Keçmişdən gələn mesaj

Keçmişdən gələn mesaj
27 may 2015
# 16:22

Bəzən birilərinin üzərində qələbə çalmağa ehtiyacım var, sırf “Mən qalib oldum!” deməkçün.

İllərin ağrısını təkrar yaşayırdım, hər kəsin köz bağladığını düşündüyü yaramın ağrısını... Yuxum ərşə çəkilmişdi, saniyəlik də olsa gözümü yuxu alırdı ki, qarışdırırdım yuxumu. Günlərdir düşünürdüm ki, əgər bu şəhərdədirsə, niyə indiyədək qarşıma çıxmayıb, mən onu görməmişəm?

Yəni təsadüfü görüşlərin dörd ilə sığmayacağı dərəcədə böyükdür bu şəhər? Bəlkə başına bir iş gəlib? Yox, ola bilməz, əgər başına bir iş gəlsəydi, hiss edərdim, necə olmasa, qara xəbər tez yayılır. Əşi, mənə lazımdır, niyə manyak kimi qanamayan yaranı “qanamalısan!” deyə qurcalayıram?

Başımı yastığa çırpdım, özümü yuxuya verməyə çalışdım. Birdən gözümə zərblə göy işıq dəydi. Üfunət qoxulu duman qalxdı yerdən, artıq boğulurdum, çırpınırdım. Birdən o qarşımda dayandı. Bir az saçları uzanmışdı, üzündə təraşa naz etmiş tükcüklər vardı, gözlərinin altı isə yorğunluqdanmı, küskünlükdənmi qırışa bürünmüşdü? Donub qaldım, bir xeyli gözlərlə hal-əhval tutduq. Mən onu başdan ayağa süzürdüm, ayaqqabılarını geyinib harasa getməyə hazırlaşırdı. Başını qaldırıb gözlərimə baxdı, sonra ayağa qalxıb çox uzağa addımladı. Arxaya çönüb gülümsündü və dedi:

- Niyə axtarırsan məni, nəyinə gərəyəm? Axtarma məni, mən nəinki şəhərdə, həyatda belə yoxam.

- Necə yəni? Başa düşmədim?!

- Ölmüşəm mən.

Qəhərdən boğuldum və ayıldım. Nə dəhşətli yuxu idi bu. Yuxu? Axı yuxuya oxşamırdı, həqiqətin özü qədər acı gəldi mənə. Səhəri gözümlə açdım, bütün günü o söz beynimdə dolandım şəhəri: “Axtarma məni, mən nəinki şəhərdə, həyatda belə yoxam”.

Birdən yuxum çin çıxsa? Gecəni gözləyə bilmədim. Nömrəsini “KEÇMİŞ” adıyla telefon kitabçasına yazdım. Bu ad hardan gəldi ağlıma, adını niyə yazmadım ki, ya da uydurma bir ad da qoya bilərdim. Birdən yadıma parkdakı qaraçı qadının dediyi sözlər düşdü:

- Həyatında fırtına qopacaq, azıb qalacaqsan, nə gələcəyi, nə də keçmişini görə biləcəksən, amma qorxma, hər şey yaxşı olacaq. Həyatın axarına düşəcəksən, əsas olan odur ki, ürəyini özündə saxlayasan, kimsəyə verməyəsən.

O vaxt bu sözlərə gülərək qulaq asırdım, amma indi gözlərim donmuş halda yad edirəm. Ana, mən həqiqətən azıb qalmışam, heç nə görmürəm, nə edəcəyimi də bilmirəm. Qəribə bir təzad yaranmışdı: Omu mənim həyatımda fırtına idi, mənmi onun həyatında?

“Keçmişə” məktub yazdım, məktubum:- “.”- dən ibarət idi. Bəlkə də o zaman qoymalı olduğum nöqtəni qoymamışdım deyə, belə etdim. Çox çəkmədi ki, telefonumun ekranında “Keçmişdən məktub gəldi” yazıldı. Maraqlı ifadədir: “KEÇMİŞDƏN mesaj”.

Kim olduğumu soruşurdu. Yazım, yazmayım deyə tərəddüd içində idim. Yazmamağa qərar verdim və nömrəni yazanda diqqətsizlik etdiyimi bəhanə gətirdim. Kobud cavab yazdı deyə əsəbiləşib ona kim olduğumu dedim və telefonu söndürdüm. Çünki nə yazacağını bilirdim, indi hazır deyildim yumşaq kəlmələrə, üzrxahlıq dolu cümlələrə. Səhər ayılanda Keçmişdən nə qədər mesaj və zəng gəldiyini görüb çaşdım:Axı Keçmiş məni niyə bu qədər arasın?

Məktublara baxdım, vəziyyət təxmin etdiyim kimi idi. Səhər yeməyim hazır idi, bol-bol üzrxahlıqlar və sentimental kəlmələr yedim.

- Məni nə yaxşı tapdın?- deyə soruşdu.

- Mən səni axtarsaydım, tapmaq asan idi, amma axtarmırdım. Sadəcə iki gündür yuxumu qarışdırıram deyə, yazdım.

- Sən iki gündür yuxunu qarışdırırsan, məndə isə hər gün o vəziyyətdir. Necəsən?

- Çox yaxşıyam! – yazdım, bu sualı gözləyirdim, cavabında isə ona həyatımda gedən canlanmalardan, gündən-günə irəliləyən işlərimdən danışıb uğurlarımı sadalamaq istəyirdim, amma yazmadım.

- İşlərin necədir?

- Çox əla! – yazıb başladım hücuma:

- Necə olmalıdır, uğurlarımın sayı gündən-günə artır, həyata baxışım dəyişir, dost çevrəm daralıb, düşmənlər artıb, yoldaşlarım da ki, maşallah payız xəzanı kimi. İki ildir sevib-sevilirəm, çox xoşbəxtəm, çox...

- Allah səni xoşbəxt etsin!

Yazışmaya ara verildi. Öz-özümə düşündüm ki, kimə qarşı idi axı mənim bu aqressiyam? Sən yazmısan ona, o sənə yazıb narahat etməyib. Sən onun itirdiyi ümidlərinin yerini göstərdin, o yox.

Üstündən bir az keçmiş tanımadığım nömrədən bir xanım yazdı:

- Xanım qız, ona bir də yazmayın.

Kim olduğunu soruşdum, “Sevgilisiyəm”- dedi: “Sizdən bir xanım kimi xahiş edirəm, bir də ona yazmayın. Bilirəm sevdiyi xanım olmusuz, amma hər nə olubsa, keçmişdə qalıb”.

Çaşıb qaldım, sevdiyi varmış. Demək məndən başqasını da sevə bilərmiş. Daxilən parçalandım, eqoma güc gələ bilmədim. Əgər o da məndən sonra sevə bilibsə, kimin sevgisinə güvənə bilərəm mən? Bir zamanlar bütün varlığıyla yalnız sənə aid olan adamı indi başqasına aid olduğunu görmək çox ağır idi mənimçün. Lənət olsun, axı mən niyə o yuxunu gördüm, niyə ürəyimə qulaq asıb addım atdım? İnsanın müntəzəm olaraq yuxuda kabus görməsi ps günlər yaşamaqdan qat-qat ağrılıdır. Hey bitməsini dilərsən, amma səni bitirər.


Düzünü deyim ki, mən həm də özümə olan sevgini sınaqdan keçirmək istəyirdim, unudulmuşammı, ya yox, bunu bilmək istəyirdim. Bir də unudulmaq qorxusuyla fırtına tək həyatına qəil geri dönüb arxaya baxmadan yenidən qəfil çıxıb gedən eqoist insanlar var, dadını çıxararlar, acısı digərinə qalar.

Mən həmin eqoist adamlardanam, amma acısı özümə qaldı. Qürurum məni boğurdu. Qadın sevilməyi ilə qürur duyar, amma bu qədər yox. Bəzi insanlarla münasibətlərin meyidini sürüyə-sürüyə gələcəyə aparmağa çalışırıq, halbuki münasibət ölüb, sadəcə qəbul edə bilmirik.

Əvvəllər onunla qarşılaşmağı təsəvvür belə edə bilmirdim, nifrətim bu qədər çox idi yəni. “Qarşılaşsaq, məni danışdırsa, hal-əhval tutsa, üzünə belə baxmadan düz gedəcəm, görməzdən gələcəm” deyirdim, amma sən saydığını say, gör fələk nə sayır. Bu baş verənlər mənə öyrətdi ki, həyat təkidlə "Olmaz!" dediyimiz şeyi özümüzə etdirər...

# 1447 dəfə oxunub

Oxşar xəbərlər

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

14:30 14 iyun 2024
Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

11:30 23 may 2024
#
#
# # #