Zaman Piriyev
Göy guruldadı, şimşəklər çaxdı, illərlə üstünü toz basmış xatirələrin üstünə yağış yağdı. İtib batmış, torpağa qarışmış gəncliyinin dəli hissləri boy atdı, kükrədi. Ürəyi elə şiddətlə döyündü ki, bu səsdən özü də səksəndi. Yanında başqa adam olsaydı qorxardı. Çox şükür ki, tək idi. Lakin bu təkcəlik ancaq onun özünə aid idi. Ətrafda adamlar harasa tələsirdilər. İşə gedən, məktəbə tələsən bu qədər adamın içində Nazim tək idi. Bir də onu belə hazırlıqsız yaxalayan o var idi. Niyə bu küçə ilə gəldi? Adətən başqa yoldan keçərdi. Basaratı bağlanan cüyür kimi ayaqları onu sürüyüb ovçunun nişangahına - bu küçəyə gətirmişdi. İlahi! Bu odur! Ayaqları tutuldu. Nəfəsi kəsildi bir an. Dodaqları əsdi, lap ilk dəfə onu gördüyü gündə olduğu kimi. Dili ağzında böyümüşdü. Nə illah eləmişdisə də, yenə cümləsini tamamlaya bilməmişdi.
Üstündən illər keçəndən sonra geridə qoyub gəldiyi yetim xatirələr içini sızlatdı. Toxunulmaz muzey əşyaları kimi onları illərdir qoruyub saxlamışdı. Kimsə ilə bölüşməmişdi içindəkiləri. Bu səbəbdən hamısını toz basmışdı. Bitib tükənməyən hisslərinin diri-diri basdırıldığı toz-torpağın altında bir nisgil yatırdı. İndi, üstündən illər keçəndən sonra, bu tozu kobud əlləri ilə silmək, yenidən o hissləri yaşamaq nə qədər ağırdır.
Aralarında burulğan qopdu. Dəli külək hər şeyi alt-üst etdi. Havada ona yaza bilmədiyi məktubların boş kağızları uçuşdu. Ağır şillə kimi bir-bir sifətinə çırpılan boş məktublar alnına taleyin yazısını möhurlədi sanki. Barış bununla!
- Salam.
- Bağışlayın, tanımadım.
- Necə yəni? Axı sən... Sən Nazim deyilsən?
- Bəli, Naziməm.
- Məni tanımadın?
- Yox... yox tanımadım. Yaddaşım korlanıb.
- Mənəm, Gülsüm, üzümə bax, gözlərimin içinə bax, Nazim.
Qorxdu onun gözünün içinə baxmağa. O gözlərdə bir ömrün ağrı-acısı vardı. Bunu dəqiq bilirdi. Özünü günahkar hiss edəcəyindən qorxdu.
- Xatırlamadım, üzrlü bilin.
- Nazim, sən məni unuda bilməzsən. Son nəfəsin olsa da, ancaq mənim adımı çəkərsən. Çünki sən məni, mən də səni yaxşı tanıyıram.
- Ay xanım, bəlkə də siz məni tanıyırsınız, amma mən sizi xatırlaya bilmədim. Hər halda qoy elə beləcə də qalsın. Sağ olun.
... Nə qalsın beləcə? Nə qaldı ki, darmadağın olmamış.
Sürətlə uzaqlaşdı ordan. Nəsə ayıb iş görmüş kimi hiss etdi özünü. Bunu özünə görəmi etdi, yoxsa illər öncə bütün varlığı ilə sevdiyi, onsuz aldığı nəfəsi belə boşa saydığı Gülsümə görəmi? Geri qayıdıb, mənəm, həmin Naziməm, sənin ola bilməyən Naziməm, demək istədi. Amma qorxdu. Elin qınağındanmı? Yox, bu dəqiqə içinə düşdüyü burulğanda hər şey, el də, qınaq da sovrulub getmişdi. Bəs nə?!
İçində təlatüm var.
...Özünə yalan satma, Nazim. Dürüst ol! Niyə yalan dedin? Gözünün içinə baxa-baxa özünü inkar etdin. Axı niyə? Bu sual daha ağır şillə kimi üzünə dəydikcə, sifəti qızarır.
...Balaca park var, yaxşı oldu, qoy yolu keçim, bir az oturum.
... Keçmə, Nazim! Bu yaşa qədər neçə belə yol keçmisən. Hər yol bir ayrıc olub, səni ayırıb ondan. Nəfəs dərmək istəyirsən? Etmə! Geri dön!
... Axı niyə dönüm? Mənə doğma olan O deyil. Onun xəyalıdır. Qura bilmədiyimiz yuvanın soyuq divarlarında toy şəkillərimizi asmışam. Mənim xəyallarımın bəmbəyaz qanadlarında o bu evə gəlin köçüb. Onun üçün düzəltdiyim güzgüdə qara saçlarını tumarlayıb. Burda saatın əqrəbi çoxdan susub. Zaman içində donmuşuq. Geriyə dönüb hər şeyin xəyal olduğuna necə inanım? Elə həqiqətlər var ki, onu görmək istəsən bir ömür yanarsan. Görmə, eşitmə, duyma!
İçində iki Nazim vardı elə bil. Bir-birinin yaxasından yapışıb dartışırdılar.
...Altmış yaşlı qurumuş cəsəddən nə istəyirsiz axı?! Daha gənc olan:
- Özünü niyə belə aparırsan? Sənin kimliyin mənim damarlarımda axan qandır. Mənim hirsim, inadkarlığım sənsən. Niyə inkar edirsən? Bəlkə yersiz darıxanda məni keçmişdən eşələyib çıxardan sən deyildin? Sən mənimlə ayaq üstə durmusan. Mən olmasam, sən kimə lazımsan?
Yaşlı:
- Sən cavansan, hisslərin təzədir. Bax titrəyirsən. Aprel günəşi isitmir səni. Əynin də nazikdir. Amma mən sənin yaşında ölmüşəm. Titrəyə-titrəyə, aprel günəşinin əsməcəsindən ölmüşəm. Həyat mənə o qədər kəfən geydirib ki, tabutuma da sığışmıram. Bu qədər ağır yüklə geriyə dönə bilmərəm.
Cavan:
- Cəsarətin çatıb deyə bilmədiyin, yaza bilmədiyin sözləri mənim belimə niyə yükləyirsən? Sən, mən olanda ölməmisən, sən indi ölmüsən. İllərlə bu gün ölmək üçün yaşamısan. Geriyə dön, bircə dəfə de ki, mən həmin Naziməm. Üşüyən əllərini uzaq xatirələrin öləziyən odunda qızdır. Çıx tabutundan, soyun əynindəki bozarmış kəfəni. Aprel günəşinə tərəf qaç. Titrəyə-titrəyə de, mən Naziməm. Sonra rahatca öl.
- Yox, bacarmaram. Bir daha onun gözündəki atəşə baxa bilmərəm. Onu son dəfə gördüyüm kimi xatırlamaq istəyirəm. Qoy, soyuq yuvamdakı güzgü onun qara saçlarını oxşasın. Şəkillərdən bir yerdə baxaq. Mənə qalan bircə budur, onu mənim əlimdən alma. Onunla yan-yana durub qocalmaq istəmirəm. Şəkillərdən çıxıb özümüz ola bilmərik. Bizim heç vaxt bir yerdə şəklimiz də olmayıb. Mən onu sevdiyim kimi ruhuma həkk etmişəm. Bu ruhu bədənimdən çıxarma!
Onu o qədər dartışdırdılar ki, ayaqları qərarsız oldu. Bu müşküldən çıxa bilmədi. Gah irəli, gah geri getdi.
Maşın ona necə çırpıldısa, ayaqları yerdən üzüldü. Şıppıltı ilə tabutun içinə düşdü. Qıy-qışqırıq səsi gəlir. Xırıldayır. Ətrafında kölgə adamlar nəsə danışırlar. Yaxından ağlamaq səsi gəlir. Ağlayan kimdirsə, gözünün yaşında bir istilik var. Canına ilıq şüa axır.
- Ay xanım, özünüzə gəlin. Şükür ki, ölməyib. Tez xəstəxanaya çatdırmaq lazımdır.
- Maşının sürücüsü kimdir?
- Mənəm.
Bu səsin doğmalığı ona güc verir. Durmağa can atır.
...Gülsüm...
Onun adını deməyə çalışır. Dodaqları aralanmır. Ürəyinin dərinliyində Gülsüm deyib qışqırır. Qulaqlarında bu səs uğuldayır. Titrəyir. İlıq şüalar bədəninin hər yerini yoxlayır. Sümüklərində sınıq yoxdur. Təkcə titrəyən ürəyində bir çat var. Ordan isti qan sinəsindən axıb canını isidir.
... Gülsüm! Bu odur! Onun göz yaşları belə isti olur.
Onu xərəyə uzadanda elə bildi ki, tabutunu cənazə maşınına qoydular. Gözlərini açır. Özünə kənardan baxır. Heç özünə belə baxmamışdı. Öləndə insan gözəlləşir, deyirlər. Quru cəsədi bir az ətə-qana dolub elə bil. Qəribə hisslər bürüyür ruhunun içini. Məgər ruhun içində də bir içəri var?
Hər tərəf tıxacdır, siqnal səsləri küçəni başına götürüb. Lap yaxından möhkəm bir səs gəlir, bu səsdən diksinir. Düz yolun ortasında idi.
- Ağsaqqal, neynirsən? Az qala məni zibilə salmışdın.
- Ay bala, qocalıqdandı. Şükür ki, heç nə olmadı.
Sonra duman çökdü. Boz duman bütün səhnələri sildi. Amma siqnal səsi dayanmır.
Yerindən dik durdu. Telefon dayanmadan səslənir. Saat səkkizdir. Tər içindədir. Tez durub özünü universitetə çatdırmalıdır. Bu gün Gülsümün imtahanı var.
... Bu nə qəribə yuxu idi. Gərək bu gün onunla şəkil çəkdirim. Dünyanın işini bilmək olmaz.
Hamama girdi. Üz-gözünü yumaq, gördüyü yuxunun izlərini silmək istəyirdi. Güzgüdə özünə baxmağa qorxdu. Altmış yaşı olar birdən. İsti suyun buxarı güzgünü tərlətdi. Əllərinə baxdı, kobud göründü. Güzgünü sildi, Gülsümün əksini gördü. İlahi! Nə yaman qocalıb. Buxar güzgünü yenidən tərlətdi. O yox oldu. Var gücü ilə yenidən sildi. Özünün yorğun üzünü gördü.
... Deyəsən, dəli olmuşam. Tələsik geyindi. Qapıdan sürətlə çıxdı.Telefon zəngi çalır. Ürəyi az qala ayaqlarının altına düşür. Gülsümün rəfiqəsidir, Nigar.
- Alo, Nazim, hardasan?
- Evdən çıxmışam, gəlirəm. Nəsə olub?
- Gülsüm yoxdur.
- Necə yəni yoxdur?
- Səhər tezdən çörək almaq üçün həyətə düşdü. Gözlədik gəlmədi. Bütün həyəti axtarmışıq. Nömrəsinə də zəng çatmır. Mağazadan soruşduq, ora da getməyib.
Yer ayaqlarının altından qaçdı. Ağlına ilk gələn, o gün Gülsümün dediyi söz oldu. Uzaq qohumlarından biri ona elçi düşüb. Ata anası razı olsa da, Gülsüm deyib ki, ölərəm ona getmərəm. Anası telefonda deyib ki, ay qızım, atanın xasiyyətini bilirsən. Sözü bir dəfə deyir. Sən də fikirləş, sonra peşman olmayaq.
Hər şey anidən baş verdi. Hər tərəf dumanlıdır. Ara-sıra səslər gəlir. Kimsə ağlayır.
...Təcili yardıma zəng edin.
...Kimdə su var. Üzünə su vurun.
...Ay xanım, ağlamayın, sizdə günah olmadı. Şükür ki, sağdı.
...Yol verin, kənara çəkilin!
Yol polisi maşınının qulaq batıran səsi eşidilir.
...Maşının sürücüsü kimdir?
...Mənəm.
...Bu odur, Gülsüm!
Canına üşütmə gəlir. Bir damla soyuq göz yaşı üzündən aşağı doğru axır. Sifətində ömürlük iz açır.