İslaq bulud
Düşüncələrini yağdırdı qoz
Səmadakı quru buludlara
Uzatdılar yaşıllıqlarını yarpaqlar
Qozun çürüməsinə xəbərsiz
Buludların islaq bəyazlıqlarına
Qoz ağacının gövdəsində qazan
Ürək işarəsi gənc sevdalılar
Bənzətdilər qoz içinə
Ağ buludlardakı xoşbəxtliklərini
Və cadugərlər süpürəndən sonra səmanı
Bir islaq buluda bənzətdilər
Yerə düşən içi boş qozun xülyasını
Güllərin ətri
Sonunda yuxuya dalan otağın
İməkləyən körpə baxışları yeridilər
Addım-addım
Yavaş-yavaş
İpək xalçanın üstündə
Xalçanın üzərindəki
Ətirsiz güllərin tikanları
Batdılar körpə baxışların
Yumşaq ayaqlarına
Tikanların acısından
Addım-addım yavaş-yavaş yeriyən
Körpə baxışlardan axan göz yaşlarını
Birdə xalını toxuyan taleyin
Kəsilən barmaqlarının
İlmələrr arasında
Gizlənən qanını içən güllər
Ətirlərini saçdılar
Otağın dörd küncünə
Qalxdı o an
Yuxuya dalan otaq
Öz yatağından