Qadınlardan daha həssas kişilər

Qadınlardan daha həssas kişilər
5 aprel 2017
# 11:10

Kulis.Az Lalə Niftəliyevanın “Bir qutu Astra” yazısını təqdim edir.

Bu gün “Astra” siqaretinin qutusunu gördüm. Bir yaxın dostum keçmişdən xatirə deyib, saxlayır. Bu qutu birdən çox uzaq xatirələrimə qonaq apardı məni. Təxminən 1996-97-ci illər olardı. Çox kasıb idik. Bir uşaq kimi bunu o zamanlar anlamırdım, indi başa düşürəm. Atam artıq uzun müddət idi ki, işləmirdi. Evdə çalışan qüvvə anam idi. Atamın siqareti tərgitməyini xatırladım. O da həmin siqaretdən çəkirdi .

Bunu çox qeyd edirəm, yenə də deyəcəm. Kişi qüruru mənim üçün çox önəmli bir dəyərdi. Çox şeyə dözə bilərəm, lakin əl açıb dilənən bir kişi görəndə saçlarımdan dırnağıma qədər dərdə bürünürəm. O qırışların arasında sən elə bir baxışla rastlaşırsan ki, o insana uzanan əlin quruyur.

İndi sizə danışmaq istədiyim əhvalat atamla bağlıdı. O kasıb illərdə anam atama siqaret alırdı. Qonşumuz Zahir dayının balaca bir dükanı var idi. Bizi aclıqdan xilas edən sığınacağımız idi ora. Borc dəftərindən adımız əskik olmazdı. “Xuraman - 1 şirvan 3 məmməd”. O dükan hələ də var. Atam o dükana borca siqaret almaq üçün məni göndərərdi. Mən indi anlayıram onun gözlərindəki utanc hissini... Kişilər bəlkə də bu yazımda məni daha çox anlayacaqlar. Bir gün anam atama siqaret qutusunu elə ikrah hissi ilə uzatdı ki, ondan sonra bir də siqaret çəkmədi.

Mən atama və ya bunu yaşadan heç bir kişiyə haqq vermirəm. Amma qadınları bəzən kişilərin üstünə yıxdıqları bunca məsuliyyətə görə qınayıram. Kişilər qadınlara nisbətən daha həssas varlıqlardı. Və onların çəkdikləri əzab daha dərin olur. Bəlkə elə buna görədir ki, müdrik kişilər qadınlara nisbətən daha çox olur.

Əziz xanımlar, kişilər sizi çox gözəl anlayır. Lakin siz onları heç anlamırsınız. Məsələn, oxuduğumuz kitabların və izlədiyimiz filmlərin 70 faizinin müəllifi kişilərdi. Və hər oxucu, izləyici mütləq həmin əsərlərdə özü ilə rastlaşır. Bu da o deməkdir ki, kişilər özləri də təsvir etdiyi kimi bizi yaxşı tanıyır. Tez-tez aşiq olduğunuz, lakin sizdən qaçan kişilər ki var, onların qəlbində “əlacsızlıq hissi” adlı acı xatirə var. Onlara qarşı anlayışlı olun. Siz də adınıza layiq olaraq, fədakarlıq edin bəzən.

Məni bu yazıma görə qadınlar qınaya bilər. Əsas da feministlər. Qadınla kişinin ruhu çox fərqlidir. Bizə sosial bərabərlik yaraşar, amma ruhən bu mümkün deyil.

Bu yaxınlarda tanış olduğum və çox sevdiyim Nadejda xanımla çox maraqlı bir dialoqum oldu. “Krişna” məbədinə ibadətə getmişdik birlikdə. Qayıdanda mənə Krişna əfsanəsini danışırdı. Birdən dedim ki, nə olardı ki, Krişna kişi yox, qadın olardı. Məgər qadınlar müqəddəs ola bilməz. Cavab o qədər təsirli oldu ki, yəqin ki, bir ömür unutmayacam.

“Hal-hazırda Tanrı qadınlara elə bir enerji bəxş edib ki, dünyanı idarə edə bilərlər. Lakin onlar bu enerjini səhv yerlərə yönləndirir. Onlar içki içir, siqaret çəkir (bunlar təbii ki, ən bəsit misallardı) özlərini hər cəhdlə kişilərə bənzətməyə çalışır. Onlar bir şeyi xatırlamalıdır ki, qadınlar ən gözəl tərbiyəçidirlər. Bu onların genlərindədi. Dünyadakı xaosu onlar öz gözəl xasiyyəti ilə sabitləşdirməli və kişilərə düzgün tərbiyə verməlidirlər”

# 2039 dəfə oxunub

Oxşar xəbərlər

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

14:30 14 iyun 2024
Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

11:30 23 may 2024
# # #