Vahid Aslan
Göyçə
Nə zamandı qəribsəyən,
O dağlar, bizimdi, ana!
Əl çatmayan, ün yetməyən
Uzaqlar, bizimdi, ana!
Özü öz bağrını dələn,
Taxtından enən, devrilən,
Dar ağacına çevrilən,
Bayraqlar, bizimdi, ana!
Düşmən qabağında sinən,
Vuruşmaq həvəsi sönən,
Tətikdə heykələ dönən,
Barmaqlar, bizimdi, ana!
Ötür aylar, ötür illər,
Yadlaşır atılan ellər,
Bunca susqunlaşan dillər,
Dodaqlar, bizimdi, ana!
Ocağında köz sozalan,
Cığırında iz qocalan,
Qarğaya, quzğuna qalan,
Torpaqlar, bizimdi, ana!