“Balım çatmasa“İncəsənət”i yazaram”

“Balım çatmasa“İncəsənət”i yazaram”
23 may 2013
# 07:00

Elvin Əhməd

”Yaşam fəlsəfəsində "məsləhətli don gen olar" ifadəsi olan toplumun, sərbəst qərar verə bilməmək və məsuliyyəti bölüşmək adətinin olması anlaşılandır. Məsləhət alverində bu qədər geniş ürəkli və əli açıq olan bir toplum görəsən niyə alverin digər sahələrində tərəzidə vurur və qiymət salır?

Bəlkə də məsləhət alverində alıcı ilə satıcı arasındakı münasibətləri tənzimləyən tədavül vasitəsi yoxdur deyə bu qədər geniş ürəkli və əliaçığıq. Bu lap cavabına sual vermək oldu. Necə ki, milli tolk-şoularda mübahisəli mövzuların yekun qənaətinə aparıcılar öncədən gəlir. Belə çıxır ki, tərəflərin mövzu ətrafında qızğın müzakirəsi yalnız reytinq davası imiş...

Mövzudan mövzu doğur, bu da bir başqa mövzunun körpəsi. Bu günə qədər pulsuz-parasız çox məsləhət almışam, amma tərsliyimdən yenə öz bildiyimi eləmişəm. Bildiyim də bir şey ola...Yaxşı ki, bu təvazökarlıq var, yoxsa müştəbehliyimə nə köynək geyindirərdim. Özümə bilmədiyimi heç kimə rəva bilmirəm, bu üzdən mümkün dərəcədə məsləhət alqı-satqısında iştirak etməməyə çalışıram. Aparıcının qorxduğu şey hıçqırıq, o da gəlib canlı yayımda tutar onu. Bir az ilan-yarpız dəstiri.

Bir gün axşam tərəfi qapımızı üst qonşumuz Sənan döydü. Ümumiyyətlə bizə gəlib-gedən birisi deyil, onun üçün xüsusi vurğuladım. Bəlli ki, nə isə təvəqqesi var. Salam, aleykum salam, xoş-beş, buyur içəri. Niyyəti, satmaq istəmədiyimi məcburi almaq. Məktəbi bitirməyinə bir neçə ay qalıb, hələ qərar verməyib ki, sənədlərini hara təqdim eləsin. Əsnəyib indi ayılıb. On il məktəbə gedib-gələn şagird, son bir ildə ya rəssamlığa, ya idmana, ya da incəsənətə sevdalanır.

Çünki bu ali məktəblərə TQDK şkalası ilə ən aşağı bal təyin edilir. Müəllim və həkim məvacibi qədər, ƏDV daxil. Söhbətin kəsəsi mən İncəsənət Universitetini bitirdiyim üçün gəlib məndən məsləhət almağa. Di gəl, imtahanın astanasında durub kömək gözləyənə yardım etmə, özü də bu adam üç meymundan biri ola.

Vaxtında mənə də məsləhət vermişdilər, amma, tərsliyimdən verilən məsləhətin əksini eləyib, bu universitetə girmişdim. Amma Sənanla fərqimiz orasında idi ki, mən heç kimin üstünə məsləhətə getməmişdim, məsləhətçilər gəlmişdi üstümə. Diplom aldığım günə qədər keçdiyim və keçirtdiyim anların özətini danışmağa başladım ki, bilmərrə bu fikirdən daşınsın.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti adında sadalanan "Dövlət" sözündən başqa heç nəyi özündə ehtiva etmir. Hər gün işıq dirəyinə beş metrə qalxan ilbiz, "Dövlət" gələn kimi dörd metrə düşür.

Qabiliyyət tələb edən fakültələrin və ixtisasların öncədən bronlaşdırılması: Qabiliyyət imtahanında oturan müəllimlər asılqan rolunu oynayır, axı teatr qarderobdan başlayır! Bron yerlər TQDK şkalasını aşanlar üçün saxlanılır. "Axmaq" yəni öncədən yerini bron etməyənlər isə fövqəl istedad sahibi olsa belə qabiliyyətdən keçmirlər.

Birinci kursda hamı özünü "Xalq artisti" hesab edir. Birinci kursda əksəriyyət eyforiyadan boğulur. İlk semestrdən dekanlıq "yaradıcı biznes fəaliyyət"inə başlayır. Milli valyuta ilə hər fənnin qiymət cədvəli tərtib olunur. Tələbələr arasında qiymətlərin monitorinqi və qiymətləndirilməsi aparılır. "Sizin vaxtda semestr neçəyə idi? Bizə zamdekan filan qiymət dedi" kimi araşdırmalar aparılır. Hətta bizdən öncəki tələbələrlə qiymət fərqləri müqayisə olunur, fakültənin valyuta kursu tənzimlənir. Dekanlıq tələbə təqaüdlərinə şərik düşməyə başlayır.

Amma digər ocaqlara baxanda yenə buranın kəraməti azdır, keçmiş Sanmarino və ABU kimi, cibə uyğundur. Bəzən təqaüdümü dekanlıqla bölüşməyəcəm, özüm oxuyub, özüm cavab verəcəm, deyib, üç aylıq yay təqaüdünü itirənlər də olub.

Möhtəkirlik etmədiyim üçün, iki il ardıcıl olaraq mən də itirənlər siyahısında oldum. Sonra məsələyə ustadım Vaqif İbrahimoğlu əl qoyandan sonra siyahıdan çıxdım. İbrahimoğlu universitetdə yeganə pedaqoq idi və bonus olaraq, ləyaqətli adam olduğu üçün, onun sözü düzünə də oxunurdu, tərsinə də.

Universitetdə barmaqla sayılacaq qədər qiyməti olmayan müəllimlər var idi. Onların imtahanlarına dekanlığın tarif şurası qiymət qoya bilmirdi. Rus ədəbiyyatından dərs deyən Nigar xanım dərsdən əlavə bizi öz otağında qəbul edirdi, tələbələri zorla oxutdururdu ki, rüşvət almaq üçün dekanlığın əlində fürsət olmasın.

Mən oxuduğum müddətdə bizim fakültədə hər kəsdə rus ədəbiyyatına marağı Nigar xanım oyatdı. Bu tip bir neçə müəllimlər var idi. İkinci kursda sular getdikcə durulmağa başlayır. Özünü "Xalq artist"i hesab edənlərin paqonundan ulduz düşür, "Əməkdar artist" ə.

Teatr və kino fakültələrində oxuyanlar ya toylara tamada kimi, ya da müğənni kimi ayaq açırlar. Universitetdə də az deyil dərs deyən tamadalar. Üçüncü kursda sıradan bir artist olduğun anlayır, keçən ilki əməkdar. Teatrda və kinoda təklif olunan "yüksək" maaşın cazibəsindən qaçan tələbələr efirə daraşırlar.

Aparıcılıq, məşhurluq, maşın, pul sözün qısası hər şey. Mən başa düşmürəm məşhur olmaq istəyən neçə il vaxt itirib yolun niyə uzadır? Gəlib İncəsənət Universitetindən keçincə bir baş getsinlər telekanallara, guya ordakılar ixtisası üzrə oxuyublar?! Bir az üzü tanınan kimi məşhur "qaqa"lar gəlirlər universitetə qız tutmağa.

Universitetdəki satışdan razı qalmayıb, qiymət tarifini qaldırmaq üçün efirə çıxan qızlar da yolunu uzadır. Gedib birbaş efirə çıxmaqdan gəlib, incəsənətdən keçirlər. O, vaxt ANS-də “Yeriniz məlum” verilişində bizim universitetin prorektoru Rafiq Sadıqov demişdi ki, Tədris teatrında modern üslublu fırlanan səhnə var. Hansı ki, həmin vaxtda Tədris teatrı təmirdə idi. Təmirdən sonra Tədris teatrını təvaf elədik, amma, bizdən başqa fırlanan bir şey görmədik səhnədə.

Bəlkə də Rafiq müəllim qəsdən bizi fırlatmışdı, yanlış anlaşılmasın teatrın başına. "Axı teatr bir məbəddir". Ümumiyyətlə İncəsənət universitetində ixtisas üzrə heç bir əyani vəsait yoxdur. Dörd il boyunca kinooperatorlar kinokamera üzünə, kinorejissorlar kinolent üzünə həsrət qalırlar. Ssenari dərsləri mühazirə kimi keçilir, operatorlar iki-üç, sınıq-salxaq işıq altında eyni natürmortları çəkməyə məhkum edilirlər.

Aktyorlar yetmişlərin dəbi ilə çığır-bağır salırlar, pafosla nərildəyirlər. Sonra da deyirlər bizim seriallar sünidir, inandırıcı deyil, necə olsun təbii? Axı aktyor adam kimi danışmağı bilmir. Bizdə kino yoxdur. Axı necə olsun? Bütün dövlət sifarişləri "otkat"sız keçinmir. Yaxşı ssenarilər yazılmır. Axı necə yazılsın? Düşüncəyə senzura aparatı taxılır. Nazirlik "Nefti çıxan ölkənin iti axsamaz deyə" müsabiqəyə qatılmış ssenarini geri qaytarır. Dörd ayaq dörd təkər demək deyil.

Dörd illik tədris prosesində rektor həzrətləri Timurçin Əfəndiyevin üzünü görən cənnətlik sayılırdı. Cəhənnəmdə bizim kimi xeyli tələbə var.

Acı istehza ilə deyirdik: Görəsən heç bir faydalı, mədəni və mənəvi iş əmsalına malik olmayan bu universitet niyə özəlləşdirilmir, niyə hərraca çıxarılmır? Niyə bir adam şəhərin düz qabırğasında yerləşən və baş plana qabırğa olan bu universiteti söküb, yerində istirahət, əyləncə və ticarət mərkəzi tikmək barədə niyə düşünmür?

Dördüncü kursda bulanıq sular göz yaşı kimi durulur. "Xalq artisti" fiaskoya uğrayır və "SƏN" heç kim olduğunu anlayırsan. Bu fiasko, bəşəri vəbadan xilas etmək naminə yola çıxan qəhrəmanın, sonda özünün vəbadan vəfat etməsinə bənzəyir.

Sənanın üz ifadəsindən məni doğru qəbul edib, danışdıqlarımla razılaşdığını hiss elədim. Qəbirdən mədət uman adamı düz yola qaytardım, deyə düşünəcəkdim, əgər, Sənan "cəhənnəmə balım çatmasa İncəsənəti yazaram" cümləsini işlətməsəydi. Ayaq üstdə olan fəlsəfəm təşəhhüd vəziyyətini aldı.

P.S. Mən bilirəm, danışdıqlarım Sənanı fikrindən daşındırmadı, çünki, zamanında mən də fikrimdən daşınmamışdım. Həyat bəzən zalım bir müəllim kimidir, öncə imtahana çəkər, sonra dərs verər. Sənan da həyatının ən böyük səhvini etmək üzrədir.

# 2229 dəfə oxunub

Oxşar xəbərlər

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

14:30 14 iyun 2024
Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

11:30 23 may 2024
# # #