Qadın və Da Vinçi

Qadın və Da Vinçi
31 may 2013
# 15:29

Bura, bu gözəl mənzərəyə baxın deyəndə gözlərimi qaldırdım və qeyri ixtiyari saymağa başladım...

Bir... iki.... üç.... saymaqla bitməz ki. İçimdən bir "wow" demək keçdi... Saydıqlarım ulduzlar idi… Amma insanı alıb, hələ kəşf etmədiyi düşüncələrinin dərinliyinə aparan qaranlıq səmaya baxdıqca saymaq mümkünsüzdür... Hər nə qədər bu səmada milyonlarla dənəcik şəklində olan, heç bir zaman əlinin çatmayacağı, amma baxmaqdan və xəyal etməkdən doymayacağın ulduzlar bu səmanı möcüzəvi parıltısı ilə işıqlandırsa da... Bəlkə də, bu işıqlar sadəcə səmanın səni öz qaranlığına bağlaması, sonsuz ümmana apara bilməsi üçün yaratdığı cəzb etmə vasitəsi-qüvvəsidir.

Niyə də sayım ki? Məncə bu cazibəyə özünü təslim etmək və sadəcə zövq almaq lazımdır.

Sonsuzluq... Sadəcə hiss edə biləcəyin, heç bir zaman ifadə edə bilməyəcəyin görüntü idi bu... Necə də gözəl idi amma...

- Siz də mənim gördüyümü görə bilirsinizmi?

- Bəli-, deyərək dilləndim... Amma nə düşündüyünü, nə gördüyünü bilmirdim ki...Hətta nə göstərmək istədiyini belə...

Buyurun, sizə növbəti rəsmi göstərək deyəndə, elə bildim ki, ağlımın yetməyəcəyi qədər sonsuza doğru qət etdiyim məsafədən bir anda, bir göz qırpımında, cəmi bircə cümlə ilə geriyə, reallığa qaytardılar... Qeyri-ixtiyari növbəti şəkilə addımlamağa başladım...

İki rəsm əsəri arasında olan 3-4 addımlıq qısa məsafə ərzində sadəcə bir şeyi düşündüm... Mən, onun, o tanımadığım qalereya işçisinin göstərdiyinimi görürdüm, yoxsa görmək istədiyimi, öz xəyal etdiyimi, olmaq istədiyimi? Və, nə üçün?! Nə üçün mən, bu qədər rahat olduğum, özümü tapdığım rəsmin qarşısından digər birinə addımlayıram?

- Növbəti rəsm. Lenonardo Da Vinçinin şah əsəri sayılır. Bildiyiniz kimi Da Vinçi bəzi tənqidçilər tərəfindən dünyanın ən yaxşı...

Qadın yeni rəsmi şərh etdikcə, mən daxilimdəki hislərimi şərh edirdim...

Qərara aldım ki, cazibəsinə məftun olduğun xəyalından, bir söz, bir əmr, bir xahiş, bir göz yaşı, bir məcburiyyət, bir çətinliyə görə addım-addım uzaqlaşırsansa, bundan sonra həyatın sadəcə, sayı hesabı bitməyən, anlamına varmadığın, başqasının şərh edəcəyi rəsmlər toplusudur...

Geriyə döndüm, qayıtmaq üçün... Rəsmin qarşısında başqa insanlar var idi....

# 2542 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #