Dərsə gedən bir uşaq... Və anası...

Dərsə gedən bir uşaq... Və anası...
24 noyabr 2014
# 15:09

Yenə gözümün birini evdə, digərini metroda açdığım, ayaqqabımın sağını evdə, solunu çöldə geyindiyim, ilk tikəmi evdə, sonuncusunu dərsdə yediyim, birinci dərsi qaçırıb ikincisinə çatmağa cəhd etdiyim günlərdən biri idi.

Pilləkənləri iki-bir düşüb, metroya tərəf qaçırdım ki, dərsə gedən bir uşaq və ananın məktəb yolunda özümü tapdım. Və beləcə, ikinci dərsi də qaçıracağımı fikirləşib özümü ana-bala sevgisinin ağuşuna atdım.

Ananın bütün diqqəti əlindəki telefonda, uçuşan “çolka”larında və ayaqqabısının dabanında idi. Uşaq da “fürsət bu fürsətdir” deyib, qabağına nə çıxsa, təpikləyir, hər addımda daha uzağı gözündə qaralayıb tüpürür, qarşıdan gələn adamların birini arxa, birini çarxa itələyirdi. Adamlar da bir uşağa, bir də başı qarışıq olan anasına baxıb nəsə mızıldanır.

Bu uşağın gələcəyi daim rast gəldiyimiz əcaib-qəraib insanların bugünkü günüdür. Diqqət etsəniz, Bakı küçələrində hər 5 addımdan bir tüpürcək izinə rast gəlmək olar. Yanınızdan keçən 3 adamdan 1-i sizi itələyəcək, ictimai nəqliyyatda ən azı bir-iki ayaq izi ayaqqabınızı bəzəyəcək. Söz sözü çəkər, keçən dəfə bir xala deyir ki, əvvəllər küçələri yaxşı-yaxşı yuyardılar. Dedim, ay xala, indi də millət tüpürüb yuyur, heç narahat olmayın.

Qayıdım dərsə gedən uşağın hekayəsinə. Daha doğrusu, hekayənin qəhrəman anasına: salondan yenicə çıxan saçlar; vaşaq görsə, qorxub qaçacağı dırnaqlar; eni eninə, uzunu uzununa sığmayan paltar; hündürdaban ayaqqabı; ağzında saqqız, üzündə postmodern rəsm əsəri.

Ağzındakı saqqız nehrələnib yağ olanda, əlindəki telefon sönüb yanırdı.

Ayaqqabısının dabanı beş əyilib bir qalxanda, saçları sağlı-sollu dalğalanırdı.

Bu minvalla ana oğlunu dərsə aparırdı.

Ab-havaya məst olub gedirdim ki, uşağın müqəddəs tüpürcəyini ayaqqabımın üstündə gördüm. Sifətimdə hiss olunan əsəb mimikaları ilə qıyqacı bir göz süzdürməyə hazırlaşırdım ki, gözüm süzgəcimdə ilişib qaldı. Son hiss etdiyim arxadan kiminsə mənə, mənimsə yerə yapışmağım oldu. Telefona başı qarışan ana “ayağıma niyə dolaşırsan?” nəzərləri ilə üzümə baxanda nitqim qurudu. Bir az da elə baxsa, "Bağışlayın, ayağım səhvən uşağınızın tupürcəyinə tuş gəlib. Sizin məni yerə yapışdırmağınıza səbəb oldu", - deyəcəkdim. Yaxşı ki, ona mesaj gəldi, gülə-gülə getdi.

Bugünlük tərsliklərin kifayət etdiyini fikirləşib metroya qaçdım. Hər zaman asanlıqla yüklənən kartım bu dəfə yarıda qaldı. Keçərkən xalalar dəftər-kitabımı yerə saldı. “Bu şansla relslərin arasında da qalaram”, - deyə fikirləşirdim ki, depodan gələn qatar üzümü güldürdü. Elə yerimi rahatlayıb başımı qaldırmışdım ki, qarşı oturacaqda kimləri görsəm, yaxşıdır? Təbii ki, bizim qəhrəmanları: dərsə gedən bir uşaq və bir ananı.

Uşaq əvvəlcə yanında əyləşən qızın saçını dartdı,

Qarşısındakının çantasını qatdı.

Nə əcəbsə, bir az yatdı.

Oyanıb maşinistlə əlaqəyə keçirdi ki, anasının telefonunun enerjisi bitdi. İndi ananın diqqəti uşaqda idi. Həmin anda uşağın ağzına sillə, başına qapaz qoydu - uşaq o andaca quzu oldu. Demək ki, tərbiyə yolu bu imiş. Bir dəfə oxumuşdum ki, 3 yaşa qədərki tərbiyə kök, 3-7 yaş arası isə gövdə kimidir. Budaqların necə şaxələnəcəyi, küləyə davamlılığı da elə onlardan asılıdır. Belə deyək, o yaşda uşaqların insan kimi bünövrəsi qoyulur.

İndi mən susuram, özünüz təsəvvür edin bu və bu kimi yüzlərlə ananın qoyduğu bünövrəni və uşaqların gələcəyini...

# 2474 dəfə oxunub

Oxşar xəbərlər

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

14:30 14 iyun 2024
Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

11:30 23 may 2024
#
#
# # #