Həmin oğlanın dalınca qaçdım...

Həmin oğlanın dalınca qaçdım...
9 oktyabr 2017
# 11:57

Dilarə Zamanova

Bu dəfə məsələni çox uzatmayacam, birbaşa mətləbə keçəcəyəm. Onsuz da hər şeyi nə qədər dolandırsaq da ağrısını birbaşa yaşamırıqmı? Bir gün parfüm mağazasında işləyən dostumla danışırdım. Dedi ki, Dilarə, işdə idim, mağazadan içəri balaca, üzü soyuqdan qıpqırmızı olan bir qız girdi. İçəri girəndə dodağının altında pıçıldadı: “Allahım, nə olar yadıma düşsün.” “Buyurun, nə istəyirsiniz?” dedim. Əvvəlcə udqundu, sonra başladı danışmağa: “Mən bir parfüm axtarıram, amma adını bilmirəm. Bir-iki dənəsini iyləyib baxa bilərəm?”.

“Əlbəttə, necə iyi idi? Şirin, Acı, ağır?” – soruşdum. Qız dayandı, bir az gözləri doldu, “Yadımdan çıxıb”, - dedi. Axtarmağa başladıq, sonra bir-bir bütün kişi parfümlərini qoxladı. Sonra bir parfümü iyləməyi ilə ağlamağı bir oldu. “O... Onun qoxusudur”, - deyib ağlamağa davam etdi. “İyi yadımdan çıxarmışdım, amma tapdım. Onun iyi budur”, - dedi. - “Boynunu nə vaxt qoxulasam, belə qoxuyurdu. Çox axtardım, tapa bilmədim. Onu da qoxusunu da tapa bilmədim... Bilmirəm nə qədər xatırladar mənə onu bütün dünyaya bu parfümdən sıxsam yenə də onu geri qaytarmaz, amma əlimdə qalan tək təsəlli budur”. Əllərinə vurdu parfümü. Əllərini iyləyə-iyləyə getdi mağazadan. O vaxt bu sözlər mənə elə də qeyri-adi gəlməmişdi, açığı. Düşünürdüm ki, mən olsaydım gedib o oğlanı tapardım, görərdim. Qız qorxaqlıq edib. Ya da ki, ümumiyyətlə bir insanın özü üçün darıxmaq olar da. Onun iyi üçün darıxmaq nə deməkdir?! Sən demə, olurmuş... Sən demə, bir insan başqa birinin baxışına, qoxusuna, səsinə, gözlərinə, lap elə kirpiklərinə belə möhtac qala bilirmiş. Mən sırf onun parfümünün qoxusudur deyə bir oğlanın arxasınca metroya qaçanda bunu başa düşdüm. Həmin oğlanı saxlayıb parfümün adını soruşmuşdum. Mənə dəli kimi baxaraq parfümün adını dedi.

Deyə bilərsiniz ki, bunları mənə niyə deyirsən. Ona görə deyirəm ki, etməyin, bir insanı öz qoxunuza həsrət qoyacaq qədər ondan uzaqlaşmayın. Çünki bir qoxu insanın bütün ömrünü ağrıda bilər. Şairimizin dediyi kimi, “Burnunun ucu göynəyər tanış qoxudan ötrü...”

# 2738 dəfə oxunub

Oxşar xəbərlər

Dünyanın ən məşhur musiqi festivalları

Dünyanın ən məşhur musiqi festivalları

10:00 9 avqust 2025
Əsərləri bütün dünyada sərgilənən azərbaycanlı rəssam

Əsərləri bütün dünyada sərgilənən azərbaycanlı rəssam

16:50 7 avqust 2025
Nağıl dünyası yaradan sətirlər - Günel Natiqqızı

Nağıl dünyası yaradan sətirlər - Günel Natiqqızı

14:00 26 may 2025
Qanadı qırılmış şam ağacları - Şahnaz Şahin

Qanadı qırılmış şam ağacları - Şahnaz Şahin

15:05 21 may 2025
Pəncərədə işıq - Günel Natiqqızı

Pəncərədə işıq - Günel Natiqqızı

17:00 7 may 2025
Moris, ona de ki, mən azadam! - Aliyə Kərimzadə

Moris, ona de ki, mən azadam! - Aliyə Kərimzadə

13:15 28 aprel 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər