Ruzbeh Məmməd
metropoliten hüznlərindən...
...və mənsiz gecikərsən qatara da, işə də
səhər azan oxunar, bir yandan yağış, soyuq
bilirəm, oxumursan, yenə yazıram sənə
unutma azan vaxtın, vaxt indilər tez çıxır...
sən uzaqlara baxma, uzaqlar uzağındı
hələ sənin saçların, hələ sənin əllərin
öyrəşməyib incimə.
gecələr darıxmağa
mən də arzu edirdim, Allah haqqı indicə
bir şəklin ola məndə səhər durub baxmağa
olmur heç cürə axı, bağışlamaq adamı
mən də yaxşı olaram, zaman məni dəyişər
bəlkə bir qadın çıxar, bəlkə də heç qəfildən
bir qəzada ölərəm, bilmək olmaz, qadınım
Bəlkə elə yenidən, yenidən rastlaşarıq
Qollarımız uzanar bəlkə qucaqlaşarıq
Ayrılarıq beləcə, ilim-ilim itərik
İlişib əllərinin istisi qalar, qızım
Sən də beləcə getmə, getmə beləcə sən də
Məktub yazaram sənə, soyuq payız sonrası.
üç yüz dəfə tanrıya edilən dua;
və özümü dərk edəndə üç yüz dəfə
tanrıdan dilədim ki,
tanrı mənə, qarğa ömrü verməklə cəzalandırma,
dilədim ki, məni yaşamaqla günahlandırma...
sonra da dilədim ki,
pişik qovan küçə itlərinə, küçədə yaşamaq,
həmin o pişik qovan itlərə,
pişik qismət eləmə.
dilədim ki,
çörək üçün zibilxanaları gəzən bomjun
qarşısına ilk dəfə sevdiyi o qıza
”zibil atmaq günahını”yazma
dilədim ki, tanrı, adəm olmağı da istəmirəm
cənnətə getmək bir ayıb,
cənnətindən getmək iki ayıb!
yaman acımasız olar, əminəm, həm də utandırıcı
dilədim ki, korlanmış,
vaxtı keçmiş bəxtlərdən yamama ömrümə
uzağı bir gün ömür ver
o da ki öldürmək üçün bəndən olsun deyə...
tanrı, əgər mənim yaradılışım
anam üçün sevindirici olubsa
anam məni bağışlasın
mən məhkum deyiləm, cəzalanam ümidlərlə
yaşayam üzü kifirli özündən razı,
özünü aldadan səfillərlə