkür ağlayaraq anasının cəsədini qucaqlayan Orxan şoka düşmüş halda evdən çıxdı. Hər tərəfdə insanların cəsədi, al-qana boyanmış bəyaz qar, yandırılmış evlər, öldürülmüş körpə uşaqlar, yerdə imdad diləyən insanlar görünürdü.

Orxanın timsalında heç bir uşaq insanların bu qədər qəddar ola biləcəyini ağlına gəlməzdi.

Orxan həmişə özünü simurq quşuna bənzədərdi. Bu quş əfsanəvi quş olsa da, nağıllarda böyük rola malikdir. Bir gün Orxan babasından soruşdu:

- Niyə bizim də çox pulumuz yoxdu? Niyə dostlarımın atasında maşın var, amma mənim atamda yoxdu?

Babası onun başını tumarlayaraq cavab vermişdi:

- İnsanlar arasında pula görə ayrı-seçkilik olmur. İnsanı onun insanlığına görə tanıyarlar. Bu gün bir insanın pulu varsa, o demək deyil ki, onun hər şeyi var. İki cür insan var: yaxşı və pis...

Orxan babasından səhv tapmış kimi yerindən səsləndi:

- Yox, baba, pis insan yoxdur. Anam deyir ki, insanlar hamısı yaxşıdır.

Babası gülümsədi.

Orxan cəsədlərin arası ilə yeriyərək atasını axtarırdı. O, öz-özünə “Baba düz deyirdi. İnsanlar yaxşı və pis olur. Anam məni aldadıb. Pis insanlar da var!”

O, atasını axtarır, hər keçən saniyə daha da ucadan hönkürürdü. O, öz nağıl dünyasının alt-üst olduğunu başa düşürdü. Orxanın uşaq olmasına baxmayaraq bu yaşda insanların acımasızlığını görmüşdü. Bu isə bir uşaq üçün böyük zərbə idi...

Orxan bir az daha irəlilədikdən sonra qana boyanmış qarın üzərində atasının cəsədini gördü və özünü onun üstünə atdı.

- Onlar atamı da, anamı da məndən aldı. Onlar vəhşidir! Onlar insan deyil!

Orxan uzaqdan iki erməni əsgərinin gəldiyini görüb onların üstünə qaçdı. Uşaq olmasına baxmayaraq, onları yumruqlamağa başladı. Ermənilər isə bir birinin üzünə baxıb qəhqəhə ilə gülərək Orxanı təpiklə itələdilər. Həyatı alt üst olmuş Orxan onlara nifrətlə baxırdı və ermənilər bacardığı tək işi yerinə yetirdilər: silahı Orxana tuşlayıb, azyaşlı uşağı güllələməklə onun nağıl dünyasına son qoydular. Orxan son anda, “gün gələr qisasımızı alan tapılar” deyib gözlərini yumdu...

# 1931 dəfə oxunub

Müəllifin son yazıları

# # #