O skamya nələr görməmişdi ki

O skamya nələr görməmişdi ki
14 mart 2013
# 17:22

Nərgiz İsmayılova

Nərgiz Rəfail qızı İsmayılova 12 mart 1986-cı ildə Ordubad şəhərinin Əndəmic kəndində anadan olub. Orta təhsilini Ordubad Qız liseyində alıb. 2004-cü ildə Naxçıvan Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə əyani şöbəsinə daxil olmuş, 2008-ci ildə həmin ixtisası bitirmişdir.

2009-2012-ci illərdə Gəncə Dövlət Universitetində“Xarici ölkələr ədəbiyyatı” üzrə magist təhsili almışdır. Təhsil illərində Tələbə Elmi Cəmiyyəti xətti ilə diplomlarla təltif olunmuşdur. 2012-ci ildən AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsində çalışır.

Günahkar idi yarpaqlar

Yaşıl libasıyla göz oxşayan bir ağacın altındaydı vətəni. Skamyanı himayəsinə götürmüşdü sanki ağac .O skamyanın üstündə oturanlar çox olurdu ...

Yayın cızha-cızında günəşdən qaçmaq istəyənləri, sevgililəri, dostları daha kimləri qonaq etmişdi o . Çox parlaq rəngdəydi. Görünür təzə boyanmışdı. Hər gün qonaqlarını qarşılayar, onların hisslərini, duyğularını, dərdlərini və hətta yalanlarını səbirlə dinləyərdi. Nələrə şahid olmamışdı ki...

Orada gileylərini, dərdlərini unudub gedənlər də var idi, umidləriylə, arzularıyla vidalaşanlar da.

Təkcə skamya yox ağac da, yarpaqlar da, hətta bəzən dəvətsiz müsafirlər olan quşlar da şahidi olurdular müxtəlif talelərin...

Bəzən göz yaşları damcılayardı üzərinə duzlu-duzlu, bəzən gülüş səsləri diksindirərdi onu...

Bəzən döşəyi olardı bir evsizin, bəzənsə cırmaq izlərini daşıyardı üzərində bir çarəsizin və bəzən də “Niyə sevmir axı” sualları qarşısında susardı bir yeniyetmənin.

“Kim sevir ki ” deyə bilmirdi...

Günlər beləcə ötüb keçirdi. Quşlar sıxıldıqlarında gedirdilər, fəqət nə ağac, nə də skamya gedə bilmirdi, axı onlar ev sahibi idilər, səbirlə dinləyirdilər insanları və insan qiyafəsindəkiləri. Artıq çox insanı yaxşı tanımağa başlamışdı ağac da, skamya da, bəzən ağac başını yelləyirdi eşitdiklərinə, yarpaqlarsa pıçıltıyla aralarında müzakirə edirdilər insanların problemlərini, dərdlərini, xəyallarını, bəzən də riyakarlıqlarını. Zaman keçdikcə ruhuna müxtəlif qiyafətlər geyindirən insanlardan bezmişdi skamya da, ağac da.

Yoxsa, fəsilləri qısqanmışdı insan?

Nə idi ruhundakı bu müxtəliflik?

Əvvəllər yağış yuyub aparırdı skamyanın üzərindəki tale izlərini. Sonra yağış belə bir neçə damlaya sığdırmışdı salamını, bəzənsə yan keçirdi yağış, o da sıxılmışdı boyanmış niyyətlərdən, yorulmuşdu boyası axdıqdan sonra üzə çıxan acı gərçəklərdən, bəli bezikmişdi yağış da.

İnsanların dərdinə ortaq olan skamya yaşlanmışdı, rəngi solmuşdu, dərisi çatlamışdı.

Ağac da qocalmışdı, insanların hərəkətlərindən utanıb-qızarıb, bozaran yarpaqlar artıq rahatlıq istəyirdilər. Ağac küsmüşdü yarpaqlardan gizlətdiyi üçün sevgini, kədəri, yalanı və riyakarlığı.

Ağac küsmüşdü yarpaqlardan ...

Çətiri olmuşdu skamyanın yarpaqlar, öz yaratdığı insanın büründüyü qiyafəni, qırılmış ümidləri bəzən də sevgiylə gülümsəyən gözləri görə bilmirdi Tanrı, çətiri olmuşdu skamyanın yarpaqlar...

Bəlkə də Tanrının göz yaşı idi yağış, qəzəbi idi ildırımlar...

Ancaq tək gerçək var idi.

Günahkar idi yarpaqlar...

# 2988 dəfə oxunub

Oxşar xəbərlər

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

14:30 14 iyun 2024
Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

11:30 23 may 2024
# # #