Torpaq üçün darıxmaq

Torpaq üçün darıxmaq
27 mart 2014
# 11:58

Natəvan Mikayılova

Evdə hamı yatıb. Televizorun pultuna tərəf baxıram. Yox, ürəyim açmaq istəmir. Gözüm ətrafı gəzir. Divanın küncündə hələ də istisi soyumayan notbuka sataşır. Yox, bunu da açmaq istəmirəm. Yellənən pərdənin arxasından gələn küçə hənirtisini duyuram. Pəncərəyə tərəf sanki tələsmirəmmiş kimi yaxınlaşıb başımı çölə çıxardıb boylanıram.

Yüksək mərtəbədən ətraf xırda görünür. Sanki bir uşağın oyuncaq baxçasıdır. Hər dəfə problemlərdən doğan fikirlərlə düşüncəmdə böyük və qarışıq sandığım dünya bu baxışla kişilir, mənasızlasır. Gözümdə oyuncaq aləminə çevrilir.

Amma bu saatda bu səssizlik və sevdiyim payızın mehi ruhumu canlandırır. Dərindən nəfəs çəkirəm. Aldığım bir yudum hava bütün hüceyrələrimə paylanır. Əlim-ayağım da ruhum kimi canlanır. Çöldən yalnız maşın selinin yaratdığı çay səsinə bənzər səs var. Yenə də xoşdur, insan səsi ki, deyil. İçimdən dəlicəsinə bir darıxmaq kecir.

Darıxıram. Kim üçün, nə üçün, səbəbi məlum deyil. Torpaq istəyirəm, bir ovuc torpaq. Kaş ki, bu saatda həyətə yenə bilsəydim, qucaqlasaydım torpağı, qoxusunu içimə doyunca çəkərdim.

Məncə bu anda bezginliyimi yalnız torpaq susdura bilər. Onunla ortaq, paylaşa bilmədiyimiz bir yanımız olmayacaq. O, məni sevəcək, mən də onu. Sonunda sözün əsl mənasında onunla bir olacağıq. Bu dəli darıxmağın ab-havası məni tərk etməmiş gözüm aşağıda işıqları yanan o evə sataşır. Həyətdəki ağac hələ də durur. Mən kəsiblər zənn edirdim. Amma haqlıdılar, ağacın nə günahı var ki. O gündən bu yana ağac yenidən geyindi-soyundu. Dəyişən bir şey yoxdur. Həmin mövsüm, həmin həyət, həmin ağac. Bir il öncə idi. Cığır-bağıra yenə bu pəncərədən boylandım. Hər kəs bu ağacın ətrafındaydı. Səhər eşitdim evin oğlu özünü bu ağacdan asıb. Sevdiyi qız evlənir deyə.

Bəlkə də bəhanəsiydi, bezmişdi insanlardan. Bu dunyada beziləcək və bir birini bezdirməkdən həzz alan tək varlıq insandır. Bəlkə o da mənim kimi torpaq üçün darıxmışdır.

Bir saat öncə qarşımdakı insan dünyanın ən qorxunc yırtıcısından dəhşətliydi gözümdə. Mübahisəni kəsib səssiz bir yerə qaçmaq istəyirdim. İndi düşünürəm və izləyirəm çox sakitdir. Bəlkə də mən onu bu həddə çatdırdım. Bəlkə də az öncə düşündüyüm qorxunc yırtıcı məniydim. Özümdən də bezirəm.

Bu gecəki təsəllim bir ovuc torpaq.

# 1867 dəfə oxunub

Oxşar xəbərlər

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

14:30 14 iyun 2024
Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

11:30 23 may 2024
# # #