Kulis.az Ömər Xəyyamın “Mükafatlar, konyunktura və sənət” köşəsini təqdim edir.
Şon Beykerin ötən il Kann film festivalının əsas mükafatına layiq görülmüş “Anora” filmi, bu il də əsas nominasiyalar üzrə Oskar mükafatını silib-süpürdü.
Film haqqında hələ aylar öncə proqnoz vermişdim, di gəl, məni linç eləmişdilər. Yazmışdılar ki, bəs sən Beykerə paxıllıq edirsən, bəs “Anora” son illərin ən yaxşı ekran işidir.
Siyasi gündəmin diktəsi, LGBTQ söhbətlərinin calaq olunması… beləcə, sənət cılızlaşır, mahiyyətini dəyişir.
Zamanla ali estetik meyarlar da texnikiləşir, sintetikləşir və hər şey kimi dadını/duzunu itirir.
O şeydə ki sənət məqsəd yox, vasitədir, o şey teyxa zibildir, - fərqi yoxdur, səhnədə ya küçədə.
"Anora" / Mikey Madison
Əlbəttə, sənət əzəldən vasitə olub. İdeologiyaların, nəzəriyyələrin ədəbiyyat şəkli, musiqi həlli, yaxud ekranizasiyası…
Məlum, bu yumşaq təbliğat mexanizmlərini elə müəlliflərin özü zamanla mənalandırmış, dağ belinə qaldırmış; bəzən bütə çevirmiş, az qala, öz yaratdıqlarına sitayiş etmiş…
Mən nəsə təzə söz demirəm. Bilirik ki, təzə nəsə yoxdur. Hər şey mahiyyətcə təkrar, formaca fərqlidir.
Götürək, “Anora” filmini. Yenidirmi? Əsla! Orijinaldırmı? Əsla!
Orijinal olan heç nə yoxdur! Orijinal olan nəsə olası da deyil indən belə!
İndiki rejissorlar, yazıçılar, elə bəstəkarlar da, uzağı, yaxşı redaktorlardır. Yəni, yeni kimi təqdim olanan hər şey, əslində, köhnədir, sadəcə, təğyiri-libas olubdur, bəzənibdir.
Bir az ondan, bir az bundan… qat/qarışdır olsun təzə. Məsələn, gözünün birini Tarkovskidən götür, birini Hiçkokdan, obrazların hekayələrini dəyişdir: tutalım, Kabiriyanın adını Anora qoy, taleyinə azca barmaq elə, gətir Amerikanın lupanarlarından birinə. Sonra da de ki, pastiş eləmişəm, bəs rekonstruksiya belə, dekonstruksiya elə...
Bəs necə? Başqa necə ola bilər ki? Ümumiyyətlə, köhnədən qaçmaq mümkündürmü? Qətiyyən!
Fellini “Kabiriyanın gecələri”ni çəkəndə “Kabiriyanın gecələri” çəkilməmişdi, rejissor, tutalım, Cülyetta Mazinanın canlandırdığı obrazın taleyini “Dekameron”dakı əhvalatların, yaxud “Gilqameş”in Enkidusunu əhliləşdiran İştarın hekayəsi əsasında qurmuşdu.
Necə ki, “Dekameron” da o dövrün miflər, nağıllar əsasında yazılmış yenisi idi...
"Anora" / Mark Eydelşteyn / Mikey Madison
O vaxtdan danışıram ki, hələ kreativ məzmunlar bədahətən yaranırdı, fəhmi rabitə qırılmamışdı. İLHAM AŞAĞIDAN YOX, YUXARIDAN GƏLİRDİ.
Yəni, qələmin başını həqiqətin cazibəsi döndərirdi.
Qələm dedim, yadıma düşdü. Bu əhvalatı "Tarixçi" səhifəsindən oxumuşdum.
"Какраз" Rusiya haqqında danışırıq. Həm də şirinlik olsun.
Deməli, diyircəkli qələm ABŞ-də 1945-də istehsal olunmağa başlasa da, SSRİ-də 1965-də, atom bombasından 16 il, kosmosun fəthindən 4 il sonra, - İsveçrədən alınan avadanlıq hesabına buraxılıb.
SSRİ 1953-cü ildə hidrogen bombası istehsal etmişdi, 1957-də kosmosa it göndərmişdi, 1958-ci ildə atom sualtı qayığı, bir il sonra atom buzqıran gəmisi düzəltmişdi, 1961-ci ildə sovet vətəndaşı kosmosu fəth etmişdi, amma diyircəkli qələm buraxa bilmirdi.
Fəqət bu günün kreativ məzmun yaradıcısı əsrlər əvvəl bir-birindən xəbəri olmayan, bir-biri haqqında on/on beş ildən sonra öyrənən, ya da heç vaxt öyrənməyən müəlliflər barədə, ümumiyyətlə, bütün müstəvilərin qıtlıq dövrü haqqında bir dəqiqənin içində məlumat ala bilər, üstəlik, haman illəri qrafik canlandıra da bilər.
Məsələn, nə yazılmayıb ki?
İlin/günü bu vaxtı Jorj Poltinin “36 dramatik situasiya”nı sayaq?
Lap istəyirsən, götür dramatik situasiyaların yerini dəyiş, xoşuna gəlməsə, əlavə et, yenə bəyənməsən, təzədən redaktə et.
Mahiyyət dəyişmir. Dəyişən təkcə formadır.
Yaxşı, əgər belə isə bəs mən Şon Beykerdən nə istəyirəm?
Özü də, Şon Beykerdən əvvəl münsifləri qınamışam.
Məsələn, Kanndakı münsiflər heyətinin rəhbəri Qreta Qerviq xanımı. Qadınlar, həmrəylik-zad...
Hə. Deməli, təxminən, öyrəndik ki, hər şey kimi kinematoqrafiya da cılızlaşır.
Siyasi məsələlər, qadınlar, homoseksuallar, feminizm, ənənəvi kişi obrazının ayrı cür mənalandırılması və sair və ilaxır.
Yəni, filmlər siyasi/mədəni konyunktura vasitəsinə çevrilib. Fəqət həm də öyrəndik ki, sənətin məqsədi, sən demə, ta əzəldən budur.
Ümumiyyətlə, mədəniyyətin özü də konyunkturadır – deyirəm mən, di gəl, bu ayrı mövzudur.
Baxmayanlar üçün qısa məzmun:
Film striptizklubda işləyən, fahişəlik edən özbək əsilli qızın həyatından bəhs edir.
O bir gün rus oliqarxının oğlu İvanla tanış olur.
Valideynləri İvanı Amerikaya təhsil almağa yollasa da, o, gününü əyləncələrdə keçirir. Atası onu təkidlə vətənə çağırır.
İvan isə özbək qızı, fahişə Anora ilə evlənməyə qərar verir, fəqət domino daşları bir/bir dağılmağa başlayır...
Mənim təəssüratım:
"Anora" filminin qələbəsi tamamilə rəzillikdir.
Təəssüf, kinematoqrafiya da hər şey kimi cılızlaşıb.
Konyunktura, siyasi maraq, diktə... Məsələn, Şon Beykerin rusofobluğu...
Obrazın adı "İvandır".
Kimdir bu İvan? Cındırın biri. Bilirik ki, ruslarda "İvan" əsas adlardan biridir; demək olar, rus simvoludur.
Fahişə qız isə özbəkdir. Sovetlər-zad.
Erməni obrazları da rus oliqarxın qulluğunda.
Üstəlik, rusofobiya, yaxud digər məsələlərin heç biri dərindən işlənməyib, eləcə... Ötəri və bəsitdən bəsit. Bəzən lap "Yeşilçam" filmlərini andırır. Primitiv gediş, primitiv həll.
Tamamilə ləlöyünçülükdən ibarət filmin bunca uğur qazanmağı, əlbəttə, kinematoqrafiya adına biabırçılıqdır.
Mus/mus… Nəhayət, Mustafa…
Rusiya, sanksiya… Bu haqda uzun/uzadı danışmağa ehtiyac yoxdur, məncə. Elə bilirəm, bir/birimizi aydın başa düşürük.
Hə Rusiya, sanksiya-zad, gözünə qatırsan fahişəni, insan taleyini, əbədi kədəri... mühacirlərin problemi, bla...bla...bla...
Mən deyirəm ki, ay mötədil...
Məsələn, çox uzağa getməyək, götürək elə, Andrey Zvyagintsevin, təxminən, on il öncə Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə – bu da taleyin ironiyasıdır – çəkdiyi “Leviafan” filmini...
“Leviafan” / Aleksey Serebryakov
Bax mən bunu deyirəm... Aşağı/yuxarı eyni məzmundur. O da Rusiyanı, rus hakimiyyətini yıxıb/sürüyüb.
Sözsüz, ondan əvvəl də bu işi görənlər olub.
“Leviafan” bugünkü Rusiya cəmiyyətinin gerçəklərini – dövlət, məhkəmə, bütünlükdə hüquq-mühafizə orqanlarının korrupsiya bataqlığına qərq olmasını, mənəviyatsızlıq, ədalətsizlik və əxlaqsızlığın həyat tərzinə çevrilməyini tam çılpaqlığıyla göstərir. Pravoslav (Ortodoks) Kilsəsinin din xadimləri isə korrupsiyaya bulaşmış, ədalətsiz və əxlaqsız dövlət məmurlarına dəstək verir.
Film elə ikili standartla yaşayan, mənəviyyatını itirmiş yepiskopun xütbəsiylə bitir: “İnsanın əsas xüsusiyyəti, mənası heç vaxt pravoslavlığa xəyanət etməmək və doğruları söyləməkdir. Doğru – Allahın nemətidir, gerçəkləri təhrif etmədən göstərməkdir. Və yalnız həqiqətə sahib olanlar doğrulardan xəbərdar olur. Həqiqətsə İsa Məsihin özüdür”.
Həmin vaxt mer oğlunun qulağına “Bu bizim Allahımızıdır, o, hər şeyi görür” – pıçıldayır və İsa Məsihin ikonasını göstərir.
Xatırladım ki, “Leviafan” İncildəki mifolojik dəniz canavarının adından götürülüb və nümayiş olunandan sonra ciddi səs/küyə səbəb olmuşdu, hətta filmi bir ara qadağan da etmişdilər.
“Leviafan”ın əvvəldən başı bəlalıdır. Hələ filmi demirəm, Tomas Hobbsun 1651-ci ildə yazdığı “Leviafan, yaxud materiya, kilsə və vətəndaş dövlətinin forma və hakimiyyəti" kitabının da başı bəlalıdır. O da zamanında İngiltərədə qadağan olunub, rus dilinə tərcüməsi isə yandırılıb.
“Leviafan” dövlət və insan haqqındadır.
“Leviafan” / Aleksey Serebryakov
Tomas Hobbs “Leviafan”ında dövlətin və hüququn yaranması nəzəriyyəsini irəli sürüb. Onun yazdığına görə, dövlətə qədər insanlar “hər kəs hər kəsə qarşı müharibə” kimi təbii vəziyyətində idi.
Yəni, ümumi ədalət yox idi, hər kəs hər şey haqqına sahib idi.
Yəni, hər kəsin hər kəsi öldürməkdə hüquq bərabərliyi var idi.
Və hər kəs hamı ilə müharibə vəziyyətində idi.
Sonra onlar öz təbii haqlarından həmin təhlükəsizliyə nəzarət edə biləcəyi dünya naminə könüllü imtina etdi, dövlət qurdu.
Hobbs dövləti öz qüdrətinə görə “ölümlü Allah” adlandırır. Ona bir təyin də verir: Leviafan.
Leviafan İncildə təbiətin gücünü təcəssüm etdirən əjdahadır. Hobbs isə onu dövlətin obrazı kimi götürür.
Andrey Zvyagintsevin filmində “Leviafan”ın skeletini görürük. “Leviafan” öz qüdrətini itirib, amma onun skeleti insanları öz qəfəsində saxlayır. O öz skeleti ilə Kolyaları həbs edir.
Bu, artıq insanın haqlarını qoruyan dövlət yox, onu öz məngənəsində sıxan qəfəsdir.
Film şəhərdən kənarda, Kolyanın evinin yerində ucalan kilsə ilə şəhərin mərkəzini - həm də idarəetmə mərkəzini birləşdirən körpünün təsvirləri ilə bitir.
Bahalı avtomobillər şəhərə doğru gedir....
Gör Zvyagintsev məsələni necə həll edib? Hansı dərinliyə baş vurub...
Eyni informasiyanın bədii həlli və təqdimat fərqi adamın gözünə girir.
Məsələ budur, student qədeş...