Avtomobil qəzasından sonra tapılan qanlı “pampers”

Avtomobil qəzasından sonra tapılan qanlı “pampers”
1 aprel 2013
# 16:44

Sərdar Amin

Yarı yolda qalanlar...

Ürəyi zəif olmayanlar üçün

Yəqin ki, bu tarix heç vaxt yadımdan çıxmayacaq: 21 fevral, 2011.
Həmin gün ilk dəfə meyit görmüşdüm...

Həmin gecə saat 4-ə 25 dəqiqə işləmiş redaktorum mənə zəng etdi. Yuxulu idim. Ancaq dedikləri indi də qulağımda cingildəyir:

- Bakı yolunda qəza olub. İki nəfər ölüb. Ölənlərdən biri hələ maşındadır, çıxara bilmirlər.

20 dəqiqə sonra operatorumla hadisə yerində idim. İlk dəfə idi ki, hadisə baş verən məkana çəkiliş meydançası kimi baxa bilmirdim. Əlimdə mikrofon olsa da, jurnalist olmağı bacarmırdım.

Avtomobil qəzasında dayı-bacıoğlu dünyasını dəyişmişdi. Ölənlərdən birini maşından çıxarsalar da, digərini ayıra bilmirdilər . Xilasedicilər dəmirkəsən elektrik mişarıyla avtomobili bir neçə yerə bölmüşdülər. İçəridəki insan elə sıxılmışdı ki, avtomobili hissələrə ayırmağa çalışanlar, istəmədən mişarla meyiti kəsmiş olurdular.

Mən bilirəm, xilasedicilər soyuqqanlı, daşürəkli adamlar olur. Amma, budur növbəti mənzərə: əzilmiş avtomobilin üstündə, qığılcım saçan elektrik mişarını Allaha qaldırıb silkələyən xilasedici hönkürtü ilə ağlayır... Əlimikrofonlu müxbirin üstünə müsahibə verməyə yox, boynunu qucaqlayıb hönkürməyə gələn qardaş...

Baş verənlərdən ağlını itirib, ölən oğlunun ayaqqabı tayını axtaran ata... Hələ bir qadın var: eyni anda oğlunu və qardaşını itirən qadın...

Təəssüf ki, gördüyüm dəhşətli nəqliyyat hadisələri bununla bitmədi. Sonra qəzaların birində qanlı pampers gördüm...
Sonra sahibiylə birgə qəzada ölən hindtoyuğu...

2013-cü ilin Novruzunda Azərbaycanda baş verən yol qəzalarıyla bağlı statistika dəhşət saçırdı. Bayram günlərində Azərbaycanda avtomobil qəzaları nəticəsində 36 insan öldü. Bayramda ölmək dəhşətdir; özündən sonra bir neçə ömrün bayramını məhv edirsən.

Neyləyək? Qəbiristanlıqda “Avtomobil qəzalarına son!” şüarlı aksiya keçirə bilmirik.

Bir düşünün, axı mənzilə gec çatmaq ölümə tez çatmaqdan yaxşıdır!

Özünüzü öldürməyin atalar, sevgililər, dostlar! Axı bu heç intihar da deyil!

# 2669 dəfə oxunub

Oxşar xəbərlər

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

14:30 14 iyun 2024
Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

11:30 23 may 2024
# # #