Bu dünyada xəyal qurma - Yeni şeirlər

Banu Muharrem

Banu Muharrem

23 may 2022
# 18:30

Kulis.az Banu Muharremin şeirlərini təqim edir.

Mənə bir nağıl uydur
Ucu yonuq qələmdən.
Bir sığal çələngi qur
Sözlü kələklərindən

Sevgi boya gözümə
Rəngi dodaq balından
Düşün ki, ibarətik
Bir Adəm adasından.

Tırtılını soyundur.
Məxmər kəpənəyindən
Təsəllinə sığınım.
Tanrı bələklərindən

Bu qaranlıq gecədə
Hayqırışlar boşuna
Sevgi niyə getmir ki
Allahının xoşuna?!

Sağ üzümdə xala bax,
Soldan utanmışlığa.
Biz nə vaxtdan tanışıq?!
Təninə acmışlığa.

Bu darıxmaq sözünün
ocağını sən qala.
Süfrə ola, sübh ola.
Eşqi süzək bardağa.

Cığallıq oynamayaq
Dürüstlüyün eşqinə
Sinəndən ulduz uçsun.
Dil -dilə ilişəndə.

Nəisə, oyan artıq
Sünbüllər də oyanıb.
Nə şıltaq yuxu idi))
Axmaq bizə aldanıb.

***
Daim yerə düşməz ki,
hər beş hərfli İ N S A N
O gün bu yerlərdən
düşmüşdüm göy üzünə.
Yerdən uzaqlaşınca
-qırılmışdı qanadım.
Yerə öyrəşmişəmmiş,
Bunu göydə anladım.

Vurulmuşdum ruhumdan,
qopurdum qanadımdan...
Qan da qara axırdı
çiynimin məzarından..
Mən hələ anlamırdım-qanad məndən qopurdu?!
Yoxsa mən qanadımdan?!..
Ürəyim ağlayırdı torpağın üzərinə.
Günəşin şəfəqiylə yerə enən təşvişə.

Bax onda anladım ki,
hər insan göyə düşməz,
Qan da qırmızı axmaz...
Bütün göyə düşənlər
qanadlarından uçmaz.
Üfüqləri qucanlar
Qanadından tutunmaz...


Çarəsizliyin şeiri

Mən ki çaydanlıqdan süzülməmişəm.
Balın pətəyində boğulmamışam..
Mən hələ günəşlə isinməmişəm.
Mən yaş caharıma iz axtarıram.

İnam istəyirəm əvəzsiz, sonsuz
Yaradan yaradan günah qulundan.
Yağış sularından sonrakı, şehli
Torpaq qoxusundan, gül qurusundan

Mən hüzur adında kənd axtarıram.
Gecəsi gündüzə nəğmələr qoşan.
Telimə toxunan barmaq ucundan
Ana istəyirəm nağıl danışan.

Mənə gülüş verin, nolar yanaqdan
Qəmzəsi daxmamın qapısı olsun.
Açıb illər sonra getdiyim evdə
Anamın telindən tel qalmış olsun.
Bir ağrı dadında dağ istəyirəm.
Adım Ağrıdağlı olsun ,eybi yox
Balamın ağrısı canıma hopsun
Canımın canı da çıxsın , eybi yox..
Sevgi istəmirəm, tək dayanacaq
Qəbirə gedəcək yol axtarıram.
Bütün bu dünyanın yükü belimdə
Ölməyə bir quru can axtarıram.

Vicdanım Haqqı

Uzun sözün iç çəkən qısa misrası tək
Zəmhəri ayının işığı altda
Məhşər qapısında, qürub ahında
Sənə bir tikəlik qucaq payım var.

Fəqət gələn zaman səbir atınla gəl .
Gizlə ovuclardan həyəcanını
Mən qaçan səmaya ağ gömləkdə gəl.
Birdə sıxma girdab dodaqlarını.

Elə ki üzləşdik, əlini uzat
Amma toxundurma barmaqlarını .
Sən Allah əlinin qabarlarını
Birdə məndən məsum baxışlarını
Başqa gözəllərlə xəyallarını
Bölüşmə mənimlə, çəmənlər haqqı...

Qoy qalsın kam anda o arzular da
Dalğalarla süzən qağayılar da...
Qısqansın paklığı Göydə Allah da.
Lap and içər olsun:
– sevginiz haqqı...

Bu cür hekayələr çox oxumuşam.
Ya heç yatmamışam, betər olmuşam
Sənin zümzüməndən ayılmamışam.


Nə bilim ee?!

Küslüyünü ver küləyə
Məni çılğın sevdanla vur.
Xəbər bildir, giley elə.
Nə bilim e, şuluqluq et,
İncikliyə bir limon sıx.
Şərbət töküb, şirin elə.

Gəl barışaq. Söz! danışaq...
Qürurdan yerə düşməyək
İki inadkar tərsliyə.
Sözgəlişi bir jestinə
Nə bilim e, nəvazişə..
Barışarıq, bir öpüşə.

Xıncını al, hirsi soyut
Adımı dilindən soyut
Alınmır bizdə bu- "unut"
Nə bilim e, balacalaş
O dördcə addım yaxınlaş
Saçlarımdan yelləncək qur .

Gəl gizlənmə... gilizlənmə.
Bu da bir cür qocalıqdır
– "Ayrılığa həvəslənmə".
Söz qısası-dön yerinə
Nə bilim e, qollarından uçurtma qur
Məni uçur, yaylaqlara-sizin kəndə.

Canımçün

Axşam çağı yolum döndü sahilə
Gördüm düşüb söyüd qolu vah ilə.
Əvvəl sandım-acığ verir "pah" ilə.
Demə, eşqdən yelkən açıb palıdçün
İnan mənə, bax deyirəm, canımçün.

Baxma, çayda su üstündə yarpağa.
Etibarsız dünyadı da qalmağa.
Bir şəhzadə olacaqdı qurbağa
Demə o da bir nağılmış uşaqçün.
Bu dünyada xəyal qurma, canımçün.

Ay yorular, gedər girər yorğana
Günəşdir bu, hər an girər min dona.
Mən inandım insafsıza, sözxoşa.
O da məntək şair imiş – yalançün.
Aldanma da hər şeirə, canımçün.

Bir vərəqə bir darıxmaq yaz ordan.
Qulağıma pıçıltılar as ordan.
Pak, məsum qal, uşaq kimi bax ordan.
İçimizdə var bir körpə-azarçün
Sən nə gözəl danlanırsan, canımçün.

İncinmək zamanlıq barış işidir.
Daha az sevinmək kasıb işidir.
Çox demək,az yemək qadın işidir.
Deyinərəm, incidərəm halımçün
Yenə səni çox sevərəm, canımçün

# 7301 dəfə oxunub

Müəllifin son yazıları

# # #