Mələk...
(hekayə-esse)
Düşüncələrin keçmişindən, duyğuların ən qədim ölkəsi olan məhəbbətin sevgi göylərindən gözəl bir Mələk enmişdi yer üzünə. Onun gəldiyi yerlərdə sevgisiz yaşamaq mümkün olmadığından o sevdasını diyarbədiyar axtarmış və sonda insanlıq dünyasına baş vurmuşdu. Burda hər kəs ona yad idi, onun gözləri isə parıltıyla sevgisini axtarırdı. Mələyin qəlbinə yol tapmaq onun qanadlarını sındırmaq qədər asan idi. Çünki sevgisini insanların arasında axtaran Mələk yolun başındaca yanılmışdı…
Yer üzündə xeyli gəzib dolanan Mələyin nəticəsiz axtarışdan gücü də tükənmişdi. Tanrı onun qidasını ancaq sevgidən diləmişdi. Mayası sevgidən tutulmuş bu məxluq Allahın qəlbindəki saf məhəbbətdən var olmuşdu. O elə var olduğu boyda da qalmışdı. Böyüklük onun qəlbində idi, ruhunda idi, amma insan gözü ilə görülə bilməyəcək qədər zərif idi və tezliklə sevgi tapa bilməsə tamamən yox ola, tükənə bilərdi. Onun aldığı nəfəs də sevgi axtarışı idi. Bəni-insanların arasında sevgi axtarmaq isə onun qisməti idi. Əgər sevgisini tapsa onunla şad-xürrəm öz diyarına yollanacaq, çadrasını yer üzünə sərmiş mas-mavi səmada, buludların üstündə, ulduzların sayrışdığı ənginlikdə xoşbəxt yaşayacaqdı amma...
Yer üzündə ruhu ilə yanaşı dəri ilə sümükdən varlıq daşıyan insan onun kimi deyildi. Adi insanın qəlbi göylərə qanad açacaq qədər saf da ola bilməzdi, sevgidən o qədər saflaşa da bilməzdi. İnsanın riyakarlığı oyananda, yalanları dilə gələndə, gözündəki vəhşi ehtiras parlayanda, hiylə dolu düşüncələri və qəribəliklərə yol açan ağlı onu aldatmaq üçün planlar cızanda Mələk anlayacaq. Daha sonra insana olan duyğuları öləcək, sevdasının da sehri sınacaq idi.
Çox keçmədi elə belə də oldu. Mələyin yer üzündə sevgili donunda görüb bəyəndiyi hər kəs zaman-zaman xislətini büruzə verdi. Onların xisləti uzun müddət sevgi donuna bürünüb gizlənə bilmədi. Mələyin incə qəlbi heç kimsənin insani xislətini qavrayıb qəbul edə bilmədi. Yer üzünün tənhalığından ilahi sevgisi də tükənən, üzünü göylərə tutub ah çəkən bir cüt zavallı göz gecənin ikinci yarısında Ayı gördü.
Əslində ayı bütün ömrü boyunca görmüşdü, amma içində böyüyən duyğuların yaşı çatmamışdı onun fərqinə varsın. İndi üzünə işıq saçan, qanadlarına füsunkar parıltı verən bu ilıq od parçası onun bütün duyğularını isidə bildi. Əngin göyləri, ucsuz bucaqsız kainatı işıqlandıran Ay Mələyin öz dünyasından idi. Mələk sevgisini öz dünyasında tapdığını anladı və nəhayətdə səmaya geri döndü.
Ay isə onu ilk baxışdan istəmədi. O Günəşə toxuna bilməsə də onun həsrətiylə gecələri var olur, gündüzləri sevgisinə də həyat çatsın deyə yuxuya dalırdı. O həsrətə dözmək gücünü isə, Günəşin sədaqətli sinəsinin saçdığı alovdan alırdı. Mələk bəni insanların arasında sevgi axtarmaqda böyük səhv etmişdi. Ayı yalnız əlacsız halda göylərə üz tutanda görmüşdü. Bəlkə də Onun bu hərəkəti olmasaydı Ay uzun illərin tənhalığından cana doyub yenidən sevməyə cəhd edəcək idi.
Çünki Mələk çox gözəl, saf və təmiz qəlbə sahib idi. Belə sevgini həm göydə, həm də yerdə bütün sevgi axtaranlar istəyərdi. Belə bir sevgilidən heç kəs imtina edə bilməzdi. Ay ağıldan zəka idi. Ona görə də Mələk ona sevgisini etiraf edəndə ani bir surətlə düşündü. Mələklə birgə həyat seçsə sədaqətli Gunəşin sevgisindən daha böyük bir sevgi yaşamayacaq idi.
Bunu anlayan Ay ondan imtina etdi. Mələyin isə, sevgi acısına dözməyən qəlbi şeytana dönmək qorxusu ilə çırpınırdı və başa düşürdü ki, artıq bütün varlığını pislik zəbt edib. Günəşin yanına getmək, onu zəhərli oxla sancıb öldürmək istəyirdi. Onun hər iki aləmdə yeri olduğundan gecənin qaranlığında Ay oyanıb Günəş uyuyan zaman Günəşin yatdığı çarpayıya doğru qanad çaldı. Bu an gözəl günəş şirin-şirin uyuyurdu. Birdən yuxusunda uzun illərin ayrılığından sonra Ayın ona yaxınlaşdığını hiss etdi. Sevgilisinin nəfəsini üzündə duyan an həsrətlə dərindən nəfəs alıb yuxudan oyandı. Gözlərini açanda havada dayanmış ox düz ürəyinə tuşlanmışdı. Bir andaca yorğanını qaldıran Günəş şəfəqini saçaraq Mələyin gözlərini qamaşdırdı. Mələk nə edəcəyini düşünmədən ağlını itirmiş dəli kimi Günəşin üstünə atılaraq alova qərq oldu. Günah alovunda çırtıldayan qığılcım dənələri Mələyin bütün varlığını bürüdü və ulduzların sayına qarışdı.
Qanadları bir andaca yanıb külə dönən Mələk yer üzünə bir parça ət kimi düşdü. Yer üzündə tək qalan həmin Mələk o gündən tənhalığa çevrilərək insanlar arasında günah işləmiş şeytan xisləti ilə dolaşır. Sevənləri ayırmaqla, xoşbəxt insanların arasında nifaq yaratmaqla məşğul olub ayrılıq toxumlarını səpir və müxtəlif səbəblərlə bəşəriyyəti tənhalığa sürükləyir.
Ramilə Qardaşxanqızı.