Mənim də qəlbimdə eşq şəhid oldu – Yeni şeirlər

Mənim də qəlbimdə eşq şəhid oldu – Yeni şeirlər
19 avqust 2022
# 17:00

Kulis.az Vahid Əslioğlunun şeirlərini təqdim edir.

İsa bulağı

Axşam-sabah, çeşmə, sənin başına
Bilirsənmi, necə canlar dolanır!?
Aşıq Ələsgər

Bilmirəm biz necə görüşəcəyik ?!
Sənin sinən dolu, mənim də gözüm.
Bircə şey bilirəm, sənin qarşında,
Səni öpmək üçün çökəcək dizim.

Bilmirəm bu görüş boyunca sənə,
Nəyi danışacaq, deyəcək dilim?
Bircə şey bilirəm, bəlkə, ilk dəfə,
Məndən küsməyəcək qısqanc sevgilim.

Bilmirəm kim bizə qaytaracaqdı?!
Bu həsrətlə dolu keçən illəri.
Bircə şey bilirəm, sənin başına,
Yenə dolanacaq türk gözəlləri.

31.10.2020

Bizim onlara biganə qalmağa haqqımız yoxdur!

Necəsən, şəhid balası,
Atan yadına düşürmü?!
İstidimi ocağınız,
Üstündə bir şey bişirmi?

Çoxmu qocalıbdı baban,
Əlindən tuta bilirmi?
Qohum, qonşu əvvəlki tək,
Yenə də sizə gəlirmi?

Yoxsa, dönübmü ruzigar,
İlin son baharı kimi?
Çoxmu dəyişib halınız,
Nənənin paltarı kimi?

Necəsən, şəhid balası?
Bacın, qardaşın necədi?
Beş ay bundan əvvəlki yox,
İndiki yaşın neçədi?

Dəyişibmi xəyalların,
Arzuların, istəklərin?
Dəyişibmi tay-tuşların,
Özündən varmı xəbərin?

Sorulası suallar çox,
Bəziləri məndə qalsın.
Od düşdüyü yeri yaxar,
Nə deyim, başın sağ olsun...

***

Başımı qatmasın hər xırda azar,
Hələ vaxtım yoxdu ölməyə mənim.
Yarımçıq o qədər işim-gücüm var,
Hələ vaxtım yoxdu ölməyə mənim

Sən də sahmanla tut işini, gülüm,
Uzundu səfərim, uzundu yolum,
Hələ çox uzaqdı məndən bu ölüm,
Hələ vaxtım yoxdu ölməyə mənim.

Sinəmdə bir Araz dağı var hələ,
Vətənin “Qara”lmış “Bağ”ı var hələ,
Sağımda, solumda yağı var hələ,
Hələ vaxtım yoxdu ölməyə mənim.

Bir də nə yatdım ki nə yuxu görüm,
Xəzan vurmuş bağdan mən nə gül dərim?!
Əgər hazır döysə Şuşada yerim,
Hələ vaxtım yoxdu ölməyə mənim.

Hələ Məhəmməd var, hələ Murad var
Nəvə, nəticəli gözəl həyat var,
Mənə nə?! Qıl körpü, sorğu-Sirat var,
Hələ vaxtım yoxdu ölməyə mənim.

Hər kəsin öz dərdi, kimin nə vecinə,
Dərdi çəkən bilər ondakı güc nə,
Deyirəm, fələyin gözünün içinə,
Hələ vaxtım yoxdu ölməyə mənim.

Oktyabr, 1992.
Qubadlı rayonu, Muradxanlı kəndi

Şanlı Azərbaycan əsgərinə!

Haqq pay deyil umasan, inciyəsən kimdənsə,
Mən öz haqqım olanı sökə-sökə alıram!
Umacağım dünyanın qulağı kar, gözü kor,
O kor olan gözləri tökə-tökə alıram,
Mən öz haqqım olanı sökə-sökə alıram!

Çoxalıbdı susayan körpələrin yaşına,
Türkdüsə yaşı axan, çoxu olur aşına,
Qəhərimi daş edib, sıxıb bağrım başına,
Dərdimi öz içimdə çəkə-çəkə alıram,
Mən öz haqqım olanı sökə-sökə alıram!

Savaşdan qaçmaq olmaz, qənşər gələndə bəla,
Qoy titrəsin bu dünya, titrəsin ərşi-əla,
İmkan verməm yağıya, düşsün o xam xəyala,
Düşmənimin qəddini bükə-bükə alıram,
Mən öz haqqım olanı sökə-sökə alıram!

Babalarım haqqını qılıncında aradı,
30 illik bazarlıq içimdəki yaradı,
Murovun başındayam – haqqa yaxın buradı,
Vətəni qarış-qarış, tikə-tikə alıram,
Mən öz haqqım olanı sökə-sökə alıram!

Şəhid sevgi

Bilinən sevgindən danışır hamı,
Səni göstərirlər bir örnək kimi.
Şagirdlər məktəbdə oxuyur hər gün,
Vətənə, torpağa olan sevgini.

Atanı, ananı necə sevirdin...
Hər kəs bilir qardaş-bacı sevgini.
Məndə bilinməyən bir sevgin qaldı
İndi mən çəkirəm acı sevgini.

Atana, anana gizlin də olsa,
Sənin gözlərinlə baxıram indi.
Məktəbdən qayıdan kiçik bacının,
Yoluna səninçün çıxıram indi.

Sən olanda istəməzdim bilələr,
Sənə olan istəyimi, sevgimi.
Bəsim idi bir baxışın, pıçıltın,
İndi buna inandırım mən kimi.

Bilinən sevgindən danışır hamı,
Məndə bilinməyən bir sevgin qaldı.
Vətənin yolunda bir vətən oğlu,
Mənim də qəlbimdə eşq şəhid oldu.

Yadıma Qaraçöp payızı düşüb

Arxacın yanını qayaya söykə
Ya bir qulpun axtar, ya çaya söykə
Gözünü ulduza, sən aya söykə,
Səhərin qırovlu ayazı düşüb,
Yadıma Qaraçöp payızı düşüb.

Oluydum qonağı bir ər çobanın,
Hər şeydə qeyrətli hünər çobanın,
Uzadıb gecəni, səhər çobanın
Könlə qımqımısı, avazı düşüb
Yadıma Qaraçöp payızı düşüb.

El enib yaylaqdan, vaxtıdı toyun
Xınala başını qoçun toğlunun
Bir el gözəlinə bir el oğlunun
Bir şax gecəsində ilk gözü düşüb
Yadıma Qaraçöp payızı düşüb.

Kim vursa lopanı onundu nəmər
Bu lopa, bu tüfəng, di göstər hünər
Uçduqca hədəfə qızıl güllələr
Bizim qapıya da gilizi düşüb
Yadıma Qaraçöp payızı düşüb.

Hər payız elimin sirdaşı olum
Hər payız toyların göz yaşı olum
Bir payız Töyrədə baş daşı olum
Desinlər Vahidin özüdü düşüb
Yadıma Qaraçöp payızı düşüb.

***

Sənə yazdığım şeirdə,
Qadanı almışammı gör.
Səninlə keçən günləri,
Yadına salmışammı gör.

Şeir təzə, sən də tər gül
Könül bağçamnandı, dər, gül
Nöqtə-nöqtə, vergül-vergül
Səninçün dolmuşammı gör.

Demirəm ki, hər gün oxu,
Axşam-sabah, gərgin oxu,
Deyirəm ki, bir gün oxu,
Yadında qalmışammı gör.

Oxu bir-bir, sətir-sətir,
Hələ qalıb səndən ətir,
Vahidi gözünə gətir,
Bax, sənlik olmuşammı gör.

***

Bizdə göy donluya mahnı qoşurlar,
Gözəl, sənə al qırmızı yaraşır.
Bələn şəfəqinə doğan günəşin,
Sal çiyninə şal, qırmızı yaraşır.

Alırsansa bu canımı belə al,
Bu görkəmdə bu can sənə min halal,
Ya biryolluq öldür, ya da burda qal,
Məsləhətdi qal, qırmızı yaraşır.

Salma bu Vahidi sən haldan-hala,
Odlanıram az ətəklə, az qala,
Ağa kərəm eylər kimsəsiz qula,
Ol, ağam ol! Ol, qırmızı yaraşır...

***

“Olumuyla, ölümüylə,
Başdan-başa sirrdi dünya”.
– Deyib, tutduq yaxasından,
Bizdən azmı gördü dünya?!

Hey oldu günah keçisi,
Hər olanı ondan gördük.
"Heçmi günah yoxdu bizdə?"
Özümüzə sual verdik?!

Sormamışıq nədi dərdi,
Dərdini içində çəkib.
Bir ömür çəkdiyimizi,
Bəlkə, o, bir gündə çəkib.

Təngə gəlib əlimizdən,
Bu boyda qosqoca dünya.
Başqa dünyası da yoxdu
Baş götürüb qaça dünya.

Çəkib yaxanı qırağa,
Onu ortada qoymuşuq.
Göyün üstü, yerin altı,
Yeddi qatını soymuşuq.

Yaxşı ki, çəkməyib bizə,
Daş atmır çatana dünya.
Sən ki bunlara dözürsən,
Min rəhmət atana dünya…

***

Ömrü sənə verən verir,
Sənlik necə yaşamaqdı.
İllər ömrün boy ölçüsü,
Meyar uca yaşamaqdı.

Bəzən güc gələndə kədər
Səbrini bas, döz birtəhər.
Ömür o baş, bu baş qədər
Bir qosqoca yaşamaqdı.

Bülbül gülünün ətrini,
Qoxlayıb çəkər qəhrini.
Eşq sevginin hər sətrini
Heca-heca yaşamaqdı.

Uca tutub haqq sevgimi,
Pay bilmişəm sevinc, qəmi.
Tək istəyim Vahid kimi
Bax beləcə yaşamaqdı.


# 4238 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #