“Marka təşəkkür məktubu”

“Marka təşəkkür məktubu”
29 iyul 2013
# 10:23

Əzizim Mark! Əvvəla salam olsun sənə və ehtiram olsun o ata-anaya ki, səni böyüdüb ərsəyə gətirib.

Sənə bu acizanə naməmi on minlərlə azərbaycanlı adından yazıram. Cəsarət edib altına girdiyim bu yükün ağırlığını çiyinlərimdə hiss etməkdə və eyni zamanda məsuliyyətdən də qorxmaqdayam. Əgər hisslərimi bəyan etməkdə qüsurlu olsam cahilliyimə bağışla.

Əziz Markciyəzim! Facebook`u yaratmaqla dünyaya havayı oksigen işlətməyə gəlmədiyini sübut etdin. Halal olsun sənə yediyin hamburgerlər, hotdoglar, içdiyin kolalar. Sənin sayəndədir ki, biz hər gün Facebook`la feyz alıb feyziyab oluruq.

Əziz daltonikciyəzim! Sən demə biz Feyzbukdan (mən özüm də feyz alıb feyziyab olanlardan olduğum üçün icazənlə “Facebook”u “Feyzbuk” adlandıracağam.) qabaq heç yaşamırmışıq, yeknəsəqlik və monotonluq içinə batırmışıq. Sənin feyzbukun bizə həyatın həqiqətdə nə olduğunu göstərdi. Sənin göy gördüyün dünyanı bizimçün min bir rəngə boyadı. Sən heç özün də bilmirsən ki, nə qədər savabın yiyəsisən. Sənin Feyzbukun sayəsində çəpgözlər ərə getdi, itkinlər tapıldı, aşiqlər məşuqlarına, analar balalarına, bacılar qardaşlarına qovuşdu. Sən neçə-neçə ailəni dağılmaqdan qorudun, neçə-neçə ümüdsüzü intihardan saxladın.

Əziz pırpızbaşım! Inan ki, bu məktubu yazdıqca özümü saxlaya bilmirəm, gözlərim biixtiyar dolur, gözlərimdən süzülən damcılar yanaqlarım boyu axıb çənəmin altında birləşərək klaviaturanın üstünə tökülür. Klavişlərin cərəyan keçirdib barmaqlarımı gizildədəcəyindən qorxuram.

Əziz Mark! Çox məşğul olduğunu bildiyimdəndir ki, çox çərənləyib səni işindən ayıracağımdan qorxub məktubumu burda tamamlayıram. Amma inan ki, dəryalar mürəkkəb, meşələr qələm, asiman kağız olsa, sənə deyəcəklərimi yazıb qurtarmağa bəs eləməz. Sən ki, bu qədər yaxşı adamsan, səni görüm neyniyim, necə eliyim deməyəsən, səni görüm tutduğun qızıl olsun, sən görüm evində ölməyəsən, balaların qorxar və s. və i.a.

Hörmətlə və ehtiramla bəndeyi-həqiriniz

Həmid Piri

26 iyul 2013

# 2307 dəfə oxunub

Oxşar xəbərlər

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

14:30 14 iyun 2024
Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

11:30 23 may 2024
Məlikməmmədin nağılı - Aliyə Qədirovanın hekayəsi

Məlikməmmədin nağılı - Aliyə Qədirovanın hekayəsi

16:32 22 may 2024
Aş qonaqlığı - Xaliq Rəhimlinin hekayəsi

Aş qonaqlığı - Xaliq Rəhimlinin hekayəsi

12:00 21 may 2024
#
#
# # #