"Aldanma dünyanın xoş baharına"

"Aldanma dünyanın xoş baharına"
16 aprel 2013
# 14:53

Anar Məcidzadə

Bu dünyada

Aldanma dünyanın xoş baharına,
Bir gün rast gələrsən ömrün qışına.
Bu gün qızınsan da qızmar günəşə,
Bir gün sən düşərsən qəm yağışına.

Dünya yaranandan sınaqla dolu,
Hərdən tufan kəsər getdiyin yolu.
Gah bir günəş doğar, gah yağar dolu,
Həyatdan çox işlər gələr başına.

Şükür et hər zaman sən Yaradana,
Nə badə əqidən Tanrını dana.
Sığın əqidənə, sığın vicdana,
Qoy “insan” yazsınlar məzar daşına

Anar, qəm etmə ki, namərd ucalır,
Həyat verdiyini, bir gün də alır.
Biz gəldi gedərik, dünyamız qalır,
Bu dünya çatacaq neçə yaşına.

Ey insan!

Bir insan qəlbini qırmağa nə var?
Bir acı söz ilə qırılar gedər.
Çalış ki, hər kəsə sevinc bəxş elə,
Ey insan, hər kəsə vermə qəm, kədər.

Bu dünya mülayim, həm də sərt olur,
Əzaba dözən kəs təkcə mərd olur.
Həyat beş gün şirin, beş gün dərd olur,
Ağılla, kamalla yaşa bir təhər.

Elə qur, elə gör həyatda işi,
Fəxrlə xatırla ötən keçmişi.
Mərd olsun həyatda gərək kişi,
Heç kəsin suyuna qatma sən zəhər.

Dünyada hər işə səbir edənlər,
Ömür yollarını doğru gedənlər,
Qəlbində Tanrıya şükür edənlər,
Demək ki, ömrünü sürməyib hədər.

Bəzən rast gəlirik böhtan atana,
Mələk donundakı neçə şeytana.
Anar haray çəkir bütün cahana,
İblislik, şeytanlıq daha bəs, yetər!

Hər gözəli sevmək olmur

Bu dünyanın nə çoxdur gözəlləri,
Hər gözəli sevmək olmur, əzizim.
Sevdiyini bir yolluq ürəyindən,
Atmaq olmur, silmək olmur əzizim.

Sevginin sonu hicranmı, vüsalmı,
Sevgi görən hər insana halalmı?
Biz gedərik, eşq-məhəbbət qalarmı?
Bu sirdir ki, bilmək olmur, əzizim.

Bu məhəbbət ağlar qoyub çoxunu,
Neçə gözdən qaçırıbdı yuxunu.
Ürəklərə o, vursa da oxunu,
Yarasından ölmək olmur əzizim.

Yaman imiş ayrılığın kədəri,
Gecə bitmir, açılmayır səhəri.
Ağladarsa əgər eşq sevənləri,
Ağladanda gülmək olmur, əzizim.

Qurban olum

Gözlərinə gözmü düşüb?

Gözlərinə qurban olum.

Aralıqda sözmü düşüb?

Sözlərinə qurban olum.

Döndərmisən qula məni,

Gətirmisən yola məni.

İncə telə dola məni,

Tellərinə qurban olum.

Sevgindənmi aralısan,

Eşqindənmi yaralısan?

Bizim elin maralısan,

Ellərinə qurban olum.

Nur çilədin günlərimə,

Nur çilədin illərimə.

Əlini ver əllərimə,

Əllərinə qurban olum.

A gözəllərin gözəli,

Anar sevməz hər gözəli.

Sənə qoşdum söz-qəzəli,

Günlərinə qurban olum.

# 2799 dəfə oxunub

Oxşar xəbərlər

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

14:30 14 iyun 2024
Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

11:30 23 may 2024
#
#
# # #