Anar Məcidzadə
Unutmaq olmayır ilk məhəbbəti
Deyirsən ayrılaq, son sözün budur,
Bilməzdim sevənlər belə unudur.
Dünyada hər yara tez unudulur,
Unutmaq olmayır ilk məhəbbəti.
Mən ki ilk baxışdan sənə vuruldum,
Sən idin istəyim, arzu, umudum,
Mən səni a zalım necə unudum?
Unutmaq olmayır ilk məhəbbəti.
Canımı qurban dedim sənin adına,
Sən məni yandırdın hicran oduna.
Bəlkə də salırsan hərdən yadına,
Unutmaq olmayır ilk məhəbbəti.
Mən bir zərgər idim, sən də bir zərim,
Səninlə xoş idi keçən günlərim.
Ay mənim gözəlim, ay ilham pərim,
Unutmaq olmayır ilk məhəbbəti.
Bu dünyadan o dünyaya
Qoca bəşər əzəlindən yalandı,
Pul da, var da ayrılıqlar salandı,
Dünya malı bu dünyada qalandı,
O dünyaya heç nə aparmır insan.
Şükür elə hər açılan sabaha,
Ölüm gəldi baxmaz qula, nə şaha.
Ölmək varsa, qayıtmaq yoxdur daha,
O dünyaya heç nə aparmır insan.
Gözləri göz oxşayanım
Yenə dolaşırsan dağları, gözəl,
Bir çiçək əlində, biri yaxanda.
Gözün göz oxşayır, gözəldən gözəl,
Bəxtəvər söyləyir sənə baxan da.
Baxdıqca gözünə odlanıram mən,
Gözünün nuruna isinmişəm mən.
Qıyğacı baxanda, göz süzülündə,
İnan ki, ay gözəl, sevinmişəm mən.
Həsrətin dərd verir, vüsalın sevinc,
Bu sevən ürəkdə yerin var sənin.
Təkcə sənin üçün qəm də çəkərəm,
Qar, qış mənim olsun, yaz-bahar sənin.
Sən
Bir az duman ola, bir qədər də çən,
Bir mən olam, bir buludlar, bir də sən.
Göydə buludlara edək tamaşa,
Baxdıqca göylərə gözlər qamaşa.
Hərdən gözüm gözlərinə sataşa,
Hərdənbir soruşam halın necədir?
Səhər ötə, gündüz ötə, ay doğa,
Bir də görək günəş batıb, gecədir.
Biz göylərə baxaq, ulduzlar bizə,
Qoy həsəd aparsın ay eşqimizə.
İlahi, nə gözəl arzulardı bu,
Belə arzularla yaşamaq gözəl.
Arzusuz, diləksiz olarsa insan,
Çətin ki, yaşayar, çətin ki dözər.
Mənim arzularım, diləyim də sən,
Sevinən, sevilən ürəyim də sən.
Ən xoş anlarımın şahidi oldun,
Ən çətin günümdə gərəyim də sən…
Olmasa da duman, olmasa da çən,
Bəs edər dünyamda olarsansa sən!