Füzuliyə təxmis

Füzuliyə təxmis
25 oktyabr 2013
# 15:34

Akif Şahverdiyev

Qərb Universitetinin müəllimi, dosent

(1990- cı ilin Qanlı Yanvarında yazmışdım)

Kiçilərək böyük dünya, de, başıma dolanmazmı?!

Şəhid olan eşq yolunda, al rənginə boyanmazmı?!

Meydan tutub, gərdiş edən haqqı-sayı heç anmazmı?!

Məni candan usandırdı, cəfadan yar usanmazmı?!

Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı?

Gətirdim ki, ona iman, dar günümdə olsun həyan,

Kədər yeyib qusdum ki, qan, əsirgədi deməsin can.

Hanı məni dərdə salan, xəbər verin olsun əyan:

Qamu bimarinə canan, dəvayi-dərd edər ehsan:

Neçin qılmaz mənə dərman, məni bimar sanmazmı?

Qərənfil bitirdi qanım, cahan tutmaz ağlayanım.

Çəkər şivən Araz çayım, Kürüm-qara bağlayanım,

Düşüb şərə şərəf-şanım, zülüm-zülüm keçər anım,

Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım,

Oyadar xəlqi əfğanım, qara bəxtim oyanmazmı?!

Haqq istədim şeşi zərdən, verib yeki güldü birdən:

Könlün keçir yaman yerdən, qorx ki, qopa ayaq yerdən...

Uzaq olum deyə şərdən, hey susardım, yaxud hərdən

Qəmim pünhan tutardım mən, dedilər: yarə qıl rövşən:

Desəm ol bivəfa bilmən: inanarmı, inanmazmı?!

Qəddim əyir hər duruşu, ey Yaradan varı-yoxu!

Zalım hardan oldu qonşu, çıxdı ərşə şirin yuxu?!

Uç yar sarı, könlüm quşu, ərzi-halım budur,oxu:

Güli-rüxsarına qarşı gözümdən qanlı axar su,

Həbibim, fəsli-güldür bu, axar sular bulanmazmı?!

Neçin etdin məni səfil, ucaldıqca, dedim əyil,

Şirin vədlə oxşama, bil, hər oxunan Quran deyil,

Parçaladın bağrım dil-dil, şahid buna neçə nəsil!..

Degildim mən sənə mail, sən etdin əqlimi zail,

Mənə tən eyləyən qafil səni görcək utanmazmı?!

Akifin sözü əmmadır, bir balaca müəmmadır,

Baxsan dadına bal dadır, demə yalan dağ boydadır,

Aqillər bilir, qaydadır, vallahi babam aldadır:

Füzuli rindü-şeydadır, həmişə xəlqə rüsvadır,

Sorun kim, bu nə sevdadır, bu sevdadan usanmazmı?!

# 5582 dəfə oxunub

Oxşar xəbərlər

Nağıl dünyası yaradan sətirlər - Günel Natiqqızı

Nağıl dünyası yaradan sətirlər - Günel Natiqqızı

14:00 26 may 2025
Qanadı qırılmış şam ağacları - Şahnaz Şahin

Qanadı qırılmış şam ağacları - Şahnaz Şahin

15:05 21 may 2025
Pəncərədə işıq - Günel Natiqqızı

Pəncərədə işıq - Günel Natiqqızı

17:00 7 may 2025
Moris, ona de ki, mən azadam! - Aliyə Kərimzadə

Moris, ona de ki, mən azadam! - Aliyə Kərimzadə

13:15 28 aprel 2025
Sükutun çəkisi - Mehriban İbrahimbəyli

Sükutun çəkisi - Mehriban İbrahimbəyli

10:12 11 aprel 2025
İçimdəki fırtına - Bayram Soylunun hekayəsi

İçimdəki fırtına - Bayram Soylunun hekayəsi

09:55 24 fevral 2025
# # #