Rəqsanə Mehdizadə
görüş
boş bir otaq...
mən boyda adam, sən boyda dərd...
bir az susub düşünmək,
sonra yada düşən xatirələr...
Yuxu kimi atmosferə dəlicəsinə vurulmaq
onu yaratmaqla yaranmaq,
bir şəklə boylanıb gözlərinə zillənmək
çox daha gizlənmək.
hərgah gizlənəcək yer yoxdur,
yaddaşdan.
bir tərəfdən huşsuzam, sən tərəfdən əksi.
amma çox əksik...
yarım qalmış ruh kimi, qapı divar sürünən küləyəm.
çırpılıram hər gözucu kəlməyə.
bu üşüyən əllərim haqqı,
sevginin gözü kordu.
nə bir eynək ölçüsü, nə bir dərmanı yoxdu.
ağrısı xoş günlərdi,
sevinci - etdiklərin!
onlar da bizim kimi ziddirlər.
sənin kimi üzüqara, mənimtək ağbəniz.
xəyalların rəngi olmur,
arzuların adı kimi.
sətir-sətir unudulan, yaşanacaqlar
yaşanmamış halda ölüb gedənlərdir.
ki, yanımdan ötüb keçir –
bir keçmiş kimi keçir gedir...
davam eləyər arzularım,
arzuların ömrü olmaz.
ümid kimi qocalmazlar.
xəyal kimi səndən qalan xoşbəxtliyi aparmazlar.
...üç nöqtəli asta gülüş, bir iki ayaq səsi
arxada qalan baxış.
və bitir bu görüş!
***
Gün olub əsəbləşib "can" demişəm.
Məni can evimdən vuran eşqimə.
Dünya tərs dönüb başıma mənim,
Bir xoş təbəssümlü üzün görəndə.
Beş günlük dünyanın sakiniyəm mən,
Məni nəylə qorxutsan kar edər, axı?
Bircə canın var onu da al get,
Sonradan əhdinə yad olma, barı.
Bir quru nəfəsdi gəlib-gedəcək.
Ya sənli, ya sənsiz mən yaşayıram.
Məni təkliyim də qorxuda bilməz.
Öz tale yükümü tək daşıyıram.
Qorxuram özümdən nəsə səhv edəm.
Dayanam bu yolun keşməkeşində.
Dünən olanları unutmağa nə var?!
Ağrısı sızlamır yaramın hələ.
Sızlamır... sətirlər sözümdən sarı,
Daha heç kim düşmür gözümdən mənim.
Dediyim sözlərdən çox incimisən.
Amma ki incimə özümdən mənim.
***
Evdə təkəm,
Darıxıram .
Yaman pisdi darıxmağım,
Səndən sonra baş ağrısı,
Göz yaşıdı darıxmağım.
İndi gəzmək havasıdı,
Günəş çıxıb göy üzünə,
Mən isə,
Mənsə evdə təkəm ,
Səndən sonra elə təkəm.
Təkliyimdi darıxmağım.
Şəkillərdə sən xoşbəxtsən...
Üzü gülür şəkillərin ,
Çox xoşbəxtdi şəkillərin.
Xatirələr yada salan
Şəkillərdi darıxmağım.
Ürəyim də elə sancır,
Elə bil ki, yanımdasan.
Sevincimdən ağrıyıram?
Yox!
Səndən sonra ağrıyıram,
Ağrı verir darıxmağım.
Evdə təkəm,
Darıxıram.