Sənin al yanağın, o qara xalın

Sənin al yanağın, o qara xalın
15 may 2013
# 16:15

Elnur Şahmarov

Aldın canımı

Dikilib üzünə qaldı gözlərim
Kəsildi taqətim əsdi dizlərim
Topuq çaldı dilim, çaşdı sözlərim
Qara gözlü dilbər, aldın canımı

Mən sənin eşqinlə alışdım, yandım
Hər zaman sevgini qəlbimdə sandım
Sevirəm deməyə səndən utandım
Qara gözlü dilbər, aldın canımı

Payız yarpağı tək saralıb soldum
Göydə nərə çəkən bulud tək doldum
Bir kəlmə sözündən asılı qaldım
Qara gözlü dilbər, aldın canımı

Baxıb aşiq oldum gül camalına
O al yanağına, qara xalına
Acımadın aşiqinin halına
Qara gözlü dilbər, aldın canımı

Anacan

Yenə düşmüsən yadıma
Ana qurbanam adına
Qalanmışam qəm oduna
Anacan, qəribəm burda

Günüm keçir qalma-qalda
Uçur mərmi sağda, solda
Sevgilimin gözü yolda
Anacan, qəribəm burda

Düşünürəm öz-özümə
Yuxu da getmir gözümə
Həsrətəm gözəl üzünə
Anacan, qəribəm burda


Azğınlaşıb düşmənlər də
Dostlarımın qanı yerə
Dözə bilmirəm bu dərdə
Anacan qəribəm burda

Sözüm var

Gülüşlərin qəlbimin sevincidir
Dilin badamdır, dişlərin incidir
Nazı-qəmzən məni yaman incidir
Ayaq saxla, ay qız, sənə sözüm var
Getmə dayan mənim səndə gözüm var

Baxışların edibdir məni heyran
Surətin gözümdə canlanır hər an
Bu dəli könlümü eyləmə viran
Ayaq saxla, ay qız, sənə sözüm var
Getmə dayan mənim səndə gözüm var

Məhəbbətlə qəlbimə yol açırsan
Şəfəq olub yollarıma saçırsan
Bilməm axı, niyə məndən qaçırsan
Ayaq saxla, ay qız, sənə sözüm var
Getmə, dayan, mənim səndə gözüm var.

# 2627 dəfə oxunub

Müəllifin son yazıları

# # #