Sonuncu sovqat

Sonuncu sovqat
6 noyabr 2017
# 12:11

Vüsal Oğuz

Avtobusdan düşən kimi birinci yaylıqla üz gözünü sildi. Yaman isti idi. Aprel ayında hər deyəndə belə isti olmazdı. Yolu keçərək qovaq ağacına tərəf addımladı. Ağacın dibinə çatan kimi əlindəki sumkaları yerə qoydu. Yorulduğunu indi hiss etdi. Kəndlərinə gedən yolun üstündə idi bu qovaq ağacı. Uşaq vaxtından bu ağacı belə böyük görmüşdü. Başını qaldıraraq ilk dəfə görürmüş kimi baxdı. Adətən onların kəndinə və digər qonşu kəndlərə getmək istəyənlər bura – qovağın dibində durardılar. Çünki kəndə gedən maşınlar müştəri üçün, adətən, burda dayanardılar. Nədənsə bu gün heç kim yox idi. Təsərrüfatın qızğın vaxtlarında yolda adam az olurdu. Əlindəkilərin ağırlığından keyimiş qollarını ovuşdurdu. Kəndləri kiçik olduğundan fərli-başlı dükan yox idi. Ona görə də ayda bir-iki dəfə rayon mərkəzindən bazarlıq edərdi. Bəs edirdi. İki nəfər idilər. Bir özü, bir də həyat yoldaşı. Əvvəllər yolu tez-tez düşərdi rayon mərkəzinə. Artıq iki il olardı ki, işləmirdi. Təqaüdə çıxmışdı. Onu işlədiyi məktəbdən təntənəli sürətdə yola salmışdılar. Yaman çətin olmuşdu ona qırx iki il işlədiyi məktəbdən ayrılmaq. Zarafat deyildi. Bütün gəncliyini burda qoymuşdu. İlk vaxtlar yerə-göyə sığmırdı. Sonradan öyrəşdi buna. İndi də dəvət edirdilər aradabir məktəbə – tədbir filan olanda. Hər dəfə də kostyumunu geyinib qalstukunu bağlayanda həyat yoldaşı yarıciddi, yarızarafatla deyərdi: “Doymamısan qırx il işləyib?” Amma hiss edirdi ki, əslində xanımının xoşuna gəlir onu yenidən bu cür görmək.

Yanından keçən böyük hərbi maşının səsi fikirdən ayırdı. Ondan bir qədər irəlidə – qəssab dükanının yanında saxladı. Sürücünün yanında oturan hərbiçi nə isə soruşdu qəssabdan. Ona elə gəldi ki, onların kəndini soruşurdu. Az qaldı desin ki, bəs məndə o kəndə gedirəm. Amma dillənmədi. Adətən, hərbi maşınlar kənar adamları mindirmirdilər maşına. Onların kəndi sərhəddə yaxın olduğu üçün kənddən bir qədər aralı kiçik hərbi hissə vardı. Kənddə tez-tez rast gəlmək olurdu belə hərbi maşınlara. Amma beləsini heç görməmişdi kəndlərində. İri qara təkərləri təptəzə idi. Kuzovu par-par parıldayırdı. Yük yerində istidən təntimiş əsgərlər görünürdü. Fürsətdən istifadə edib yandırdıqları siqareti növbə ilə çəkirdilər. Əsgərlərin səliqəli geyimini görəndə ürəyi dağa döndü. Ürəyində “maşallah, generala oxşayırlar. Elə bil parada gedəcəklər” deyə düşündü. Yerindən tərpənən maşına qürurla baxdı. Yadına öz oğlu düşdü. O da hərbi xidmətdə idi. Üç ayı qalmışdı. İnşallah, yayda gələcəkdi.

Oğlu evin sonbeşeyi idi. Dörd qızdan sonra dünyaya gəlmişdi. Uzun illər yolunu gözləmişdi. Təbiətcə sakit adam idi. Amma yoldaşı hər dəfə doğum evindən qız uşağı ilə qayıdanda lap hövsələdən çıxırdı. Yaxşı bilirdi ki, bu işdə yazığın heç bir günahı yoxdu. Amma heç cür həzm edə bilmirdi. Sonuncu qızdan sonra, az qalırdı, evdə heç nədən dava salsın. Az qalırdı hər dəqiqəbaşı hirsini arvadının üstünə töksün. Amma bir gün yoldaşının ağlaya-ağlaya oğul üçün Allaha yalvardığını görəndən sonra ayıldı sanki. Xəcalət çəkdi içində başa düşdü ki, ona qarşı haqsızlıq edir. Şükür yaradana – arzusunu gözündə qoymadı. Oğul atası ola biləcəyinə ümidini itirdiyi bir vaxtda arzusu çin oldu. Oğlunun dünyaya gəlişi ilə hər şey dəyişdi. Uşaq böyüdükcə atdığı hər addımı, dediyi hər söz günlərlə müzakirə olunurdu evdə. Çox vaxt qızlara qoşulub saatlarca oğlu ilə oynayardı. İşdə, yolda, məclisdə olanda fikri onun yanında qalırdı. Hərdən hiss edirdi ki, oğluna olan sevgisinə qızları lap əməlli-başlı paxıllıq edirlər. Neynəsə də, qızlarından gizlədə bilmirdi bu sevgini.

Allahından çox razı idi. Arzusunu ürəyində qoymamışdı. Şükür oğlu da ona olan sevgini, inamı itirmədi. Məktəbdə, küçədə məclisdə tərbiyəsi, əxlaqı ilə nümunə oldu tay-tuşlarına. Məktəbi əla qiymətlərlə bitirib universitetə daxil oldu. Oğlunun universitetə qəbul xəbəri alan günün səhərisi böyük bir məclis qurdu həyətdə. Ürəyi dağa dönmüşdü o gün. Ona elə gəlirdi ki, hamı ona həsəd aparır, hamı onun oğlu ilə fəxr edir. Hər dəfə ­kimdənsə gözaydınlığı alanda sinəsi dəmirçi körüyünə dönərdi. Yerə göyə sığmazdı. Oğlu universiteti də əla qiymətlərlə oxudu. Tək bircə dəfə üçüncü kursda kəsri olmuşdu. Sən demə, oğlu neçə aylardı gecələr işləyirmiş. Elə bu səbəbdən də dərslərini çatdıra bilməyib və nəticədə kəsri olub. Oğlunun işləməyinə acıqlansa da, arvadı vəziyyəti başa salmışdı ona. Evdən göndərilən pul oğlunun ən zəruri xərclərini belə ödəmirdi. O ili təqaüdə çıxdığından artıq əvvəlki kimi pul yollaya bilmirdi oğluna. Aldığı pensiya isə qiymətlərlə müqayisədə qəpik-quruş idi. İlk vaxtlar bilmirdi neynəsin. Həyatını məktəbə bağladığından heç vaxt bağ-bağça, təsərrüfat adamı olmamışdı. Ona görə də əlavə gəlir yeri yox idi. Amma yaz açılanda çox düşünüb-daşınıb qərar verdi. Ürəyində “puluna minnət” deyərək kimlərinsə yerinə naxır-nobatına getməyə başladı. Soruşan olanda da “vallah, evdə ürəyim sıxılır, darıxıram” deyə bəhanə gətirərdi. Bəzən az qalırdı özü də inansın yalanına. Bir günlük növbə üçün aldığı pul çox olmasa da, hər halda əlindən tuturdu. Bəzi xırda para ehtiyaclarını ödəyirdi. Oğlunun işləməməsi üçün indi pensiya kartını ona yollamışdı. Oğlunun etirazına “biz birtəhər keçinərik, bizdən narahat olma” deyə cavab vermişdi. Amma hiss etmişdi ki, oğlu əvvəlki kimi olmasa da hər halda yenə işləyir. Çünki əvvəllər hər bayramda kəndə qaçan oğlu indi kəndə bir də yayda gələcəyini deyirdi.

Axşamlar naxırdan yorğun halda qayıdanda qəlbində qəribə hislər baş qaldırırdı: qırx illik müəllimlikdən sonra naxırçılıq da varmış qismətində. Amma yadına düşəndə ki, bütün bunları oğlu üçün edir bir anda fikrini dəyişərdi. Naxırı kəndin kənarındakı çaydan keçirdikdən sonra özü çayın kənarında durub havanın qaralmasını gözləyərdi. Nobat yoldaşı nə illah eləsə də min bir bəhanə ilə qəsdən dayanardı. Səbəbi isə tək özünə məlum idi: istəmirdi ki, yolda müəllim yoldaşları, şagirdləri onu görsün. Nədənsə çox sıxılardı o anda. Düzdü, heç kəsin yanında gözü kölgəli deyildi. Heç kimə pisliyi dəyməmişdi. Kəndin, bəlkə də yarıdan çoxuna dərs demişdi. Amma daxilindəki – hardan gəldiyi özünə də məlum olmayan qürur hissi ona imkan vermirdi. Gecələr yorğunluqdan ağrıyan ayaqlarının sızıltısını gizlətməyə çalışardı xanımından. İstəmirdi onu ağrıyan, xəstəhal görsün. Hiss edirdi ki, o da onun bu halını görməməzliyə vurmağa çalışır. İki ili bu minvalla başa vurdu. Keçən yay universiteti bitirdikdən bir həftə sonra oğlunu əsgər aparmışdılar. Oğlu əsgər gedəndən sonra elə bil həyət-baca büsbütün boşalmışdı. Əslinə baxsan, dörd il idi ki, ər-arvad ikisi qalmışdılar. Nədənsə, indi heç cür özlərinə gələ bilmirdilər. Sən demə oğul atası olmağın bu tərəfi də varmış. Xaraktercə sakit, təmkinli adam idi. Qızlarının heç biri gəlin köçəndə ağlamamışdı. Tək bircə dəfə – böyük qızı xərçəngdən dünyasını dəyişəndə özünü saxlaya bilməmişdi. Amma indi gecələr divarlar üstünə gəlirdi. Tez-tez telefonla danışırdılar. Oğlu hər şeyin yaxşı olduğunu, komandirlərinin ali təhsilli kimi ona hörmət qoyduğunu da deyirdi. Elə ki oğluyla telefon danışığını bitirirdi, göz yaşlarını saxlaya bilmirdi. Xanımı ondan da betərdi. Bütün günü gözünün yaşı yanağında idi. Evdə bir dadlı xörək bişəndə, qazan qaynayanda dilinin ucunda oğlunun adı olardı. Oğlu şirniyyatı çox sevərdi. Xüsusi ilə şəkərburanı. Hər ayın başında Bakıya onunçün pay gedəndə sovqatın içində mütləq şəkərbura olmalı idi. Uşaq şəkərbura, şirniyyat dəlisi idi. Yadında idi, sonuncu dəfə xidmətə gedən gün anasının hazırladığı yol çantasında təkcə şəkərburanı götürmüş qalanını qaytarmışdı. “Yük olacaq demişdi”. İndi hardansa yadında düşdü o an. Özünə qəribə gəldi belə dəqiqliklə xatırlamağı. Oğlu gedəndən sonra yoldaşı evdə şirniyyatda bişirmirdi ki, bəs biz burda yeyirik, amma ona olmur. Əslində, rayon mərkəzinə getməyinin səbəbi vardı. Sabah oğlunun yanına – cəbhə xəttinə getmək istəyirdi. And içmədən sonra getməmişdi. Oğlu hər dəfə israr edir ki, gəlməsinlər. Üç ayı qalmışdı. Bu yay gələcəkdi. Ona qalsa bəlkə də dözərdi. Amma yoldaşı dinclik tapa bilmirdi. Pensiya gələn kimi yollamışdı rayon mərkəzinə. Özü iki gün əvvəldən hazırlıq görürdü. Biş-düş, qışdan qalan meyvə, qoz fındıq. Bu gün də səhərdən başlamışdı şirniyyat tədarükünə. Əlinə keçəni yığırdı oğluna sovqat üçün. Səhər evdən çıxmamış istədi desin ki, ay arvad, şəkərbura yadından çıxmasın. Ağzını açmamış “a kişi, narahat olma bişirəcəm. Sən dediklərimi al” cavabını almışdı. Maşında danışmışdı. Sübh tezdən çıxacaqdılar. Yadına düşdü ki, heç şoferlə qiymət də danışmamışdı. Qəfil səsdən diksindi:

– Müəllim getmirsən? - Qonşunun oğlu idi. Hərbi xidmətdən payızda gəlmişdi. İş olmadığından atasının köhnə jiqulisi ilə rayon mərkəzinə adam aparıb gətirirdi.

– Gedirəm, qonşu. - Əlindəkiləri yük yerinə qoymağı ilə maşına oturmağı bir oldu. Elə hər ikisi sevinirdi. Biri müştəri tapdığı üçün. Biri isə maşın tapdığına görə.

Qonşusu maşını işə salmağı ilə yerindən tərpətməyi bir oldu. Yerini təzəcə rahatlamışdı ki, qonşunun sualları başladı. Xasiyyətini yaxşı bildiyindən cavab verməkdən başqa əlacı yoxdu.

– Müəllim hardan belə?

– Rayondan. Bayaqdan burda maşın gözləyirəm.

– Xeyir ola? Nə bazarlıqdı belə?

– Hə. Xeyirdi. İnşallah, səhər uşağın yanına getmək istəyirik. Gedəndən heç getməmişik.

– Məndən də salam deyin. Az qalıb – üç ay nədiki...

Maşının açıq pəncərəsindən gələn sərin, təmiz yaz havası lap ləzzət elədi. Yorğun idi niyəsə. Gözləri yumulurdu. Bəlkə də, yatacaqdı. Amma qonşu dil-boğaza qoymurdu. Yol boyu özünün hərbi xidmətindən o ki var danışdı. Hərbi hissəyə düşdüyü gündən, ta təxris olunduğu günəcən olanları ən xırda detallarına kimi döşədi. Zalım oğlu komandirlərinin ad familyasını, hərbi rütbəsinə kimi yerli yerində danışırdı. Guya onları hamı tanıyırdı. Hərbi xidmətin yazılmış-yazılmamış qanunları yarım saatlıq yolda başa saldı ona. Hiss etdi ki, qonşusunu indi-indi kəşf edir. Amma sözünü kəsmədi. Ürəyində “əşşi qoy nə qədər istəyir danışsın”. Həm də vaxt da tez keçər. Doğurdan da kəndə nə vaxt girdiyini hiss etmədi. Maşın küçələrinə burulanda söhbət bir qədər ara verdi. Küçənin başında düşmək istəsə də sağ olsun, qonşusu razı olmadı. Evə aparacağını bildirdi.

Qapılarında maşın dayanması qəribə gəldi. İçini ani olaraq bir narahatlıq bürüdü. Uzaqdan tanış gəldi maşın. Yaxınlaşanda tanıdı: bayaq yolda gördüyü həmən hərbi maşın idi. Nədənsə, yan-yörəsində heç kim gözə dəymirdi. Yük yerindəki əsgərlər də yox idi. Bir anlıq duruxdu. Ürəyində “bu maşının qapıda nə işi var görəsən?” Həyətdən gələn ağlaşma səs içindəki fikirləri param parça etdi. Bir anlıq duruxdu. Əlindəki yerə tullayıb kiçik taxta qapıdan içəri – həyətə doğru yüyürdü. Gördüyü mənzərədən dəhşətə gəldi. Həyətə çatmamış axan kiçik su arxını keçə bilmədi...

Ayılanda həyət-baca adamla dolu idi. Key kimi olmuşdu. Bayaq həyətin ortasındakı tabut evə qaldırılmışdı. Üstündə gedən ağlaşmanın səsi həyət-bacanı bürümüşdü. Hər şeyi başa düşmüşdü artıq. Tabutdakı oğlunun cəsədi idi. Amma heç kimdən nə isə soruşa bilmirdi qorxusundan. Qorxurdu ki, görüb duyduğunu kimsə təsdiqləyər. Sanki susmaqla bu xəbərin yalan olduğuna inandırmaq istəyirdi özünü. Evdən gələn ağlaşma səsi isə bütün ümidlərini yerlə-yeksan edirdi. Amma içində bir ümid vardı hələ də. Bəlkə, səhvən gəliblər. Olur bəzən belə şeylər. Olan qalan ümidini ona yaxınlaşıb önündə diz çökən zabit qırdı: – Başınız sağ olsun, ata. Oğlunuz dünənki döyüşdə üç düşmən məhv etdi. Təəssüf ki, onu qoruya bilmədik. Yaralı dostunu xilas edəndə vurdular. Oğlun vətən uğrunda şəhid oldu.

Bəd xəbər nə tez yayılırmış. Bircə saatın içində həyət-baca adamla doldu. Əvvəlcə kəndin axundu, az sonra bələdiyyə sədri, daha sonra rayon rəhbərlərindən bir neçəsi həyətdə göründü. Ondan bir qədər kənarda toplaşan bu adamların danışığından hiss olunurdu ki, zabit şəhidin bu gün dəfn edilməsini istəyir. Dediyinə görə bu qəti olaraq tapşırılıb ona. Tabutun dəfn üçün hazır olduğunu bildikdən sonra axund gün batmağa kifayət qədər vaxt qaldığını görüb razı oldu. Bütün bu olanları eşidir, dinləyirdi. Amma nədənsə, heç bir şey deyə bilmirdi. Onun sevimli oğlunu – sonbeşiyini bir azdan əbədi olaraq ondan alacaqdılar. Bu anda özündən çox həyat yoldaşını düşünürdü.

Dəfnə razılıq alındıqdan sonra hazırlıq işləri bir az da sürətləndi. Hər şey kino lenti kimi gəlib keçirdi gözünün önündən.

Gözünə həyətin bir küncündə dayanmış əsgərlər sataşdı. Yəqin “oğlumun dostlarıdır” deyə düşündü. Yanından keçənlərdən birinə “o əsgərlərə çay çörək verin” dedisə də, deyəsən, heç kim eşitmədi. Dili tutulmuşdu elə bil. Heç ağlaya da bilmirdi. Cənazə yerdən qaldırılanda içində nə isə qırıldı, sanki. Özü də əbədi olaraq qırılana oxşayırdı. Arxadan “can oğul” deyə gələn xırıltılı səsi eşitməmək üçün əllərini qeyri-ixtiyarı qulağına apardı.

Qəbiristanlıq çox da uzaqda deyildi. Beş-on dəqiqəlik yol olardı. Kiçik kənd qəbiristanlığı ömründə bu qədər adam görməmişdi. Bu qəbiristanlıqda heç vaxt ağaclardakı quşlar yaylım atəşindən diksinməmişdi də. Batmaqda olan günəş, sanki atılan güllələrdən yaralanıb qanına boyandı və yaralarını sağaltmaq üçün qüruba endi. Az sonra hamı qəbiristanlığı tərk etmişdi. Qəbir üstündə yalnız altı əsgər qalmışdı. Onlar qəbirin üstünə sərdikləri bayrağı külək aparmasın deyə kənarlarına daş düzürdülər...

***

Gecənin bir yarısı öz səsinə oyandı. Daha doğrusu hönkürtüsünə. İlahi bu nə idi. Elə bil indi – üç gündən sonra ayılmışdı. Qonşu çarpayıda yatan xanımını qorxudacağından əlini ağzı ilə tutmağa çalışdı. Alınmadı. Barmaqlarının ucunda çölə çıxdı. Eyvanda da toxtaya bilmədi. Həyətə düşdü. Bir qab su içdi. Bir qədər toxdadı. Həyət qapısının açıldığını hiss edib geri çevrildi. Xanımı idi. Küçəyə doğru gedirdi. Ürəyində “yazıq havalanmasa yaxşıdır”, deyə arxasınca addımladı. Ancaq yaxınlaşmağa da cürət etmədi. Gecənin qaranlığında qorxudacağından ehtiyat etdi. Xanımın əlindəki ağ torbaya bənzər nə isə vardı. Ürəyinə yüz cür fikir gəldi. Axı bu arvad hara gedirdi gecənin bu vaxtı. Döngəyə çatanda hər şeyi başa düşdü. Qəbiristanlığa gedirdi çox güman. Geriyə baxmadan, əlindəkini indi sinəsinə sıxaraq gedirdi. Onu qorxuzmamaq üçün ondan bir qədər aralıda, çəpərlərin dibinə qısılaraq gedirdi. Ay ətrafı süd kimi işığa bələmişdi.

Həyat yoldaşı qəbirlərin arası ilə elə sürətlə gedirdi ki, bir anlıq ayağının ilişəcəyindən, ya da boş qəbirə düşəcəyindən qorxurdu. Bir qədər aralıda – böyük bir başdaşının arxasında gizlətdi özünü. İstəmirdi yaxınlaşıb qorxuzsun. Ürəyində “qoy ağlayıb ürəyini boşaltsın”, deyə fikirləşirdi. Bilirdi ki, gündüzdən bura gəlmək üçün bu anı necə həsrətlə gözləyib. Gündüz qəbir üstünə gələndə onu çox qoymamışdılar ağlamağa. Uzaqlaşdırmışdılar tezliklə. Xanımının taxtadan müvəqqəti qoyulmuş kiçik başdaşını necə qucaqladığını, üzünü qəbirin torpağına necə sürtdüyünü aydın görürdü. İçində səssiz ağladı. Yaxınlaşıb təskinlik verəcək bir söz tapmırdı. Bu hal yarım saat, bəlkə də, daha çox davam etdi. Aradakı məsafə az olmasa da, ay işığında hər şeyi aydın görürdü. Xanımı bayaq qoltuğunda tutduğu ağ torbaya bənzər nə idisə onun içindəkiləri çıxartdı. Əli ilə qəbrin torpağını qazmağa başladı. Bir xeyli qazdıqdan sonra əlindəkini qazdığı çuxura qoyaraq yenidən çuxuru doldurdu. Əti ürpəşdi bir anlıq. Qəbrin üstünü səliqəyə saldıqdan sonra ayağa durdu. Geriyə baxmadan gəldiyi yolla qayıdırdı. Arxasınca düşdü. Yoldaşının ondan kifayət qədər uzaqlaşdırdığını görüb bir siqaret yandırdı. Ayaqları getmirdi. Maraq onu geri çəkirdi. Çuxura gizlədilən nə idi axı? Fikrindən “bəlkə də, yazıq havalanır yavaş-yavaş” keçirtdi. Özündən asılı olmayaraq, qayıdır qəbrin üstünə. Bayrağı bir kənara çəkib qəbrin qazılan yerini eşələməyə başladı. Az keçmədi əlinə toxunan torbanı hiss etdi. Gözləməyə səbri çatmadı. Çuxurdan çıxartdığı bükülünü necə dartdısa içindəkilər qəbrin üstünə səpələndi. Bir-ikisini əlinə götürdü. Bədənini buz kimi soyuq tər basdı. Şəkərbura idi...

Anası oğluna sonuncu sovqatını yollamışdı...

# 2652 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #