Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin APA-ya müsahibəsi
- Ədalət müəllim, 2006-cı ildən sonra teatr sahəsində qəbul olunan qərar və qanunlar Azərbaycan teatrına nə verdi?
- Teatr sahəsində qəbul olunan qərar və qanunlar dövlətin teatr sənətinə baxışlarını köklü şəkildə dəyişdirdi. Qeyd etdiyiniz kimi, 2006-cı ildə Azərbaycanda ilk dəfə olaraq “Teatr və teatr fəaliyyəti haqqında” qanun qəbul olundu. 2007-ci ildə möhtərəm prezidentimiz Azərbaycan teatrının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı sərəncam imzaladı. Nəhayət, 2009-cu ildə ölkə başçısı Azərbaycan və ümumən dünya teatr tarixində ilk dəfə olaraq Azərbaycan teatrının 10 illik inkişafına dair strateji xarakterli dövlət proqramını təsdiq etdi. Bu, Azərbaycan teatrının inkişafına xidmət edəcək fövqəladə önəmli bir sərəncam idi.
Demək istədiyim hər bir məqam əvvəlki yüz ildə olmayan hadisələrdir. Azərbaycanda 26 dövlət, 65 xalq, 3 özəl, bir ÜNS Yaradıcılıq Səhnəsi və bir bələdiyyə teatrı mövcuddur. Fəaliyyətdə olduqları gündən heç bir əsaslı təmir görməmiş teatr binaları 2009-cu ildən başlayaraq dövlət proqramına uyğun şəkildə ardıcıl və dünya standartları səviyyəsində qurulmağa başladı. Teatrlarda həyata keçirilən təmir-tikinti işləri təkcə Bakı ilə məhdudlaşmadı, həmçinin regionlarda həyata keçirildi. Xüsusən vurğulamaq istəyirəm ki, bu binalarda sadəcə təmir-bərpa işləri aparılmayıb. Yəni gözlə görünən gözəllik xaricində, həm də səhnəaltı və səhnəüstü mexanizmlər bütövlükdə yenilənib. Bundan başqa, səs, işıq və s. mexanizmlər dəyişdirilib, dünya standartlarına uyğunlaşdırılıb. Bu illərdən başlayaraq Azərbaycan teatrlarının böyük əksəriyyəti nəqliyyat vasitələri, səhnə geyimləri, qrim ləvazimatları ilə təmin olunub. Bu sahədə fəaliyyət göstərən texniki işçilər və yaradıcı şəxslər peşə fəaliyyəti ilə bağlı staj keçmək üçün dövlət vəsaiti hesabına xarici ölkələrə göndərilib.
- Hazırlanan tamaşaların bədii keyfiyyəti və teatrların repertuar siyasəti haqqında da eyni nikbinliklə danışmaq olarmı?!
- 2006-cı ildən başlayaraq Azərbaycan teatrlarında təxminən 900-ə yaxın yeni tamaşa hazırlanıb. Bu tamaşaların 180-ə yaxını dövlət sifarişi ilə ərsəyə gəlib. Bu, çox böyük rəqəmdir. Dövlət sifarişi ilə hazırlanan tamaşalara müxtəlif ölkələrdən biz 23 nəfər xarici rəssam, rejissor və başqa yaradıcı şəxsləri dəvət etmişik. Ümumiyyətlə, mən teatrın gələcəyinə çox böyük nikbinliklə baxıram. Son səkkiz ildə Azərbaycan teatrı 25 xarici ölkədə qastrol səfərində olub. Bir paralel aparmaq istəyirəm. Mən Akademik Milli Dram Teatrında sərəncamçı-direktor vəzifəsində çalışanda 1990-cı ilin mayın 1-dən 15-dək Azərbaycan teatr tarixində ilk dəfə olaraq teatrı Türkiyəyə qastrol səfərinə aparmışam. Amma dediyim kimi, son səkkiz ildə 25 xarici ölkəyə qastrol səfəri olub. Biz son 8 ildə 40-dan çox xarici dövlətlərin teatrlarının Azərbaycana qastrol səfərlərini təşkil etmişik. Dünyanın bir çox ölkələrində azərbaycanlı dramaturqların əsərləri tamaşaya qoyulub. Üç gün öncə Vyetnamdan məktub almışıq ki, İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” əsərini tamaşaya hazırlayırlar. Yəni bu gün Azərbaycan teatrı XIX-XX əsrlərdə mövcud olan bütün baryerləri vurub keçib. Azərbaycan rejissorları xaricdə tamaşa hazırlamaq üçün dəvət alırlar. Əlbəttə, bu bizə başucalığı və şərəf gətirir.
- Teatrlarda aparılan islahatlar istədiyiniz nəticəni verdi? Məsələn, bir neçə teatr birləşdirildi...
- Əlbəttə, biz həmin birləşdirilmələrin çox gözəl nəticəsini görürük. Gənc Tamaşaçılar Teatrının bazasında Gənclər Teatrı və Kamera Teatrı birləşdirildi. Janr istiqamətinə görə onlar eyni istiqamətli idilər. Birləşmə olandan sonra Cənnət xanım Səlimova baş rejissor vəzifəsinə təyin olundu. Böyük truppanın bir neçə il ərzində bir-birinə uyğunlaşması ağrılı-acılı, mübahisəli olsa da, möhtəşəm truppaya malik teatr göz qabağındadır. Yaxud rus dilində dağınıq fəaliyyət göstərən truppalar Rus Dram Teatrının bazasında cəmləşdi və teatr daha da qüvvətləndi. Akademik Milli Dram Teatrında rejissorların müqaviləyə keçid sistemi gündəmə gəldi və artıq bir neçə ildir bu yeniliyin tətbiqi davam etdirir. Biz bunun gözəl nəticəsini görürük. Məsələn, bir teatrda il ərzində iki-üç tamaşa hazırlayıb dövlətin ayırdığı aylıq 300 manat əməkhaqqı səviyyəsində illik 3-4 min maaş alan rejissor indi birdən-birə müqavilə əsasında dövlət sifarişi və yaxud teatrların dəvəti ilə ölkə xaricində, o cümlədən regionlarda tamaşa hazırlamaqla üç-dörd tamaşadan 10-12 min manat pul qazanmaq imkanı əldə ediblər. İnsanlara bu cür sərbəstlik və rahatlıq verilib. Aktyorların və rejissorların sosial rifahını yaxşılaşdırmaq üçün çıxış normaları yenidən işlənildi, aktyorların məşğulluq günlərinin sayı nisbətən azaldıldı ki, onların boş vaxtları olsun.
- Deməli, Azərbaycan rejissorunun 12-15 min manat qonorar almaq imkanı realdır...
- Əlbəttə. Rejissor hazırladığı tamaşaların səviyyəsindən, qüdrətindən asılı olaraq bu məbləğdə qonorar ala bilər. Mən ad çəkmək istəmirəm, bizim rejissorlar bir ildə aldıqları əmək haqqını bir tamaşadan qazanırlar. Eyni zamanda Azərbaycanda teatr adamı dövlətin nəzarətindədir və onun qayğısını hiss edir. Bu illər ərzində prezidentin sərəncamlarına əsasən 130 nəfərə hər ay 500 manat məbləğində təqaüd verilib. 77 nəfər ömürlük hər ay 1000 manat prezident təqaüdünə layiq görülüb. 2006-cı ildən sonra 677 nəfər sənət adamı müxtəlif fəxri adlar, orden və medallarla təltif olunub. Hər bir fəxri adın arxasında maddiyyat dayanır. Dünyanın heç bir ölkəsində dövlət tərəfindən sənət adamına bu cür diqqət və qayğı göstərilmir.
- Bu suala nazir müavini kimi yox, teatrşünas kimi cavab verməyinizi xahiş edirəm: Azərbaycan teatrında yaradıcılıq və intriqa nöqteyi-nəzərdən Sizi narahat edən tərəflər hansıdır?!
- Bilirsiniz, teatr ətrafında söhbətlər həmişə olub, bundan sonra da olacaq. Gəlin, biz insanların teatra olan marağından danışaq. Hesab edirəm ki, insanın teatra ilkin hazırlığı onun ailəsindən başlamalıdır. İkinci addım, əlbəttə, orta məktəbdən gəlir. Orta məktəblərin tədris proqramında ədəbiyyata ayrılan yerin içində dramaturgiya qol kimi yox, həm də teatr sənəti kimi tədris olunmalıdır. Yəni bu sevgi cəmiyyətə təlqin olunmalıdır. Artıq Təhsil Nazirliyi bizim bir neçə teatrla pilot layihələr üzərində işləyir. Ümidvaram ki, bu, genişlənib bütün respublikanı əhatə edəcək.
- Təhsil Nazirliyi məktəblərdə teatrlara bilet satışını qadağan edib...
- Belə bir problem yoxdur. Ümumiyyətlə, teatra getmək istəyən adam heç yerdə bilet satılmasa da, gedib kassadan alacaq. Bu gün Təhsil Nazirliyi bizim bir neçə böyük teatrımızla çoxlu sayda layihələr qurub və bu istiqamətdə iş gedir. Deyək ki, bütün məktəblərdə bilet satışı təşkil olundu, nə olacaq?! Əgər istək və sevgi yoxdursa, deməli, şagird bilet almayacaq. Mənim dediyim odur ki, teatra şəfqət və məhəbbət əvvəl ailə, sonra orta, daha sonra ali məktəb səviyyəsində təlqin olunmalıdır. Məsələn, Bakı Ali Neft məktəbinin rektoru Elmar Qasımov başda olmaqla tələbələr hər ay müxtəlif teatrlara tamaşaya baxmağa gedirlər. Yaxud bizim nazirlərimiz, məsələn, hörmətli Səlim Müslümov öz əməkdaşları ilə bərabər tamaşalara bilet alır. Yaxud “ASAN Xidmət”in rəhbəri İnam Kərimov çoxlu sayda insanın teatra cəlb olunmasında bizə yardım edir, özü tez-tez teatrlara gedir. Bu cür nazirlərimiz, vəzifə sahiblərimiz var. Amma mən bütövlükdə cəmiyyətin hazırlığı haqqında danışıram. Sizin əvvəlki sualınızdakı yaradıcılıq məsələsinə gəldikdə, əlbəttə, bütün tamaşalar hadisə sayıla bilməz. Biz bunu tələb də etmirik! Cəmiyyətdə böyük əks-səda doğuran tamaşalar hər teatrda iki-üç ildə bir dəfə ola bilər. İl ərzində 100-110 tamaşa hazırlanırsa, bunun hər birinin hadisə olması mümkün deyil. Dünyanın heç bir teatrında belə anlayış və təcrübə yoxdur ki, bütün tamaşalar hadisə olsun.
- Sıravi tamaşaçı kimi zövqlə baxdığınız tamaşaların adını soruşsam...
- Sizə bir söz deyim. Mənə, əlbəttə, sual verə bilərsiniz ki, sevdiyiniz dramaturq, sevdiyiniz kitab, sevdiyiniz tamaşa hansıdır? Amma tutduğum vəzifəyə görə bir çox yaradıcılıq ittifaqları ilə sıx təmasdayam, əməkdaşlıq edirəm və bir neçə yaradıcılıq sahəsi üzrə dövlət ekspert komissiyalarının sədriyəm. Ona görə mənim konkret adlar çəkməyim bir az başqa cür yozula bilər.
- Bizdə olan məlumata görə, teatrlar reklam və kommunal xərclərin ödənilməsində çətinlik çəkirlər. Bu haqda nə düşünürsünüz: gələcəkdə nazirlik onlara kömək edə bilərmi?! Yoxsa bu xərcləri teatrlar ödəməlidir?
- Dövlət qanunla tənzimlənən qaydada Azərbaycanda fəaliyyətdə olan bütün dövlət və xalq teatrlarının işçi personalının əməkhaqqını tam ödəyir. O cümlədən əməkhaqqından irəli gələn bütün vergiləri öz üzərinə götürüb. İkincisi, dövlət proqramına uyğun olaraq il ərzində teatrların əksəriyyəti ildə dövlət sifarişi ilə bir neçə tamaşa hazırlayır. Teatrların xarici ölkələrə qastrol səfərlərinin maliyyəsi dövlət tərəfindən ödənilir. Teatrlarımızın aparıcı əməkdaşlarının xarici ölkələrdə staj keçməsini, xarici ölkələrdən Azərbaycana dəvət alan və tamaşalara rəssam, bəstəkar kimi quruluş verən insanların xərcini yenə dövlət ödəyir. Teatr və konsert müəssisələrində keçirilən tədbirlərin icarə xərcləri endirimli tariflərlə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ödənir. Bunlar çox böyük vəsaitlərdir. Deməli, teatr bilet satışından əldə olunan vəsaitlə kommunal xərcləri ödəməlidir, yeni tamaşalar hazırlamalı və səhnə əsərlərinin reklamına vəsait ayırmalıdır. Bunu da deməyi lazım bilirəm ki, dövlət olaraq Mədəniyyət və Turizm Nazirliyi respublikada göz oxşayan 70 ədəd teatr tumbası yerləşdirib. 2019-cu ilə qədər həmin tumbaların sayını 200-ə qədər artıracağıq. Bu il 15 teatra 15 komplekt səhnə geyimi və qrim ləvazimatları xaricdən gətirilib hədiyyə verildi. Beş teatrımıza avtobus verilib. Bu, çox böyük məbləğ və köməklik deməkdir. Deməli, teatrın öhdəsinə vicdanla çalışmaq və daha çox tamaşaçı cəlb etmək düşür ki, əldə olunan vəsaitin bir hissəsini yeni tamaşaların hazırlanmasına sərf etsin, bir hissəsi ilə sosial xərcləri ödəsin və maddi güzəranlarını yaxşılaşdırsın.
- Real danışsaq, hər halda, çətinliklər var...
- İnsanlar stabil olaraq əməkhaqlarını alırlar, amma bu hər şey demək deyil. Təkrar edirəm: bir var paytaxtdakı böyük teatrlar, bir də var regionlarda fəaliyyət göstərən, tamaşaçı problemi olan teatrlar. Əlbəttə, ucqar rayonlarda olan teatrlarda bu problemlər mövcuddur. Bizim də arzumuz odur ki, tamaşaçıların sayı artsın və maddi durum yüksəlsin. Ümumiyyətlə, Azərbaycanda fəaliyyət göstərən heç bir teatrın kommunal xərc deyilən problemi yoxdur.
- İstəyirəm, söhbətimizi kino müstəvisinə gətirək. Azərbaycan kinosu haqqında teatrdan danışdığınız nikbinliklə söz açmağa əsas varmı?
- Mən sevinirəm ki, təmsil etdiyiniz APA agentliyinin “Azərbaycanfilm” kinostudiyası ilə birbaşa təması var. Cənab prezidentin sərəncamına əsasən təsdiq olunmuş dövlət proqramına söykənərək son üç-dörd ildə Azərbaycan kinosu çox böyük sıçrayış edib. Bilirsiniz, faktla danışmaq lazımdır. Azərbaycan kinosunun sorağı Kann və Venesiya festivallarından gəlir. İl ərzində Azərbaycan kinosu minimum 18 festivalda iştirak edib. Bu göstəricidir. Mən yenə hansısa filmin, yaxud rejissorun adını məqsədli şəkildə çəkmək istəmirəm.
- Məsələn, “Nabat” filmi...
- Bəli. Bütün mənalarda son dərəcə uğurlu və parlaq filmdir. Bu gün istər sənədli, istər animasiya, istərsə də bədii filmlərdə böyük inkişaf var. Kinostudiyanın yenidən qurulması ilə bağlı Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva özü şəxsən bir neçə böyük şirkətlə görüşlər keçirib. Kinostudiyanın dünya standartları səviyyəsində qurulması üçün cənab prezidentin ciddi tapşırıqları var.
- Animasiya filmləri və “Mozalan” studiyasının işlərində bir neçə illik böyük boşluq yarandı və bu, hələ də davam edir. Bu yaxınlarda “Mozalan” studiyası yeni müsabiqə elan edib, işlərin yenidən canlandırılması üçün addımlar atmaq niyyətindədir. Sözügedən istiqamətlərdə boşluq olması ilə razılaşırsınızmı?
- Razılaşıram. Bu yaradıcılıq məsələsidir və sirr olan nə isə yoxdur. “Mozalan”ın yarandığı və fəaliyyətdə olduğu dövr tamam başqa quruluş idi. Bu gün isə tamam başqa dövrdə yaşayırıq. Animasiya filmləri sahəsində çalışan və mənim böyük hörmət bəslədiyim istedadlı insanlar var. Amma biz yalandan durub deyə bilmərik ki, dünya səviyyəsində animasiya filmləri çəkirik və dünya bazarına tədavülə buraxmaq niyyətindəyik.