Qadın xəyanəti, dövlət zülmü...

Qadın xəyanəti, dövlət zülmü...
31 yanvar 2015
# 11:26

Aliyə

“Leviafan”ın əvvəldən başı bəlalıdır. Hələ filmi demirəm, Tomas Hobbsun 1651-ci ildə yazdığı “Leviafan, yaxud materiya, kilsə və vətəndaş dövlətinin forma və hakimiyyəti" kitabının da başı bəlalıdır. O da zamanında İngiltərədə qadağan olunub, rus dilinə tərcüməsi isə yandırılıb.

“Leviafan” dövlət və insan haqqındadır.

Tomas Hobbs “Leviafan”ında dövlətin və hüququn yaranması nəzəriyyəsini irəli sürüb. Onun yazdığına görə, dövlətə qədər insanlar “hər kəs hər kəsə qarşı müharibə” kimi təbii vəziyyətində idi. Yəni ümumi ədalət yox idi, hər kəs hər şey haqqına sahib idi. Yəni hər kəsin hər kəsi öldürməkdə hüquq bərabərliyi var idi. Və hər kəs hamı ilə müharibə vəziyyətində idi. Sonra onlar öz təbii haqlarından həmin təhlükəsizliyə nəzarət edə biləcəyin dünya naminə könüllü imtina etdi, dövlət qurdu. Hobbs dövləti öz qüdrətinə görə “ölümlü Allah” adlandırır. Ona daha bir təyin daha verir. Leviafan. Leviafan İncildə təbiətin gücünü təcəssüm etdirən əjdahadır. Hobbs isə onu dövlətin obrazı kimi götürür.

Andrey Zvyagintsevin filmində “Leviafan”-ın skeletini görürük. “Leviafan” öz qüdrətini itirib, amma onun skeleti insanları öz qəfəsində saxlayır. O öz skeleti ilə Kolyaları həbs edir. Bu, artıq insanın haqlarını qoruyan dövlət yox, onu öz məngənəsində sıxan qəfəsdir.

Ona görədir ki, fon, rənglər, dekorlar, pauzalar, aktyor oyunu əlbəttə bütünlükdə aktyor və rejissor işi əhvalatda əzici, sıxıcı reallığı önə çəkir. Kameranın ovçu təmkini ilə “qurbanına” – Kolyaya yaxınlaşır, onun üzünü böyük planlarla göstərir, gahdan da nəfəsini içinə çəkib mənzərəni izləyir.

Bu filmdə kamera da “Leviafan”ın özüdür. Rejissor da nağıl uyduraraq Kolyaya bir qapı açmaq istəmir. Bu yalan ona yaddır.

On görə də Kolyanın evi rəsmi xəbərlərdəki kimi sökülmür, qarğışlardakı kimi dağılır. Filmin qəhrəmanı çilingər Kolya arvadı Liliya, oğlu Romanla dəniz kənarındakı ortabab evində yaşayıb kəsbkarlığını edir. Yerli sahə müvəkkili ilə ailəvi dostluq edir. Günlərin bir günü şəhərin meri onun bütün mülkiyyətini - evini, qarajını, torpağını əlindən almaq istəyir və ona elə bir kompensasiya təklif edir ki, bu pulla Kolya özünə şəhərdə nəinki ev, heç koma da ala bilməz. Onda Kolya dövlətə - Hobbsun dediyi kimi, bu ölümlü tanrıya üz tutur. Vəkil dostu Dmitri həm onda, həm tamaşaçılarda ədalətə balaca bir ümid oyadır. Amma olmur... heç nə olmur. Bədbəxt, bezmiş Liliya bu Dmitri ilə ərinə “situasion xəyanət” edir. Kolya onu bağışlasa da, o, bu həyatı özünə bağışlaya bilmir. Hər gün səhər obaşdan avtobusa minib zavoda balıq təmizləməyə gedən Liliya bir səhər yuxudan durub özünü dənizə atır. Korrupsioner merin əlinə Kolyanı tutmaq üçün əla fürsət düşür və onu öz əlində olan məhkəmənin köməyi ilə haqsız yerə həbs etdirir. Axı Kolya qısqanclıqdan arvadını öldürə bilərdi... Halbuki arvadını bağışlamışdı. Onu sevirdi...

Belə çıxır ki, Leviafanın qarnında heç nə xoşbəxtlik vəd eləmir, heç sevgi də. Hətta meditasiya da.

Bəs sevgi hara gedir? O, necə yox, olur? Insan heç, İnsan öləri məxluqdu bəs Sevgi? Başqa sözlə Tanrı?

Filmdə Tanrı yoxdur yazacaqdım. Amma bu, çox fəlsəfi ziddiyyət kimi səslənir, elə özümə də dəhşət qəliz gəlir. Yalnızca Hobbsun dediklərinı söykənmək olar. O, öz kitabında kilsənin hakimiyyəti haqqında yazarkən qeyd edir ki, “Əhdi ƏƏqiq”in – dolayısı ilə müqəddəs yazının kanonlaşması onun Ali mülki hakimiyyət tərəfindən qanuniləşməsi ilə oldu. Şəhər merinin yerli kilsənin keşişi ilə söhbətində bu kanonlaşma ilə qanunun üst-üstə düşdüyünü görürük. Kilsə də legitimliyini hakimiyyətdən götürür.

Kolyanın məhkəmədə öz hökmünü dinləməsi ilə insanların kilsədə keşişin moizəsini dinləməsi paralelləşir. Kilsə ədalətsizlik məngənəsində sıxılan qəhrəmana yox, merə qucaq açır. Korrupsioner, öz məqsədləri üçün insanları məhv edən merə. Kilsə gücün tərəfindədir. Güc isə ədalət tanımır.

Arvadının ölümündən sonra durmadan içən, kədərdə boğulan Kolya qəsəbə mağazasında keşişlə rastlaşanda ona ironiya edir. Onun etiraz etməyə heç bir arqumenti, “silahı” yoxdur. o, köməksiz, “əyniyalındır”.

Kolyanın evini söküb yerində Allah üçün ev- kilsə tikirlər. “Allah” – “ölümlü” (dövlət) və ölümsüz Allah (kanonik) insana qalib gəlir.

Bu filmə baxıb “rejissor heç bir işıq yeri qoymayıb, bu qədər sərt reallıq olmaz” deyənlər, bu filmə baxıb özünü görənlərlə səmimi bir söhbət etsinlər (filmdə yaşam gücü, tanrı işığı axtarmaq yorucu olacaq). Bəlkə də filmin əsas məqsədi budur.

“Leviafan”da aktyorlar maksimal şəkildə özlərini obrazla identifikasiya edirlər. Deyilənə görə, qəhrəmanların bu məkana, problemə konsentrə olması, məkanla, situasiya ilə orqanikləşməsi üçün rejissor çəkilişdən əvvəl onları iki ay o evdə saxlayıb.

Aktrisa Yelena Lyadova öz obrazının həyat ritmini, tutqunluğunu, hər cür sevincdən uzaqlığını ssenariləşdirilmiş eyham olmadan yalnızca oyunu ilə təqdim edir. Onun da intiharı aldığımız intihar xəbərləri kimi çaşqınlıq yaradır: necə oldu birdən? Amma niyə sualını vermirik: Aktrisa Yelena Lyadova kadrbakadr öz qəhrəmanının intiharını yetişdirir. Onun intiharına obrazın həyat xəttində başlanğıc nöqtəsi tapmaq çətindir.

Film şəhərdən kənarda, Kolyanın evinin yerində ucalan kilsə ilə şəhərin mərkəzini - həm də idarəetmə mərkəzini birləşdirən körpünün təsvirləri ilə bitir. Bahalı avtomobillər şəhərə doğru gedir....

# 1759 dəfə oxunub

Oxşar xəbərlər

2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub

2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub

10:30 14 dekabr 2024
Serialdan aldığı qonorarı bağışlayacaq

Serialdan aldığı qonorarı bağışlayacaq

09:20 13 dekabr 2024
“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

18:12 12 dekabr 2024
37 yaşlı aktyor vəfat etdi

37 yaşlı aktyor vəfat etdi

17:26 12 dekabr 2024
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

12:44 12 dekabr 2024
“Şimalda kino günləri”  layihəsi başa çatdı

“Şimalda kino günləri” layihəsi başa çatdı

10:45 12 dekabr 2024
#
#
# # #