Daşqın Məmmədov
- Növbədəki gəlsin, - deyə məmur xanım məlahətli səsi ilə kabinetindən, gözləmə zalına səsləndi.
Valideynindən öncə təxminən beş yaşlı, sarışın, gözəl bir qız uşağı qaçaraq içəri girdi və cəld Tamilla xanımın yanına yaxınlaşıb öpülməsi üçün üzünü uzatdı. İşlədiyi az müddət olsa da, daha çox təcrübə toplaya bilmiş Tamilla xanım sevimli qızcığazı pərt etməyərək hər iki üzündən öpdü.
- Nə gözəl qonağımız var bizim, - deyə qəndqabından bir konfet götürərək qızcığaza uzatdı. Qızcığaz da təşəkkürünü gözəl bir gülümsəmə ilə bildirib, dərhal konfeti soyub ağzına atdı.
Orta boylu, yumru sifətli, qara gözlü, şabalıdı saçlı Tamilla xanım yerini bir az rahatlayaraq üzünü qızcığazın hündür boylu, düz qamətli, gözəlliyini sifətindəki əsəb gərginliyinin yaratdığı cizgilərin gizlətdiyi anasına tutaraq:
- Başlaya bilərsiniz, xanım. Sizə necə kömək edə bilərəm? - söylədi.
Ana çəkinə-çəkinə, sanki qızı duymasın deyə, güclə eşidiləcək səslə:
- Mən qızımı internata vermək istəyirəm, - deyə birbaşa mətləbə keçdi.
Tamilla xanımın birinci dəfə rastlaşdığı səhnə deyildi. Əksər vaxt məmur quruluğu ilə sadəcə lazım olan sənədlərin siyahısını valideynlərə verər, artıq heç bir sual vermədən işini görərdi. Lakin bu dəfə içəri girən uşaq ona çox sevimli görünmüşdü, bəlkə də öz qızına oxşatmışdı. Üzünə baxıb daim gülümsəyən qızcığazdan gözünü ayırmadan:
- Bu qızımı? - soruşdu.
- Hə, onu. - deyə anası qızına baxmadan cavab verdi.
- Belə gözəl qızı adam uşaq evinə verərmi, heç ondan ayrı qalmaqmı olar? -deyə Tamilla xanım əli ilə qızı yanına çağırıb, şokoladlı əllərini silmək üçün salfetka verdi və davam etdi - Məncə bir qədər düşünsəniz yaxşı olar.
- Xanım, dolandıra bilmirəm, işləməyimə mane olur, atası da iki ildi bizi atıb gedib. – ana quru və kobud şəkildə cavab verdi.
Tamilla xanım ürəyinə sanki nəsə damıbmış kimi ona sığınıb gülümsəyən uşağın başını tumarlaya-tumarlaya səsindəki məlahəti pozmadan:
- Adınız necə oldu?
- Mənim adım? Hə, Xumar.
- Xumar xanım, sizə indi lazımi sənədlərin siyahısını verib yola salacam və sənədləri təqdim edən kimi qızınız uşaq evinə yerləşdiriləcək. Sadəcə dediyim odur ki, bu uşağın yediyi nədir ki, “dolandıra bilmirəm” deyirsiz, tikənizi yarı bölün, amma qız uşağıdır özünüzdən ayırmayın.
- İşləməyimə də mane olur axı, xanım. - ana yenidən dilləndi.
- Necə yəni “mane olur”?
- Yəni yanında qoyub işə getməyə adamım yoxdur.
- Valideynlərinizin yanında qalmırsızmı?
- Qardaşımın uşaqları ilə yola getmir, döyürlər onu. Xanım, mən çox düşünmüşəm, sənədlərin siyahısını verin, göndərim onu internata, Bakıdır da, çox uzaq deyil, hər həftə gedib görərəm.
- Nə isə, siz deyən olsun. - deyən Tamilla xanım, narazı halda başını bulayaraq sənədlərin siyahısını çıxartmaq üçün printeri işə saldı.
Bayaqdan qonşu otaqda oturmuş, açıq qapı üzündən söhbətə qulaq şahidi olan orta yaşlı, ağ saçlı bir qədər də qaradinməz məmur olan Ceyhun icazə alaraq Tamilla xanımın otağına keçdi.
- Buyur, Ceyhun, sözünmü var? – deyə Tamilla xanım öz hörmətini bildirdi.
- Çox üzr istəyirəm, istəmədən qulaq şahidi oldum söhbətə, icazə versəniz, iki kəlmə söz deyərdim.
- O nə sözdü, müəllim, buyurun.
- Görürəm qərarınız qətidir, amma deyəcəklərimə diqqətlə qulaq asın, bəlkə indi olmasa da, sonra anlayıb qərarınızı bir daha nəzərdən keçirərsiz. İndi dolana bilmədiyinizi deyirsiz və uşağı internata vermək istəyirsiz, amma orda uşağınıza necə baxılacağı haqda heç bir məlumata malik deyilsiz. Deyək ki, yemək və qulluq barədə hər şey əladır. Burda uşağınızı qardaşınızın uşaqlarının döydüyünü dediz. Axşam siz işdən gələndə üstünüzə şikayətə qaçırmı?
- Bəli.
- Siz nə edirsiz?
- Başını tumarlayıb, təsəlli verirəm, yalandan onları döyəcəyimi də deyirəm.
- Demək qardaşınızın uşaqlarının qızınızı döyməsindən narazısız. Amma internatda uşağınızı kimlərin uşaqlarının döyəcəyini heç fikirləşmirsiz, ən əsası, axşam şikayətə kimin üstünə qaçacağını, kimin ona təskinlik verəcəyini düşünmüsüzmü? Kim onun saçlarını oxşayacaq, kim “öldürərəm onları” deyərək onun başını aldadacaq? Yəqin ki, onu uşaq evinə qoyub çıxanda tezliklə gələcəyinizi deyərək yalan danışacaqsız. O isə anasına hamıdan çox inanır, anasına hamıdan çox güvənir axı. Hər gün yolunuzu gözləyəcək, aşkarda ağlasa üstünə acıqlanacaqlar deyə, gizlində ağlayacaq, hər səhər yastığı göz yaşından islanmış olacaq.
Tamilla xanımın da, ananın da, elə Ceyhunun da gözləri dolmuşdu. Yalnız əvvəlki kimi balaca qızcığaz Ceyhuna baxıb gülümsəyirdi. Ceyhun sözünə ara verəndə cəld gəlib ona sığındı. O, qızın başını tumarlayaraq sözünə davam etdi:
- Siz bir uşağın valideynlərindən birini itirərkən çəkdiyi acının ağırlığını bilirsiz? Bu uşağın indi mən barmağını qırmaq istəsəm, ürəyiniz razı olarmı, imkan verərsinizmi? - deyə üzünü anaya tutdu.
Ana gözünün yaşını silərək heç nə deyə bilmədən başını buladı.
- Amma onun bütün sümüklərini sındırmağa hazırlaşırsınız. Valideyn itirməyin verdiyi acı, bütün sümüklərin sınmasının verdiyi acıya bərabərdir. Bu balaca gözəl balaca canı ilə artıq bir dəfə bu acını yaşayıb. Siz necə ana olursuz ki, ona ikinci dəfə belə ağır acı yaşatmaq istəyirsiz. Bir yandan da deyirsiz ki, bir barmağının qırılmasına razı deyiləm. Deməyinizə baxmayın ki, yanına tez-tez gedəcəksiz, sizin kimi deyənlər çox olur. Heç ildə iki dəfə gedə bilməyəcəksiz. Sizdən ayrılandan düz bir ay sonra bu balaca gözəlin gözlərindəki sevincdən, bir il sonra da ürəyindəki sevgidən əsər-əlamət qalmayacaq. O boşluğa kin, nifrət yığılacaq. Bəs sizə, sizə asan olacaqmı, hər axşam evə gələndə sizi bu gözəl qaçaraq öpüb-qucaqlayıb qarşılamayanda, ona sarılıb yatmayanda, onun şirin dilindən çıxan “anam gəldi” kəlməsini eşitməyəndə?.. Hər axşam işin yorğunluğunu onun bir öpüşü ilə, bir qoxusu ilə çıxartmaq varkən... Yenə də özünüz bilərsiz, bağışlayın ki, işinizə qarışıb sizi də kövrəltdim. - deyən Ceyhun artıq əməlli-başlı ağlayan xanımlara son sözünü deyib, tökülməyə hazır öz göz yaşlarını gizlətmək üçün cəld otağına keçdi.
Tamilla xanımın lazımi sənədlərin siyahısı yazılmış vərəqi tutduğu əli göydə qalmışdı. Birdən ana ayağa qalxıb qızını bərk-bərk qucaqlayaraq hönkürdü:
- Heç yerə verməyəcəm səni, gedirik evə, heç vaxt anandan ayrılmayacaqsan, ölsəm də yanımdan ayırmayacam. - sözlərini təkrarlayaraq qızını öpüşlərə qərq etdi.
Kiçik qız da anasının saçlarını tumarlayaraq, yaşlı gözlərindən öpdü. Amma gülümsəməyini heç kəsmirdi.
Ana yan qapıdan içəri boylanaraq Ceyhuna başını yelləməklə sanki təşəkkür etmək istədi. Balaca gözəl isə içəri qaçaraq Ceyhun müəllimin üzündən bir öpüş qoparıb, gəldiyi kimi də anasının yanına qaçdı. Onun bu söhbətlərin mahiyyətindən xəbəri yox idi, amma balaca canı ilə bu ağsaç əminin onu hansısa bəladan hifz edə bildiyini hiss etmişdi. Xeyli sonra özünə gələn Tamilla xanım əlindəki siyahını zibil qabına atıb göz yaşlarını bir daha silərək Ceyhunun otağına gəldi:
- Ceyhun, bəlkə bundan sonra belə valideynlərin hamısı ilə siz danışasız?
- Əşi, bu da bir iş idi, mən kiməm ki? Allah ürəklərə insaf salsın. - deyə Ceyhun başını qaldırmadan cavab verdi.
23.10.2017