Qohumuna nişanlanan qız kənd müəllimini niyə seçir?

Qohumuna nişanlanan qız kənd müəllimini niyə seçir?
19 avqust 2017
# 09:00

Qohumuna nişanlanan qız kənd müəllimini niyə seçir?

Kulis.az “Naməlum kino” layihəsində Əmirhüseyn Məcidovun 1972-ci ildə çəkdiyi “Həyat, sən kiminsən” qısametrajlı filmini təqdim edir.

Süjet: Əhvalat Azərbaycanın əyalətlərindən birində 1929-30-cu illərdə baş verir. Gənc müəllim Firdovsi (Tariyel Qasımov) kəndə dərs deməyə gəlir. O, burada dərs dediyi şagirdlərdən birinin bacısı Məleykəyə (Zemfira İsmayılova) vurulur. Məleykə də gənc müəllimə eyni duyğuları bəsləyir. Ancaq onu qohumları zorla həmkəndliləri Əjdərə (Fazil Bayramov) nişanlayıblar.

Bir gün Məleykənin qardaşı ilə kəndin sayılıb-seçilən adamlarından biri, hamının çəkindiyi Şahverdinin (Nazim Abbas) oğlu arasında mübahisə düşür. Şahverdi Məleykəgilə gələrək onun qardaşını döyür, qızı da təhqir eləyir. Buna baxmayaraq nə kənd camaatı, nə Məleykənin nişanlısı dinmir, hamı hadisəni sükutla qarşılayır. Bu zaman hadisə yerinə gələn Firdovsi gənc qızın və qardaşının müdafiəsinə qalxır.

Ancaq Şahverdi və adamları Firdovsiyə də həqarət eləyir, ona sillə vururlar. Müəllim isə onlara cavab vermir.

Şahverdinin adamları kənddə şayiə yayırlar ki, Məleykə əxlaqsız qadındır, o nişanlı ola-ola başqa kişilərlə də sevgi münasibəti yaşayır.

Onun əxlaqsız olduğunu nişanlısına sübut etmək üçün tələ də qururlar. Bunun üçün Şahverdinin adamları Məleykəyə və Firdovsiyə bir-birinin adından məktub yollayır. Və məktubda təyin olunan görüş yerinə çağırırlar.

Məleykə görüş yerinə gələndə, Şahverdi və dəstəsi nişanlısına onun əxlaqsız olduğunu guya sübuta yetirirlər. Buna baxmayaraq, Əjdər sevdiyi qızı onlardan müdafiə eləyir, deyilənlərin iftira olduğunu, onlara inanmadığını deyir. Onlar Əjdəri öldürmək istəyəndə hadisə yerinə Firdovsi gəlir. Və onlar birlikdə Şahverdinin və onun dəstəsini tərki-silah edirlər. Firdovsi məktubun Şahverdi tərəfindən yazıldığını da isbatlayır, Məleykənin günahsız olduğunu, ona qara yaxıldığını və aralarında münasibətin olmadığını bildirir.

Məleykə Firdovsiyə nişanlısını sevmədiyini desə də o, qıza Əjdərlə evlənməyi məsləhət görür. Çünki Məleykə onunla evlənməyəcəyi təqdirdə Əjdər onu da, özünü də öldürəcəyi haqda Firdovsiyə xəbərdarlıq edir.

Gənc müəllim Məleykəni unutmaq üçün kənddən getmək qərarına gəlir. Amma finalda nişanlısı Əjdər qızın onu sevmədiyi ilə barışaraq Firdovsini kəndə qaytarır, kəndin onun kimi müəllimə ehtiyacı olduğunu deyir.

Realist üslubda çəkilən filmdə kollektivləşmə dövrü təsvir olunur. Sovet dövrü ədəbiyyatında ucqarlara göndərilən gənc, yüksək mənəviyyatlı, mübariz müəllim obrazı geniş yayılmışdı. Bu mənada Firdovsi xarakteri də istisna deyil. Rejissor bu obraza yeni çalar gətirmir, fərqli yozumda təqdim eləmir. Ona görə bu anlamda müəllim obrazı basmaqəlib alınıb. Ancaq müəllif ideoloji ideyanı, sovetlərin hakimiyyətinin təbliği məsələsini əhvalatda o qədər də qabartmır. Süjetin əsasında iki gəncin seçimi, azad məhəbbəti dayanır və ideoloji motiv də onların hissləri fonunda təsvir olunur.

Müəllif onların azad sevgisini kənddəki mühafizəkar sosial münasibətlərə qarşı qoyur.

Filmin rejissoru Əmirhüseyn Məcidov uzun müddət Azərbaycan Televiziyasında işləyib. O, "Evrika", "Sağlamlıq", "Odlar diyarı", "Şimşək", "Səadət qadınlar klubu", “Ozan” və başqa verilişlər hazırlayıb.

Azərbaycan televiziyasında istehsal olunan bədii lentin ssenari müəllifi Firudin Ağayev, operatoru Karlen Orucov, bəstəkarı Ramiz Mirişlidir.

# 1488 dəfə oxunub

Oxşar xəbərlər

Cəzalanmaq üçün yenidən günaha batmaq - İnsan öz həyatını necə məhv edə bilər?

Cəzalanmaq üçün yenidən günaha batmaq - İnsan öz həyatını necə məhv edə bilər?

10:00 23 noyabr 2024
Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

10:24 22 noyabr 2024
Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

09:48 22 noyabr 2024
"Titanik"in aktyorları illər sonra bir arada

"Titanik"in aktyorları illər sonra bir arada

10:40 21 noyabr 2024
Mükafat alan aktrisa:  "Mən ofisiant olanda onlara xidmət edirdim"

Mükafat alan aktrisa: "Mən ofisiant olanda onlara xidmət edirdim"

09:55 21 noyabr 2024
"Kardeşlerim"in aktrisası yeni serialda

"Kardeşlerim"in aktrisası yeni serialda

09:30 21 noyabr 2024
# # #