“Taclını qaçırdılar, həqiqətən mən Xətayiyəm”

“Taclını qaçırdılar, həqiqətən mən Xətayiyəm”
6 mart 2013
# 16:46

Nejat

Eşqi-Şah

(tragikomediya)

Hələ üç il bundan əvvəl qərara almışdm ki, elmi yaradıcılığımı yekunlaşdırıb, tarixi bədii əsər ortaya qoyum. İllərdir tarix araşdırmaçılığı ilə məşğul olan birisi üçün, bədii ədəbiyyat yazmaq elə də asan deyil. Uğurlu yazıçı olduğumu sanmıram, əks halda gün ərzində səhifə yarım yazmazdım. Yazıçılıq heç də asan bir mövzu deyil. Hər gecə gözümə yuxu girmir, masa arxasında oturub elə hey fikirləşib, 1-2 cümlə yazıb yenidən fikirə dalır, beynimin dərinliklərindən bir neçə cümlə qoparmağa cəhd edirdim.

Yazdığım romanın mövzusu Səfəvi-Osmanlı münasibətləri ilə bağlı, xüsusilə də Şah İsmayılla, Sultan Səlimin həyatı haqqındadır. Eyni millətə mənsub olan bu xalqın yaratdığı böyük fəsadlar, xüsusilə də İslamın böyük parçalanmasının bizə verdiyi fəsadları qələmə alıram. Təbii ki, buna ədəbilik qatıb, Şah İsmayılın Taclı xatuna olan məhəbbətini də yazıb, oxucularda xoş təəssürat yaratmağa cəhd edirəm. Əslində, yazdıqlarım və yazacaqlarım çoxlarına məlumdur, amma gec yazmağımın səbəbi isə bacardığım qədər fərqli faktları qələmə almaqdır. Çünki, bu günə kimi çoxları bu haqda yazıbdır. Məhz buna görə də mən, tez-tez depressiyaya düşərək, özümü içkiyə verirəm.

Elə mənim yazıçılığım, yoldaşımla arama nifaq da salır. Lalə mənə tez-tez deyir ki, bəs gedib normal iş tapıb işləyə bilərsən. Mən də həmişə buna görə dava salıb, yazmağa olan həvəsim də yarımçıq qalır.

Qardaşım Səbuhi Rusiyadan gələndən sonra, ancaq qızıl axtarmaqla vaxtını keçirir, ona gələn istənilən informasiyanı ciddi qəbul edərək, beli və qarmağı belinə alaraq, qışın soyuğunda, yayın istisində dağlara qalxaraq qızıl axtarmaqla, yeri qazmaqla məşğul olur. Əslində, elə də uğursuz sayılmaz. Tunc dövrünə aid əmək alətləri, Mezolit dövrünə aid qəribə fiqurlar tapıb mənə diaqnozunu qoydururdu. Daha sonra Gürcüstandan, Dubaydan alıcılar tapıb, əlindəki olan malları, dəyər -dəyməzə satırdı.

Hətta bir dəfə, o, keçmiş bəylərdən qalan bir evi öz yöntəmləri ilə axtararkan, bir banka dolusu onluq qızıl tapmış, bir neçə ay gözə dəyməmişdi. Ehhh… Qardaşımdı da, nə qədər danlayasan, yenə də onda alınmır ki, alınmır, bu işdə istedadı var, ancaq, əlinə pul keçən kimi ona-buna borc paylayar, sonra da beş parasız qalar düzlərdə. Hə, bir də bayaq dedim ki, bəs onun özünə məxsus yöntəmləri var. Qardaşım Səbuhi demək olar ki, qızıl axtarmaq üçün saysız hesabsız kitablar oxuyub və özünə məxsus bir şey tapıbdır. Demək, mislə, alüminiumu əridib qarşdıraraq, iki çubuq hazırlayır, onu paralel olaraq birləşdirib yerindəcə dayanır, çubuq onu hansı tərəfə çəkirsə və “X” formasında işarə verirsə, demək ki, xəzinənin düz üstündədir. İlk öncə buna inanmırdım, amma sonralar, inanmağa başladım. Çünki, sübut elədi. Yoldaşım Lalə, sırğalarını və üzüklərini Səbuhinin görməyəcək bir şəkildə bir yerə gizlətdi. Düz 5 dəqiqə içərisində qardaşım çubuqları sayəsində sırğaları tapdı. Əgər bu qeyri-qanuni olmasaydı, bəlkə də qardaşıma Nobel mükafatı düşürdü.

Nəysə, qardaşımdan çox danışdım. Amma yenə də qardaşıma qayıtmalı olacağam. Evdə oturub roman yazmağa çalışırdım, ancaq alınmırdı. Birdən qapı döyüldü və Lalə gedib qapını açdı. Qapının arxasında elə qardaşım Səbuhi dayanmışdı. Həyəcanlı şəkildə evə daxil olub mənə yaxınlaşdı:

- Salam Altay, necəsən?

- Yaxşıyam sağol, sən necəsən? Yenə haralardasan? – mən onun böyük qardaşı olduğumdan, səsimdə gileylənmə var idi.

- Gədəbəydəydim. Oranın dağılmış “Qız qalası” var idi, getmişdim oranı yoxlamağa.

- Nəsə tapa bildin?! – maraqla soruşdum.

- Tapdım. Ancaq xəzinə yox, xəritə tapdım.- deyib, qoruyucu solafana bükülmüş qədim kağızı çıxardıb stolun üstünə qoydu və sonra davam elədi: “Zəhmət olmasa bax gör, bu nəyin xəritəsidir”

Tavandan sallanan çırağın bütün işığını yandırdım və kağızı diqqətlə gözdən keçirdim. Üzərinə farsca yazılmışdı:

“Rəhman və rəhim olan Allahın qızılbaşlara bəxş etdiyi sərvət burada yatır”

Bu cümləni səsli oxudum, Səbuhinin də, Lalənin də, mənim də gözlərimiz bərəldi və ağzımız açıldı. Xəritəni lupa ilə incələdikdən sonra, təqribən Ağdaş ərazisinə düşürdü. Səbuhiyə harada yerləşdiyini izah elədim. O isə mənə təklif etdi ki, gedək birlikdə çıxaraq, daha sonra aramızda bölüşdürərik. Mən tərəddüt edirdim, ancaq, Lalə bir tərəfdən elə hey məni məcbur edirdi ki, gedib çıxardım ki, bundan sonrakı həyatımızı hansısa bir adada firavancasına yaşayaq. Sonda razılaşdım. Sonra kitablar açıb baxdım, maraqlandım və nəticəyə gəldim ki, Şah İsmayıl 1501-ci ildə Bakıya hücum edəndə, ola bilsin ki, Şirvanşahların bütün sərvətini Ağdaşa basdırıblar. Fikirləşdim niyə Ağdaş? O vaxt demək olar ki, orada yaşayış yox idi. Ağdaşın ilkin adı da “Ağzıbir” olub, ola bilsin bu qızılbaşların orada iqamətgah salması ilə əlaqədar olubdur.

Səbuhi ilə danışdıq ki, səhər saat 6 tamamda gəlib məni maşını ilə götürəcək. Ürəyimdə xoş ümidlər yarandığı üçün, artıq yazı yaza bilməzdim. Gedib yatağımda uzandım və Lalə gəlib yanımda uzandı. Xüsusi şövqətlə başını sinəmə yaslayıb mənə dedi:

- Allah eləsin, oradan nəsə tapa biləsiniz. Həyatımızı dəyişək, biz də gün üzü görək.

- Belə şeyə çox ümid bağlama, əzizim. – əslində mən Lalədən də ümidli idim. Büruzə vermək istəmirdim. Gecənin 3-ündə birtəhər yata bildim, qəlbin ümidə bağlanması elə bir hissdir ki. Uşaq vaxtı da belə idim. Atam mənə demişdi ki, sabah gedəcəyik sənə velosiped almağa, səhərə kimi yatmamışdım, yaşa dolub 43-ə çatanda, səhəri gün maddi gəlirinin birdən yüzə qalxacağını fikirləşdicə də, yatmağa imkan olmur, içimdəki uşaqlığım oyanır, gözəl gələcək planları qurub, xəyallara dalırdım. Xəyallardan ayrılıb, yatmaq istəmirdim. Amma necə oldusa, yatdım və Səbuhinin yavaşcadan qapı döyməsi ilə oyandım. Yoldaşım bizə, çörək arası kotletlər, hazırlayıb pomidor, xiyar solafanın içərisinə qoyub bizə verdi. Onun alnından öpdüm və daha sonra maşına mindik, ona əl sallayarkən şahidi oldum ki, arxamızca su atır. Ürəyimdə özümə söydüm ki, vaxtı ilə düzgün pul qazansaydım, indi Lalə də xəzinə ümidi ilə yaşamazdı. Nəbilim, bəlkə də mən özüm onun xəzinəsi olmalı idim, amma ola bilməmişəm.

Yol boyunca Səbuhi ilə söhbət edə-edə getdik, arada maşını saxlayıb, bir tikə çörək yeyib , siqaret çəkdik. Daha sonra yenə yola düşdük, saat 10 tamamda artıq ,Ağdaş rayonunda idik və xəritəyə əsasən, yola davam etdik, rayonda adam gözə dəymirdi, biz artıq Qaraoğlan kəndinə gəlib çıxmışdıq. Xəritədə təsvir olunan böyük qayanı görüncə, həyəcandan ürəyimiz qopacaqdı. Yox səhv dedim, mənim ürəyim qopacaqdı, Səbuhi artıq belə şeylərə öyrəşmişdi.İndi sırf xəritəyə görə hərəkət edəcəkdik. Qış olmasına baxmayaraq, düzənlik yerlər olduğu üçün günəş bizim üzümüzü yandırırdı. Səbuhi belinə çadırı yükləyib, mənsə, belləri qucaqlayıb xəritəyə baxa-baxa yol gedirdik. Xəritəyə görə, təpədən şimala 300 addım getməli idik və elə də etdik. 300-cü addımı tamamlayanda dayandıq. Səbuhi belindəkiləri yerə töküb, siqaretini yandırdı. Çantasının içərisindən çubuqları götürüb paralelləşdirdi. Çubuqlar qardaşımın ovucları içərisində dövrə vururdu. Başını qaldırıb üzümə baxdı və dedi:

“Xəzinənin düz üzərindəyik”

***

Matım qurumuşdu. Boğazımdakı şərfi başıma doladım ki, günəş məni birtəhər eləməsin. Torpağı qazmağa başlamışdıq ki, bir kəndli arxamızdan səsləndi:

- Ayə heeey, nağarırsınız orda?

Məni qorxu bürüdü, bura polis gəlsə, xəzinədən də məhrum olacağıq, üstəlik də həbsxananı boylayacaqdıq. Səbuhi öz peşəkarlığı ilə dedi:

- Ə bəs bilmirsən, prezident bu kəndə gələcək, buraya bulaq çəkməliyik. Biz də qara fəhləyik.

- Bə niyə demirsən? Ona canım qurban, balalarım qurban olsun ona. Üstümüzdən əksik olmasın. Kəndin başında qalıram, nə vaxt istəsəniz gəlin oturun dincəlin, yemək zad hazırlayaq.

- Yaxşı gələrik.

- Oldu, sağsalamat! – kəndli başını alıb, çıxıb getdi.

O qədər güldüm ki, 15 dəqiqə yeri qaza bilmədim. Bu qardaşımın ali təhsili filan yoxdur, amma o qədər peşəkarlaşıbdır ki, gəl görəsən. Hər çətin vəziyyətdən çıxmağı bacarır.

Yeri qazdıqca, işimiz ağırlaşırdı. Səbuhi kürəyi torpağa sancıb, tərini silib dedi:

- Bu xəzinə tilsimlidir.

- Necə yəni tilsimli?

- Torpağı qazmaq olmur. Belə hallar tez-tez olur. Bura cadu ediblər, cinlər qoruyur buranı.

- Hahaha. Ciddisən?

- Hə ciddiyəm. Çox başıma gəlib bu. Dostum Qafar yeri qazanda hətta üzünə qaz vurmuşdu, 3 gün sonra da rəhmətə getmişdi.

- Nə edək bəs?

Səbuhi çantasından qalın kitab çıxardı. O həm də dindar idi. 30 dəqiqəyə yaxın dua oxudu. Daha sonra yenidən qazmağa başladıq. Nə kəramət idisə, torpaq yumşalmağa başladı.

İki metrdən artıq dərin qazmışdıq. Birdən kürək dəmirə dəydi. Ətrafını təmizləyəndə gördük ki, bəs bu yerin altına açılacaq kiçik bir qapıdır. Dəmirin üstündə baş barmağı olmayan əl şəkili var idi. Səbuhi belə dedi:

- Demək, bu işarənin mənası o deməkdir ki, bura girib dörd addım gedəndən sonra sol əlin baş barmağı olmadığı üçün elə sola dönmək lazımdır. Amma tələ də ola bilər, içəri girəndən sonra bura uçsa, ikimiz də ölə bilərik. Amma belə sirli bir yerin, ola bilsin tonlarla xəzinəsi var. Risk eləməyən şampan içməz! Girməkliyik. Ya Allah!

İkimiz də əlimizə fənər alıb qapısını açıb içəri girdik. Nəm daşlardan 4 iri addım qabağa getdik, ətrafda heç nə görsənmirdi. Sonra sanki 4 yol ayrımına gəldik. Səbuhi dedi ki, bəs bu yollardan 2si ölümə, 1i isə xəzinəyə aparır. Qapıdakı sol əlin işarəsinə görə Səbuhi sola dönüb getməyə başladı və mən də onun arxası ilə davam edirdim. 43 yaşıma çatmağıma baxmayaraq xeyli qorxum da var idi.

İçəridə ağır nəmişlik qoxusu var idi. Daha sonra Səbuhi bir otaq kimi yerə girdikdən sonra bərkdən-bərkdən qışqırmağa başladı. Az qalsın mənim ürəyim dayansın qorxudan. Fikirləşdim ki, nəsə bədbəxt bir hadisə baş verdi. Sən demə bu, Səbuhinin sevinc çığlıqları imiş. Mən də otağa girər girməz qışqırmağa başladım. Bir-birimizi qucaqlayıb sevincdən atlanıb düşürdük. Çünki, qarşımızda bir xəzinə var idi. minlərlə qızıl pullar, almaz boyunbağılar, qədəhlər və s. və ilaxır. Həmin vaxt sevincimi təsəvvür edə bilmərəm. Vaxt öldürmək istəmədik, bütün xəzinələri dolduruq böyük çantalar, belimizə vurub çıxmaq istəyirdik ki, tavandan torpaq tökülməyə başladı. Səbuhi dedi ki, gərək səs salıb, atlanıb düşməzdik. Səbuhi qabaqda çıxdı belindəki çantanı çölə atıb çıxdı, mən əlimdəki çantanı ona uzatdım və o götürdükdən sonra əlimi uzadırdım ki, bütün torpaq üzərimə gəlməyə başladı. Eşitdiyim son səs Səbuhinin “Altay, qurban olum” deyə həyəcanlı səsi idi. Torpaqların arasından sürüşüb çıxan böyük çay daşı başıma tuş gəlmdişdi.

***

Yerin iki metr dərnliyində idim. Mən ölmüşdüm? Məni basdırmışdılar? İlk öncə heç bir şey xatırlaya bilmirdim. Başıma daş düşəndə özümdən keçmişdim. Bilmirəm neçə saat , 1-mi, 2-mi, 3-mü, 10-mu torpaq altında bihuş vəziyyətdə qalmışdım. Məni oyandıram, qulağıma yavaş-yavaş sürtülən bir şey olmuşdu. Hər şey xatırlayandan sonra arxaya çəklib, bədənimin yarısını torpağın altından çıxartdım, daha sonra fənəri yandırdım və böyük bir ilanın düz üzümə baxdığını gördüm . Qəflətən, qışqıra-qışqıra ayağa qalxdım, qaçmağa da yer yox idi, xoşbəxtlikdən ilanın başı ayağımın altında qalıb əzildi. Yoxsa oradaca məni sancacaqdı.

Ətrafı gözdən keçirdim, buradan bir çıxış yolu olmalı idi. Amma necə? Bir dəhliz torpaq altında qaldı. Səbuhi mənə demişdi ki, bu yollardan biri sadəcə xəzinəyə, digərləri ölümə aparır. Bəlkə elə deyil? Ayrı variantım yoxdur, burda qalsam da öləcəyəm, bu iki yollardan birini də seçsəm öləcəyəm. Sağ tərəfdəki dəhlizi seçərək, nəmli divarların arası ilə getdim. Ayağımın altına fikir verirdim ki, ilanların qəzəbinə tuş gəlməyim. Çox keçmədən bir otağa çatdım. Tən ortada parlaq bir şey var idi . Əlimdəki fənərin işığı onu çox parladırdı. Ona yaxınlaşıb yaxından baxdım. Bu, əlimin içi böyüklükdə xüsusi naxışlarla işlənmiş qızıldan şir idi. Gözlərində almaz var idi. Heyran olmuşdum. Quyruğunun ucunda da parlaq bir almaz var idi. Bu şirin həm də, qanadları var idi. Qanadlarına hərflər yazılmışdı. Nəfsimə tabe olmayıb qanadlı şiri əlimə aldım. İşığı salıb oxumağa çalışdım. Şir ümumiyyətlə farsların tarix boyu sembolik rəmzi olubdur. Əhəmənilərdən tutmuş, bu günəcən. Qanadların üzərində oxuduğum ilk söz XVI əsrə aid idi. Ora “Tilsimdir” oldu. Xırda hərflərin hamısını oxudum:

“Su tapa bilmədim vurdular yezidlər boynumu

Əli çək zülfüqarı al məni torpaqdan

Məni çəkin öz dövranınıza

Gəlim sizin yanınıza” – bu sözləri 3 dəfə təkrar etməyim yazılmışdı.

Mən də elədim, 3-cünü də tamamladım. Heç bir şey olmadı. Belə tilsimlərə inanmağım özü ayıbdır, mənim kimi tarixçi alim həm də! Amma dayanın bir dəqiqə. İçəri sirkələnməyə başlayır. Bu nə idi, İlahi?Uzaqdan bir işıq görsəndi, aşan torpaqların arasından qaçaraq işığa doğru qaçdım.

Tökülən torpaqlardan canımı zor qurtarıb, nəhayət ki, açıq havaya çıxdım. Yerə uzanıb, ulduzlu səmaya baxıb, Allaha təşəkkür elədim, sevincimdən qanadlı şiri də öpdüm. Elə quru torpağın üstündəcə uzanıb ağlayırdım.

Ətrafda Səbuhi görsənmirdi. Yarım saat elə yerdə oturub şükür edə-edə ağladıqdan sonra yerimdən qalxıb yaxınlıqdakı kəndlərdən birinə getmək üçün elə hey üzüyuxarı getdim. Gecə yarısı bir kəndə çatdım. Bütün daxmaların işığı sönülü idi. At arasbasının yanında böyük samanlıq var idi. Özümü ora atdım, o qədər yorulmuşdum ki, elə oradaca yatmışdım.

***

Həyatımda hər şey bu gün dəyişdi. Gözlərimi qışqırıq səsləri açdım. Əlləri qolları zəncirlənmiş qadınları, kişiləri sıraya düzmüşdülər, hamısı yalvarırdıar. Hündürlüyü iki metr olan qazanların hardasa onunu yan-yana düzmüşdülər və qazanların hamısı qaynayırdı. Qəribə geyinmiş iri bədənli kişilər, ilk baxışdan dilənçiyə oxşayanları döyür və üstlərinə qışqırırdı:

- Denən, sünnilərə Allah lənət eləsin!Haqq olan şiəlikdir!

- Allah şiələrə lənət eləsin!

Qadın bunu deyər-deməz onu bir başa qaynar qazanın içinə atdılar. Daha sonra növbə ilə digərlərini. Mən gözlərimə inana bilmirdim. Fikirləşdim ki, bəlkə də bu kənddə film çəkirlər. Hansısa tarixi bir film. Mən də gülə-gülə gedib onların yanında durdum. Bir nəfər qaçmaq istərkən, qədim əsgərə oxşayan biri onu yaxaladı və belindən xənçəri çıxarıb yerindəcə kişinin başını kəsdi. Qanı hətta mənim üzümə fışqırdı. Dik atıldım, bu film deyildi, bu həqiqət idi. Mən dözə bilmədim və qışqırdım:

- Sizin başınız xarab olub? Biz hüquqi dövlətdə yaşayırıq, günü günorta hamının içində adam öldürürsünüz? Ay camaat, niyə biriniz polis çağırmırsınız?!

Bayaq nalə çəkən qazana atılacaq insanlar da susdu, hər kəs təəccüblə mənə baxdı. Eşidilən səs sadəcə toyuqların səsi idi. Kənarda duran atlılar üzərimə at sürməyə başladı və dəstənin başçısı uzun saqqalı, başında qızılı rəngdə çalma papaq olan zəhmli kişi, atı qarşımda iki ayaq üzərində kişnədib mənə jest çəkdi, daha sonra qalın səsi ilə dedi:

- Naxələf oğlu, naxələf! Sən nə danışırsan? Kimsən sən? Bu necə paltardı geyinmisən? Hardan gəlmisən?

- Bakıdan gəlmişəm.

- Biz də Bakıdan qayıdırıq, Bakıda belə geyinən olmur. Üzündə saqqal yoxdur. Yoxsa firəngsən?

- Yox a kişi, nə danışırsan, nə oyundu burda qurmusunuz. – hələ də bir şeydən baş aça bilmirdim.

- Sünnisən, şiə?

- Müsəlmanam! Bu nə suallardı verirsiniz? Hamınızı polisə verəcəyəm!

Digər atlılardan biri mənə suallar verən zəhmli kişiyə dedi:

- Hacı Zaman, burada işimizi bitirmişik, çox keçmədən Osmanlı qoşunları buralara yaxınlaşacaq. AxıPaytaxta xəbər çatdırmalıyıq!

- Nə Osmanlı? Məzələnirsiniz mənimlə? – araya qarışdım.

- Bəs bu adamı nə edək?- Hacı Zaman dedi.

- Aparaq paytaxta, nəsə mənim də gözüm su içmir. Ola bilsin ki, başqa ölkənin xəbər alıb gətirənidi. Qoy aparaq, taleyinə Əlahəzrət cavab versin.

Daha sonra Hacı Zaman deyilən şəxs, mənim əlimi qolumu bağlatdırdı və bir dəvəyə oturtdu. 2 gün dayanmadan yol getdik. İş burasıdır ki, Azərbaycanca danışılan yerdə, Azərbaycandan, şəhərlərdən əsər əlamət yox idi. Az qala dəli olacaqdım. Elə bil əsrlərin gerisinə düşmüşdüm. Mənim dəvəmi dartan adamdan soruşdum ki, indi hansı ildir. Mənə cavabında Hicri təqviminin 884cü ili olduğunu söylədi. Hicrinin 884-ü bizim ilimiz ilə 1514-cü il edirdi. Daha sonra bir də soruşdum:

- Hara gedirik?

- Paytaxta, Təbrizə! Əlahəzrət qoşun yığır. Çox sevinmə!Yəqin sənin də boynunu orada vuracaqlar!

Mən susdum. Daha nə danışa bilərdim ki! İnanılması güc də olsa, qanadlı şirin tilsiminə tuş gəlib, bu zamana gəlib çıxmışdım. Özü də 1514! Ən qanlı il! Bu məntiqə uyğun deyildi , amma yeri göyü yaradana and olsun ki, mən dəvənin belində 1514-cü ildə Təbrizə gedirdim.

Şəhərə çatanda, qədim Təbriz məni öz gözəlliyi ilə təəccübləndirirdi. İnsanlar küçə bazarlarına yığılıb, al-ver edir, kənarda qızılbaş əsgərləri cüt-cüt oyana –buyana gedib-gəlirdi. Məni Şah İsmayılın iqamət etdiyi 1483-cü ildə Yaqub padşah tərəfindən tikilən, Həşt-Behişt saraynın zindanına atdılar. Mən olanları anlamağa çalışarkən, qızılbaş əsgərlərindən biri mənə yaxınlaşıb, bu axşam Əlahəzrətin bir-başa özü məni sorğu-sual edəcəyini söylədi. Mənə bir qismət köhnə çörək verdilər ki, qarnımı doyurum. Daha sonra gəlib məni Şahın iqamət etdiyi salona aparmağa tələsdirdilər. Arxamdan elə hey itələyirdilər. Mən də sarayın gözəlliyindən heyran qalmışdım, divarlarda çox canlı miniatürlər çəkilmişdi. Tarix sübut etmişdi ki, İsmayıl mədəniyyətin aşiqi idi. Bu sarayda bunun sübutu idi. Çünki, Şah İsmayıl bu saraya əl gəzdirtdirmişdi.

Çox keçədən, uzun dəhlizlərdən keçib məni böyük bir ziyafətə saldılar. Əlim,qolum bağlı idi. Hər kəs məni görüb susdu. Kənarda qızların musiqi alətlərindən çıxardığı xoş səs də dayandı. Hər kəs təəccüblə mənə baxırdı. Mən hələ də şahı görmürdüm, düz mərkəzə gətirib dizimə təpik vurdular, diz çökdüm, başım qaldıranda beş –altı metr aralıda şahın düz üzünə baxdım. İnana bilmirəm, Şah İsmayılın düz qarşısında diz çökmüşdüm. O həqiqətən çox gənc idi, üzündə səliqəli uzun saqqalı, qızılı rəngdə şah geyimi, başında iri qızılbaş papağı, papağın ortasında parlayan qırmızı almaz var idi. Gözlərinin içi ışıl-ışıl parlayırdı. Amma üzündə gənc yaşı olmasına baxmayaraq, kədər də hiss olunurdu. Təbii ki, bu kədər hamımıza məlumdur. Keçirdiyi keşmə-keşli uşaqlığı, anasını öz əlləri ilə öldürməyi və s. Şah qalın səslə mənə səsləndi:

- Ey mürvəd, deyirlər Firəngistanlısan! Düzdürmü?

- Yox Şahım. Mən izah olunmaz bir yerdən gəlirəm.

- İnsan! Bu dünyaya gözünü açan hər kəs izah olunmaz bir yerdən gəlir. Sən heç Allahın bizim bədənimizə ruhu necə verir izah edə bilərsənmi? O verilən ruhun yerini bizə deyə bilərsənmi?

- Haqlısınız, Şahım!- heç özümdə bilmirdim nə deyim.

- De görüm, kimsən, nəsən! Hansı xalqdansan!

- Şahım, mən Bakıdanam. Amma bu dövrə mənsub deyiləm.

Bu sözü deyər-deməz şahın üzündə təbəssüm yarandı. İçəridəki qadınlar da, kişilər də güldü.

- Adəm övladı, mən də bu cahana sığmıram, başqa dövrlərdə özümü görürəm! Amma mən sənin kimi təkkəbbürlülük etmirəm!

- Mən səhv anladınız! Mən 1382-ci ildən gəlirəm.

- Hahahaha! Təlxək! Məni çox güldürdün!

- And olsun Allaha, haqlıyam!

- De görüm, onda tarix bizdən nə danışır? – O artıq mənimlə zarafata keçmişdi.

- Siz həyatı boyu kədər içərisində yaşayıbsınız! Ədəbi divanınızı hər kəs əzbər biləcək həmişə!

- Çox gözəl! Məni əyləndirirsən! Bəs bu kafir Osmanlılara nə deyirsən?!– qarşıma bir xurcun qızıl atıb dedi.

- Səlim şah Çaldıranda sizi ağır məğlubiyyətə uğradacaq, siz də taxtdan əlçəkmək istəyəcəksiniz.

Şah İsmayılın rəngi ağardı. Əsəbləşib ayağa qalxdı. Daha sonra “Sərdar Zaman xanın tez bura gətirilməsini əmr verdi”. Çox keçmədən Sərdar Zaman xan burada idi, dizini yerə qoyub onun əbasının ətəyindən öpdü. Şah İsmayıl ona təpik vurub yerə yıxdı və üzərinə şir kimi kükrədi:

- Hələ 3 gün bundan əvvəl biz Çaldıranda döyüşəcəyimizin qərarını alıb, ona görə müharibə hazırlığı yaratmışdıq. İkimiz bu söhbəti eləmişik, bu sirri necə başqasına vermisən?!

- Əlahəzrət, yalvarıram məni bağışlayın. Ancaq, mən heç kimə heç nə deməmişəm. Bu qədər saqqal uzadıb ağartmışam, sizə yalan demirəm!

- Bəs bu mürdət necə bilir, Çaldıranda döyüşəcəyimizi?!

- Mən də baş aça bilmədim, Şah sağ olsun!

Şah üzünü mənə tutaraq dedi:

- Sən kimsən?

- Dediyim kimi, istəmədən bu dövrə gəlmişəm!

- Bu necə olubdur?

Mən gödəkçəmin cibinə qoyduğum qanadlı şiri çıxardıb şaha göstərdim. Şah dərhal münəccimbaşı Ağa Qara-nı çağırdı. Şah onu çoxda deyəsən xoşlamırdı, gələr gəlməz əbasından öpən kimi ona nalayiq sözlər söylədi və başıma gələnləri ona birbaşa özü danışb, qanadlı şiri göstərdi. Molla Başı Səməd də söhbəti eşidib gəldi, o da Quran açıb oxumağa başladı. Ağa Qara qanadlı şirə baxıb bir qədər fikirə getdi və sonra dedi:

- Əgər bunun üzərindəki yazını üç dəfə oxusalar, müxtəlif bəlalar tapa bilər insan. Ya da əksinə, azadlığa çıxa bilər! İmam Hüseyinimizin adına yazılıb, bunu oxuyan imanlı insan əziyyətdən qurtular, imansız isə başına 1001 bir oyun gələr. – Onun sözünü kəsən Molla Səməd dedi:

- Şah sağolsun, bu kafir xanədanımıza uğursuzluq gətirir. Bunun başını dərhal vurmaq lazımdır. Bu şiri də yox edək bir yerdə.

Molla səmədin bu sözünə görə bir müddət udquna bilmədim.

Şah İsmayıl qanadlı şiri götürüb taxtının yanına qoydu və dedi:

- Mən ölənə kimi bu Adəm bəndəsi qonağımızdır. Ona heç kim heç nə edə bilməz, ən gözəl saray otağını ona verin. Dincəlsin, ondan sizlərin öyrəncəyi çox şey var. – Molla Səməd dedi:

- Şah sağ olsun, əgər o vəzir deyilsə, sarayda qalması təğafüllərə uyğun deyil, axı burada sizin hərəminiz də var.

- Əmr edirəm, o yanımda qalacaq! Bir də danışsan bağırsaqlarını boğazına doluyacağam.

Şaha baş əydim, başımın üstündəki əsgərlər əlimi qolumu açdılar Saray xidmətçisi olan xədim Əli ağa mənə gülərüzlə yol göstərib bir otağa apardı. Dediyinə görə otaq Şah İsmayılın otağına çox yaxındır. Otaq geniş, isti və gözəl idi. Divarlarda Səfəvilərin yaşadığı müharibələr təsvir olunmuşdu. Mərv döyüşünü bütün incəlikləri ilə çəkmişdilər. Daha sonra qapı döyüldü, mənim üçün qızlar qablarda yeməklər gətirdilər, və bir də qızılbaş geyimi gətirmişdilər.Qızlar üzümə baxıb gülə-gülə otaqdan çıxdı. Dizlərimin üstündə oturub, qaynar çörəkdən, zəfəranla bişmiş toyuqlu plovdan, iri qabırğa ətlərindən dayanmadan yedim. Neçə gündür düzəməlli yemək yemirdim.

Özüm tarixçi olduğumdan bu hadisəyə həm kədərlənirdim, həm də sevinirdim. Kədərlənirdim ki, öz dövrümdən uzaqda idim, sevinirdim ona görə ki, həyatını yazdığım Şah İsmayılın indi yanında idim.

Yemək yeyib bitrdikdən sonra, yumşaq mütəkkələrin üzərinə uzandım və Xətayinin həyatını fikirləşməyə başladım. Onun iki xanımı olmalı idi. Birinci xanımından Təhmasib olur, ikinci xanımı Taclını o qədər sevir ki, hətta onunla cinsi əlaqəyə girməyə də qıymır. Hə Taclı xatun…

Görəsən, Taclı o qədər-mi gözəldir ki, həqiqətən Şah İsmayıl ona görə taxt-tacdan əl çəkəcək. Kaş görərdim onu! Onunda həyatı çox pis keçibdir. Amma onun gözəlliyi tarixdə dillər dastanı olubdur. Bayaq zaldakı ziyafətdə bütün xanımlar gözəl görsənirdi. Çalğıçılardan tutmuş, bütün qulluqçu xanımlara kimi. Taclını görmək mümkün deyildi. Bəlkə heç orada da yox idi.

Ayağa qalxıb qızılbaş geyimini geyindim. Çox yaraşırdı mənə. Özümü elə şah və ya vəzir kimi hiss ediridm. Daha sonra qapılar açıldı və qızlar içəri daxil olub süfrəni yığışdırdılar. Otağı gəzərkən yenidən qapı açıldı və Şah İsmayıl içəri girdi. Mən diz çökmək istəyirdim, amma o imkan vermədi. Özü yerə əyləşdi və mənim də otumağımı istədi. Daha sonra soruşdu:

- Adın nədir?

- Altay.

- Maraqlı adın var.

- Mənə inandığınız üçün həyatımla borcluyam sizə. Mən istəməzdim həyatım belə gətirsin.

- Mənə gələcəkdən danış!

- Şahım, nə olur olsun, bu müharibəni dayandırmalısınız!

- Necə dayandıra bilərəm axı bunu?! Mümkün deyil!

- Siz eyni millətdənsiniz. İnanın mənə, bunun faciəsini indi heç kim hiss etməyəcək, amma sonrakı illərdə bütün bu coğrafiyanın həyatını sarsacaq! İnanın mənə!

- Adəm övladı! İlk dəfələrdən savaşmaq istəyən elə Səlim idi! Hələ mən balaca olanda, o səbəbsiz yerə mənə suiqəsdlər təşkil edirdi. Allah şahiddir ki, heç bir müsəlman belə etməz.

- İnanın mənə, siz danışıqlara getməlisiniz! Əks halda həm sizin gələcəyiniz təhlükədədir, həm bütün bu millətin!

- Mən dayandırsam da Səlim dayanmaz! Dərviş geyimində buracan gəlib mənimlə şahmat oynayıb! Hələ balaca idim deyə, mənə qalib gələcəkdi. Məktublarımızda daha təhqir etmədiyimiz yerimiz qalmayıb. Mən məğlub olsam da, şərəfimlə olmalıyam. – O qürurlu danışırdı, amma özü də çox kədərlənirdi.

- Gün gələcək özünüzə Xətayi deyəcəksiniz!

- Xətayi? -təəccübləndi – Maraqlı ləqəbdir. Şerlərimin sonuna da xitab edə bilərəm. Məsəlçün:

“Xətayi , işin düşər

Gəlib, gedişin düşər

Dişləmə çiy loxmanı

Yerinə dişin düşər”

- Bu parça məşhur parçadır, ədəbiyyatda. – gülümsəyərək dedim.

- Bədahətən indicə söylədim.

- Bu anın şahidi olduğum üçün sevindim. Bir də dəhnamə yazacaqsınız. Ən maraqlı əsəriniz olacaq. İlahi eşqi tərənnüm edcəksiniz…………

Beləcə səhərəcən söhbət eləmişdik. Günəş doğanda cümə günü olduğundan o, sübh namazı üçün şeyxlik elədi. Millionlarla insan Təbrizin küçələrində Şah İsmayılın arxasında dayanıb namaz qılırdı. Çox qəddar olmasına baxmayaraq, xalq onu həqiqiqətən sevirdi. Şeyxlik edərkən üzünü niqab ilə bağlamışdı. Heç bir qul onun nur üzünü görə bilməzdi.

Həmin gün otağıma geri dönərkən, dünyalar gözəli olan Taclı xatunla da tanış ola bildim. O vaxt dodaq boyası istifadə olunmurdu amma onun iri, qıpqırmızı dodaqları, bəyaz dərisi, iri gözləri, qara və uzun saçları var idi. Hündür boyu ona xüsusi yaraşıq verirdi. Sinəsi açıq büllur boğazından gül ətiri gəlirdi. Həqiqətən, bu müdrik şahın bu qıza bu dərəcə vurulmasında təəccübənəcək bir şey yox idi. Çünki, füsnkar gözəlliyi var idi. O mənə baxdı və yaxınlaşdı. Nəsə dedi ilk öncə duymadım. Çünki, həyatımda gördüyüm bu gözəllik məni başdan çıxarmışdı. Daha sonra onun yenə məlahətli səsini duydum:

- Siz Altay olmalısınız. Əlahəzrət haqqınızda danışıbdır mənə. Mən Taclı xatun.

- Sizin gözəlliyin heç vaxt tarixdə unudulmayıb və unudlmayacaq. Haqqınızda yüzlərlə kitab yazılıb, ancaq heç biri yenə də bu gözəlliyi tərənnüm edə bilməyib. Şahın sizə dəlicəsinə aşiq olmasına görə sizə bu gözəlliyi bəxş edən Allaha şükür etməlisiniz!

- Çox sağolun, məni utandırırsınız! –Taclı xatunun üzündə təbəssüm yarandı, gülərkən yanaqlarında qəmzə yaranırdı. Dodaqları parlayırdı. Sanki, bal çəkilmişdi dodaqlarına. Arı olub, dodaqlarına qonub bal çəkmək istərdim. Onun dodaqlarındakı baldan xoşbəxtlik pətəyi düzəldərdim. Ona mən də aşiq olmuşdum. Ancaq, bunu deməyə cəsarətim yetməzdi.

- Məni bağışlayın, musiqi məşğləsinə getməliyəm. – üzünü örtüb oradan uzaqlaşdı. Bir az onu izlədim. Bir otağa girdi, çox keçmədən oradan həzin ney səsi gəldi.Qapıya yaxınlaşıb, Taclı xatunun ney çalmasına qulaq asdım. Çox kədərli idi . Demək istəyirdi ki, mən xoşbət deyiləm, məni gəlib aparın, ya da öldürün. Ney onun dodaqları arasında bəlkə də daha gözəl səs çıxarırdı. Bu hissi izah edə bilmərəm.

***

Nə qədər cəhd də etsəm Şahı müharibə fikirindən daşındıra bilmədim. Osmanlı qoşunu Çaldıran düzünə ayaq basmışdı. Şah İsmayıla əvvəlcədən hər şeyi demişdim ki, bu döyüşdə silahlar fərqi olacaq. O da buna görə hazırlanmışdı. Uzatmayım, sonra bildiniz nə oldu! Böyük savaş, hər tərəfdən qan fışqırırdı, yüzminlərlə insan hər keçən saat 10min – 15 min azalırdı. Bu savaşda qardaşlar qardaşı , atalar oğullarını, oğullar atalarını öldürürdü. Şah İsmayıl bəyaz atının belində alqan içində dayanmadan savaşırdı. Uzaqdan Səlim də görsənirdi. O döyüşə girmirdi, kənardan baxırdı. İsmayıl bərk yaralandı, onun mühafizəçiləri qorumaq atları onların tərəfə sürdü. İsmayıl atını mən tərəfə sürdü və gözləri yaşlı əlini mənə uzatdı və dedi:

“Taclını qaçırdılar, həqiqətən mən Xətayiyəm”

Daha sonra onu Qəzvin tərəfə apardılar. Mən də ardınca getdim.

***

1 iliçində şah yeməkdən, içməkdən kəsilmişdi. Hakimiyyəti rədd edirdi. Bu da ətrafındakıların uzaqlaşmağına səbəb yaradırdı. Bir çadıra girib ancaq mənimlə söhbət edər, eləcə şərab içərdi. Daha sonra o ağı deyib, qanlı gözlərindən yaş tökər, dayanmadan yazardı. Onun müharibədən sonra birdən-birə 50 yaş qocaldığını hiss elədim. Onun hər söhbəti, mənə “Can Altay” deməsi məni də kövrəldirdi. O, Taclını istəyirdi. Düşünə bilmirdi ki, Taclı Səlimin qulu olubdur. Ona olmazın işgəncələr verir. Ancaq deyirdim ki, o tarixə görə həyatının sonuna kimi firavan yaşayıb. Ancaq, mənə inanmaq istəmirdi ki, istəmirdi. Onun kamil söhbətləri mənim imanımı da artırırdı. Hətta, danışdıqları məni ağladırdı. Allahın təkliyi, ənəl-həq fikirlərinə görə mən öz varlığımı dərk edirdim.

Düz bir il sonra Xətayi müridlərinə əmr verdi ki, münəccim başı Qara ağanı yanına gətirsinlər. 1 gün sonra Qara ağa gəlmişdi. Şah İsmayıl əbasının altından qanadlı şiri çıxarıb demişdi:

- Elə et ki, Altay öz dövrünə qayıtsın, artıq o çox imanlı biridir. – bu sözləri eşidən kimi narazılıq etmişdim. Onun yanında qalmaq istəyirdim. Ancaq, o mənə əmr edirdi. Alnımdan öpüb mənə sarıldı qoxumu ciyərlərinə çəkib, kürəyimə əlini vurdu. Çadırdan çıxıb kiçik bir gölün qırağında dayandıq. Münəccim başı mənə 3 dəfə təkrar elətdirdi:

““Su tapa bilmədim vurdular yezidlər boynumu

Ya Əli, çək zülfüqarı al məni torpaqdan

Məni çəkin öz dövranınıza

Gəlim sizin yanınıza”

3cü söz deyib bitirəndən sonra ayağım istəmədən sürüşdü və kiçik amma dərin gölə düşdüm. Üzə bilmirdim və sanki, nə isə ayağımdan tutub məni gölün dərinliklərinə dartırdı.Artıq nəfəs ala bilmirdim. Sanki, ölürdüm.Gölün dibindən gələn işığa doğru dayanmadan gedirdim….

***

“O burdadı, Altay burdadı, bir az tələsin.” –bu səslərə oyandım. Bədənimin bir hissəsi torpaq altında qalmışdı,başım isə açıqlıqda idi, nəfəs ala bilirdim. Səbuhi və 10larla insan, üzərimdəki torpağı götürürdü. Daha sonra məni oradan çıxarıb tibbi yardım maşınına qoyub apardılar.

Gözlərimi 1 həftə sonra xəstəxanada açdım. Səbuhi və Lalə başımın üstündə durub üzümə baxıb gülürdülər. Lalə:

- Allahım sənə çox şükür olsun, onu bizə bağışladığın üçün sənə minnətdaram.

- Əlahəzrət hardadır? – key kimi idim. Gözüm Xətayini axtarırdı.

- Nə Əlahəzrət? 3 gün torpağın altında qalmısan, səni axtarmışıq. Xoşbəxtlikdən torpaq sinənə kimi gəlib çıxıb. Nəfəsini kəsməyib. – Səbuhi həyəcanla dedi.

- Mən ….

- Canım, nəfəsini yorma. Ən yaxşı xəstəxanadasan. Artıq pul problemimiz yoxdur. – başını qulağıma əyib pıçhıldadı: “ Artıq milyonerik, xəzinə həddən artıq çoxdur”

3 gün içində mən bu qədər böyük bir yuxu görə bilməzdim. Mən həqiqətən Şahla birlikdə idim. Onun qoxusu, səsi, sözləri – hər şeyi xatirimdə idi. Mənim xəzinədə tamahım yoxdu, zatən fani dünyadı, şahım demişkən, “Bu dünya taxt-tac, var dövlət dünyası deyil, eşq dünyasıdır.”

***

Yaşadığım hər şeyi oturdum bədii dildə yazdım. Şah İsmayılı olduğu kimi təsvir elədim, onun dediyi hər cümlə, işlətdiyi hər söz bu kitabda yazdım. İstədim ki, şahımı bütün dünya tanısın. Bunun üçün dünyanın 50 dilində təcrümə elətdirib satışa verdim. Mənim şöhrətdə gözüm yoxdu, ən azından Əlahəzrət mənə bunu öyrətmişdi. Hər şey eşq-i şah üçün. Ola bilsin bunların hamısı yuxumda olub. Amma yenə də mən bunları yaşamışam. Bilirəm!

***

Lalə qərara gəlmişdi ki, köçək buralardan. Gedək Londonda yeni bir həyat quraq. Artıq dünya şöhrətli yazıçı da olmuşdum və millionlar da var idi. O çantaları hazırlayırdı. Tozlu çantamı gətirib qarşıma qoydu ki, içərisində mənə məxsus şeylər var idi. Çantanın tozunu çırpdım, hansı ki, bu çanta ilə keçən il xəzinənin dalınca getmişdim. Çantanın ağzını açdım, əl fənərini çıxardım kənara qoydum. Daha sonra əlim başqa bir şeyə də toxundu. Onu çıxardığımda gözlərimə inana bilmirdim. Bu… “Qanadlı şir” – idi.

Strasburq xatirələri

# 2636 dəfə oxunub

Oxşar xəbərlər

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

14:30 14 iyun 2024
Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

11:30 23 may 2024
# # #