Kökdən düşmüş piano

Kökdən düşmüş piano
9 dekabr 2013
# 18:04

Asiman Eyniyev

O, paltosunu başdan-başa düymələyib yaşadığı uzun, qırmızı rəngə boyanmış binanın arxasından uzanan enli yolun kənarında dayandı. Bu yolun sonu məşhur bir yazıçının adını daşıyan dairə ilə bitirdi.

Qırmızı rəngli binanın altındakı kafenin qapısı açıldı. İki qarson kafedən sərxoş bir adamı çıxartdılar. Kafenin sahibi də bayıra çıxdı. O, gözlərini ovuşdura-ovuşdura işçilərini təlimatlandırdı. Qarsonlardan biri ağ döşlüyünü açıb qapının ağzına atdı, sonra taksi çağırmağa yollandı, o birisi isə sərxoş adamı yavaş-yavaş yerdə oturtdu. Qarson elə tarazlıq yaratdı ki, sərxoş adam kürəyini kafenin qarşısına yığılan kirli qar topasına söykədi.

Maşın dayandı. Taksi dalınca yollanan qarson maşından düşüb kafeyə girdi. Bu vaxt kafedən iki qız çıxdı. İkisi də qorxa-qorxa ətrafa nəzər saldı, sonra tələsik taksiyə əyləşdilər. Maşın iti sürətlə üzü şimala tərəf yol aldı...

Paltolu adam qeyri-ixtiyari paltosunun düymələrini açdı. Nəfəs almaqda çətinlik çəkən astma xəstələri kimi həyəcanla, dərindən bir neçə dəfə nəfəs aldı, başını möhkəm silkələdi. Beyni dumanlanırdı. O, fikrini dağıtmaqdan ötrü kafenin qarşısında uzanan sərxoşa baxdı.

- Salam, cənab, başınız ağrıyır?

- Yox, siz kimsiz? -deyən paltolu adam sol tərəfində peyda olan başdan-ayağa qara geyinmiş adama baxdı.

- Mən, mən həkiməm, həkim. Adım da itdir, it. Mən bilirəm ki, sizin başınız ağrıyır və dərmana ehtiyacınız var – dedi. Qara geyimli adamın üzü görünmürdü.

- Bura baxın, üzünüzü məndən niyə gizlədirsiz?

- Üzümü? Hə-ə, başa düşdüm... Mən üzümü ona görə gizlədirəm ki, siz məni tanıya bilərsiz. Mən həm də aktyoram axı. Hə-hə, özü də ən məşhurlardan. Mənə bir kinoda rol da veriblər. Çox kiçik bir roldur. Mən əməliyyat zamanı, baş cərraha əməliyyat üçün lazım olan alətlərdən birini uzadıram, vəssalam. O kinodan sonra insanlar məni harda görsələr mənimlə şəkil çəkdirir, xoş münasibət göstərirlər.

Diqqətlə qulaq asın! Bir dəfə sevimli fanatlarımdan biri mənə yaxınlaşıb dedi ki, sizi kinoya dəvət edən rejissor, öz işini bilən peşəkardır və siz kino sahəsində əsl tapıntısınız. Onun fikrincə, kinolarda tanınmış bir aktyoru həkim libasında görəndə, ölüm çarpayısında uzanan xəstənin sağ qalacağına inam itir. Bəli-bəli, çünki insanlar belə düşünür ki, həmin aktyoru tanıyırlar və onun əsl həkim olmadığını bilirlər. Bax belə...

Paltolu adam başını təkrar silkələdi. Gözlərini yumub-açdı. Qara paltarlı adam yoxa çıxmışdı. O bilirdi ki, gözünə görünən bu kölgə, gecəki marixuananın təsiridir. Gecə səhərə yaxın qız dostu marixuana çəkmişdi və oğlan narkotikanın tüstüsünə düşmüşdü. O, hətta başını pəncərədən bayıra çıxarıb it kimi bərkdən bir neçə dəfə hürmüşdü də...

Uzaqda görünən kauçuk zavodunun iri borularından çıxan qatı tüstü açıq səmanı korlayırdı. Ağ plaş geyinən bir qadın telefonla danışa-danışa onun yanından ötdü.

Paltolu adam cibindən bir dənə əzilmiş siqaret tapdı. Yandırdı... Təzəcə rəhmətə gedən anası yadına düşmüşdü.

Qadın uşaq bağçasında piano müəlliməsi işləyirdi. İki ildən yuxarı idi ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi. Oğlan bilirdi ki, anasının axırına çıxan nənəsidir. Yaşlı qadın evdə hökmranlıq edir, gəlininə göz verir, işıq vermirdi. Düşməncəsinə etdiyi hərəkətləri ona heç kim bağışlamazdı, amma gəlini, gəlini ölüm döşəyində bağışladı onu.

Anasının gətirdiyi gəlinlik cehizin içində parlaq taxtadan olan bir piano vardı. Yaşlı qadın elə ilk gündən gəlininə xəbərdarlıq etmişdi: “O pianonun səsi eşidilməyəcək”. Çörək sexində işləyən atası da buna etirazını bildirməmişdi. Anası yaranan vəziyyətlə barışmışdı və ölənə kimi ona verilən hədiyyə pianoya barmaqlarını toxundurmamışdı...

Hərdənbir oğlan özü pianoda nəsə ifa edirdi, nənəsi heç vaxt onun xətrinə dəymirdi.

Anası öləndə nənəsi oğluna tapşırıq vermişdi: “O piano mənə lazım deyil, onu da basdırın”. Bu verilən tapşırığı oğlan eşitmişdi. O, nənəsini öldürmək istəmişdi, lakin fikrindən daşınmışdı. Yaşlı qadının gəlininə olan bu soyuq münasibətin səbəbini isə heç kəs öyrənməmişdi. Nədənsə heç bunu öyrənmək də istəməmişdilər. Gəlini ölən günün səhəri arvad, kommunist partiya biletini iki hissəyə bölüb odun peçinə atmışdı.

Siqaretdən dərin bir qullab götürəndən sonra həmin hadisə də yadına düşdü, amma oğlan öz-özlüyündə bunun səbəbini heç cür aydınlaşdıra bilmədi...

O, səsə diksindi. Səs binanın dördüncü mərtəbəsindən gəlirdi. Bu səs məhəllədə dəli kimi tanınan yaşlı Ələddin kişinin səsi idi. Ələddin hər səhər olduğu kimi yenə də eyvana çıxmış, mühüm bir sirri anladırmış kimi həyəcanla oyan-buyana diqqətlə nəzarət edib boğuq səslə danışırdı:

- Eşidirsiz? Hey, sizinləyəm, məni eşidirsiz? Əlimdə Roma Papasının gizli çəkilən şəkilləri var. O, kardinallarla qumar oynayır.

Qonşusuna diqqətlə qulaq asan oğlan qəhqəhə çəkdi. Eyni açılmışdı. O, gülə-gülə başını dikəldib gözlərini qıydı. Uzaqda görünən qaraltını seçməyə çalışırdı. Yanılmadı... Atası gecə növbəsindən qayıdırdı. Siqareti tulladı. Əlidolu gələn atasına kömək etməkdən ötrü enli yolun kənarındakı səkiyə çıxdı. Yolun bir hissəsinin donu hələ də açılmamışdı. O, asta hərəkət edən bir “Jiquli”nin qarşısından ötüb yolu keçdi. Atasına yaxınlaşıb salamlaşdı. Torbalardan ikisini alıb öndə yeridi.

Atası :

- Ay bala, bir dayan görüm, -dedi- nə oldu, sata bildin?

- Hə, satdım, amma hələ pulunu almamışam, -deyə oğlan arxaya baxmadan, yeriyə-yeriyə: - O adam dedi ki, bu alətin xərci ağırdır, kökdən düşüb, kökləmək lazımdır. Deyəsən çəkilən xərci də puldan tutacaq, –dedi, sonra atasını gözləmədən yolu keçdi.

Arxasınca gələn yox idi...

# 2423 dəfə oxunub

Oxşar xəbərlər

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

14:30 14 iyun 2024
Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

11:30 23 may 2024
# # #