Kulis.az Sara İbrahimin "İtirilmiş insanlıq" adlı yeni hekayəsini təqdim edir.
Səmada işıqlı bir nöqtə göründü, sonra o nöqtə get-gedə böyüyüb nəhəng, qanadlı quşa çevrildi. Göy üzündə qəfil peyda olan o qanadlı quş qayalığa tərəf yaxınlaşırdı. Hava qaralmağa başlamışdı, səmada görünən nəhəng quşdan ətrafa gümüşü rəngli şüalar yayılırdı. Yaxınlaşanda qanadlı quşun təyyarə olduğunu gördüm. Çox alçaqdan uçan təyyarə gölün üzərində dövrə vururdu. Gördüklərim məni o qədər heyrətləndirmişdi ki, yerimdən tərpənə bilmirdim, oturduğum qayaya yapışıb qalmışdım. Ətrafda məndən başqa heç kim yox idi.
Evimizin yaxınlığında, gölün sahilindəki qayalıqda oturub xəyallar qurmağı sevirdim. Gümüşü rəngli təyyarəni görəndə əvvəlcə bunun elə xəyal olduğunu zənn etdim, amma gördüyüm xəyal deyildi. Bu nəhəng təyyarə alçaqdan uçsa da, heç bir səs çıxarmırdı; gölün üzərində quş kimi səssiz dövrə vururdu. Təyyarə bir dəfə də dövrə vurub səmaya doğru qalxdı. Onun uzaqlaşdığını görüb təəssüfləndim. Gördüyüm mənzərə o qədər heyrətamiz idi ki, onun məndən uzaqlaşmasını, bu əsrarəngiz görüntünün gözümdən itməsini istəmirdim. Birdən təyyarə sürətlə yerə doğru yaxınlaşmağa başladı. Bu, o qədər ani oldu ki, mən nə baş verdiyini anlayana qədər təyyarə qartal burnuna oxşayan burnu üstə suya çırpıldı. Təyyarə suya sürətlə düşdüyündən gölün suyu sahilə yağış damcıları kimi səpələndi. O qədər həyəcanlıydım ki, saçlarımın, paltarımın islandığını hiss etmirdim. Təyyarə suda görünməz oldu.Onun düşdüyü yerdə gölün suyu dəniz kimi ləpələnirdi. Yerimdən qalxmışdım, amma gözümü hələ də gölün dalğalanan sularından çəkə bilmirdim. Birdən suyun altından iki nazik, uzun qol çıxdı.Bu qollar o qədər uzun idi ki, əvvəl onu bir cüt gümüşü çubuğa oxşatdım. Sonra qarşımda qeyri- adi bir varlıq peyda oldu. Boyu çox ucaydı, bədəni gümüşü rəngə çalırdı. Uzaqdan skafandr geyinmiş kimi görünsə də, yaxınlaşdıqca bədəninin dərini əvəz edən gümüşü təbəqə ilə örtüldüyünü gördüm. Herkulesə oxşayan bu nəhəng canlı qayalığa doğru addımlayırdı. İşıq saçan Herkulesin mənə tərəf gəldiyini görəndə yuxudan ayılmış kimi oldum. Heyranlığımı qorxu əvəz etdi, evə tərəf qaçmağa başladım. O anda gözümün önünə bir filmdəki kosmosdan gəlmiş nəhəngin qarşısına çıxan hər şeyi necə sındırıb əzməsi gəlirdi.
Evimiz gölün yaxınlığındaydı. Özümü qapıdan içəri atıb, cəftəni vurdum. Ürəyim quş ürəyi kimi çırpınırdı. Qapıya söykənib həyəcanın, qorxunun keçməsini gözləyirdim.
Ailəmizin yeganə övladıydım. Atam neçə illər idi ki, işləmək üçün Rusiyaya getmişdi. Altı yaşıma kimi anamla onun yanında, Rusiyada yaşamışdıq. Məktəb yaşına çatanda atam: “Qız uşağını burada böyütmək olmaz, qoy məktəbə öz kəndimizdə getsin, öz dilimizdə oxusun. Buradakı qızlar kimi açıq- saçıq, sərbəst böyüməsini istəmirəm” demişdi. Anam məni də götürüb kəndimizə qayıtdı. Atam ara- sıra bizə pul göndərirdi, amma onun göndərdiyi pul bizim yaşamağımıza çatmırdı. Ona görə də anam işləməli oldu. O, yemək bişirməyi yaxşı bacardığından, kənddəki uşaq baxçasına aşpaz düzələ bildi.
Ali təhsil almışdım, amma iş tapa bilmirdim. Sonra uzaq qohumlarımızdan birinin köməyilə turizm şirkətlərinin birinə işə düzəldim. Anam yayda baxçada iş az olduğuna görə məzuniyyət götürüb atamın yanına getmişdi. Bir də sentyabrda qayıdacaqdı. İndi evdə məndən başqa heç kim yox idi.
Herkulesi qarşımda görəndə nitqim batdı. Onun gözümə göründüyünü zənn edib, gözlərimi yumub- açdım, amma bu yuxu deyildi. Bağlı qapıdan içəri necə keçdiyini anlaya bilmirdim. Açıq bənövşəyiyə çalan gözləriylə mənə baxırdı. Gümüşü bədənində su damlaları mirvari kimi bərq vururdu. Başında saç örtüyünə bənzəyən möhkəm təbəqə vardı. Gözlərində qəddarlıqdan əsər- əlamət yox idi; kipriksiz xırda gözləri mehribanlıqla parıldayırdı.
Birdən-birə qorxu hissim tamamilə yox oldu; özümü çox rahat, arxayın, hətta əminlikdə hiss etdim. Ona indi qorxuyla yox, heyranlıqla baxırdım.
Mizin üstündəki su qrafininə baxıb məndən su istədi. Onun səsini eşitmədim, amma nə dediyini başa düşdüm. İrəli yeriyib qrafindən stəkana süzdüyüm suyu ona uzatdım. Suyu bir anda içdi, sonra üzümə baxdı. Yenə içmək istədiyini başa düşdüm. Su qrafininin dibində qalan su yarım stəkan ancaq olardı. Mətbəxə gedib üçlitrlik balondakı suyu gətirdim. Stəkana tökmək istəyəndə su balonunu əlimdən alıb başına çəkdi. Onun suyu necə acgözlüklə içməyinə tamaşa edirdim. Balonu axıra qədər içib mizin üstünə qoydu. “Yəqin acdır, bəlkə yeməyə bir şey verim?” ona yeməyə nə verəcəyimi düşündüm. O, mənim ürəyimdən keçənləri başa düşmüşdü. Əlini ağzına aparıb yemək yeyirmiş kimi çənəsini tərpətdi. Çörək, pomidor, bir də dünəndən qalmış mərcili plovdan qaba çəkib onun qabağına qoydum. Mizin üstündəkilərə baxıb başını buladı:
- Mən bunları yeyə bilməyəcəyəm,- məsum baxışlarla üzümə baxdı.
Soyuducunun qapısını açıb, orda gördüklərimi ürəyimdə sadaladım: zeytun, əncir, göyərti, doşab. Görəsən, bunlardan hansını yeyə bilər? Zeytunu götürüb boşqaba tökdüm, yadelli qonağımın qarşısına qoyub gözlədim. O, yaşıl zeytunu ağzına atıb tamsındı, sonra ehtiyatla ağzında hərləyib uddu. Deyəsən, xoşuna gəldi. Çəyirdəyi çıxarılmış zeytunları bir anda yox elədi.
O gündən mənim həyatımda heç vaxt unutmayacağım möcüzəli günlər başladı. Bir möcüzənin içində olduğumu anlayırdım, amma bunu kiməsə danışmağı ağlımdan belə keçirtmirdim. Başıma gələnləri kiməsə danışsaydım, məni dəli zənn edib gülərdilər. Biz onunla beynimizdən ötürülən siqnallarla danışırdıq. Görünür, insanların beyinləri arasında rabitə mövcuddur, sadəcə, bu bizdə hələ yaxşı inkişaf etmədiyindən, bir - birimizi sözsüz başa düşə bilmirik.
Qeyri-adi qonağımın dediyinə görə, o, Yerdən çox uzaq, milyonlarla işıq ili məsafədə olan bir planetdən gəlib. Qəzaya düşən çox sürətli, milyonlarla kilometr məsafəni bir anda qət edən təyyarəni özü kəşf edib. Sınaqdan keçirmək istəyirmiş. Yaşıl planetə- Yerə uçmaq onun arzusu olub, lakin bura gəlib çatsa da, qayıda bilməyib. Təyyarəsi qəzaya uğrayıb. “Yəqin, düzgün hesablama aparmamışam”, deyib təəssüfləndi.
Onu hər kəsdən gizlədirdim. Qonşularla get- gəlim yox idi. Təbiətən sakit, qapalı adam olduğumdan, heç kimə qaynayıb qarışmırdım. Qonşulardan kiminsə bizə gəlməyəcəyinə əmin idim. Onu evdə qoyub işə gedəndə hündür hasarlı həyətdən kənara çıxmamağı tapşırırdım. Dediklərimə itaətkarlıqla əməl edirdi; gözə görünməyin onun üçün təhlükəli olduğunu başa düşürdü. Mənim evimdə yad planetdən gəlmiş bir varlığın olduğunu bilsəydilər, üzərində təcrübə aparmaq istəyənlər onun başına kim bilir, nə oyun açardılar.
İki həftədən çox idi ki evimdəydi. Artıq ona alışmışdım. Deyəsən, o da yeni düşdüyü mühitə uyğunlaşmışdı. Onun qoluna bağladığı gümüşü bilərzikdən savayı, gəldiyi planetlə əlaqə saxlaya biləcəyi başqa bir şey yox idi. Sakini olduğu planetdə onu axtarmaq istəsələr, Yerə siqnallar göndərəcəklər. Bilərzik həmin siqnalları qəbul edə bilsə, qonağımı asanlıqla tapa biləcəkdilər.
Başdan-ayağa qədər gümüş rəngində olduğuna görə ona “Gümüş” deyirdim. Bu ad xoşuna gəlirdi. Onu belə çağıranda xırda, bənövşəyi gözləri mehribanlıqla gülümsəyir, əllərinin içini bir- birinə yapışdırırdı, sinəsinin üstündə saxlayıb guya mənə təzim edirdi.
Son vaxtlar işlərim heç düz gətirmirdi: iş bir az zəifləyən kimi, müdirimiz bizi gözümçıxdıya salırdı. Şirkətin ziyanla işləməyinin səbəbini bizdə görür, acığını üstümüzə tökürdü. Satış şöbəsində üç nəfər idik. Qızlardan biri elə mənim kimi sakit təbiətli, heç kimin işinə qarışmayan, başını aşağı salıb öz işiylə məşğul olan adam idi. O biri isə bizim tam əksimizə - burnunu hər yerə soxmağı xoşlayan, söz gəzdirən, müdirə yaltaqlanmağı sevən yaşı otuzu keçmiş bir qız idi. Şirkətdə tezliklə ixtisar aparılacağını tez- tez dilinə gətirən həmin qız, müdirin gözünə girməkdən ötrü hər vasitəyə əl atırdı. Gah məndən, gah da o biri qızdan nə eşitsə, dediklərimizi öz süzgəcindən keçirib müdirə çatdırırdı. Bir neçə gün öncə yenə nə demişdisə, iş otağımıza qəzəbli gələn müdir bizi işdən çıxaracağıyla hədələdi:
- Sizin kimi işbilməzlərin ucbatından şirkətin müştəriləri gündən- günə azalır. Sizin şöbəyə bir nəfər işçi bəs edər! Havayı yerə sizə maaş verən deyiləm!- deyib qapını necə çıpdısa, yanımda oturan iş yoldaşımla diksinib bir- birimizə baxdıq.
Bu işi neçə ildən sonra güclə tapmışdım. Əgər işimi itirsəm, iş tapmaq şansım olmayacaqdı. Hara getsəm, yazdığım iş diləkçəmə heç baxmadan alıb bir tərəfə atardılar. “Gedin, baxacağıq, lazım olsanız, özümüz sizə zəng vuracağıq” sözlərinin nə demək olduğunu bilirdim. Aylarla zəng gözləyə- gözləyə qalırdım. Sonda bunun məni başlarından eləmək üçün deyilən söz olduğunu anlayırdım.
Evə çox pərişan, bikef qayıtdım. Bunu Gümüşdən gizlətməyə çalışsam da, kefsiz olduğumu dərhal hiss etdi. Bu gün işdə yaşadşqlarımı, ümumiyyətlə, içimdə məni narahat edən, düşündürən fikirlərimi ona danışdım. O, mənə diqqətlə baxıb dedi:
- Mənim yaşadığım planetdə belə problemlər yoxdur. Orda hamı xoşbəxtdir. Hər kəs sevdiyi işlə məşğul olur. Heç kim sizdəki kimi işsizlik, çörək dərdi çəkmir. Paxıllıq, yaltaqlıq, müharibələr yoxdur. Bizim planetin sakinlərinin yalnız bir vəzifəsi var: necə edək ki, planetimizi məhv olmaqdan qoruyaq, onu çirklənməkdən, yad təsirlərdən mühafizə edək. Bunun üçün hər kəs öz ağlına, bacarığına görə nəsə etməyə çalışır.
Köksümü ötürüb Gümüşə baxdım:
- Necə də xoşbəxtsiniz! Kaş Yerdə də hər şey sizin planetdəki kimi olaydı.
Gümüş nəsə fikirləşirdi, tərəddüdlə üzümə baxıb dedi:
- Sənə bir söz demək istəyirəm, əvvəl bunu demək istəmirdim, çünki Yerdəkilər bunu bilməməlidir. Sən özün də deyirsən ki, əvvəllər insanlar indiki kimi laqeyd, tənbəl, paxıl deyildilər.
Daha mübariz, saf, işgüzar olublar. Bunun səbəbini heç düşünmüsənmi? Yerdən kənarda çoxlu sivilizasiya olan planetlər var və o planetlərin də insanlar kimi yaxşısı, pisi var. Həmin planetlər Yeri öz aralarında bölüşdürüblər. Sənin başa düşdüyün dildə desəm, hərənin kurasiyasında bir ölkə var. Bəzi ölkələrin bəxtinə yaxşı planet, bəzilərinə pisi düşüb. Bəxtinə xeyirxah planet düşən ölkələrdə firavanlıqdır, insanlar daha zəkalı, mübarizdirlər. Sizin ölkəni idarə edən planetin sakinləri bu ölkənin insanlarının mübarizlik, ləyaqət kimi hisslərinin yerləşdiyi genetik kodu oğurlayıb yerinə laqeydlik, tənbəllik paxıllıq hissləri olan kod yerləşdiriblər. Bəzi insanlar bu yerdəyişmədən kənarda qala biliblər. Bunlar ürəklərində sevgi, inam, işıq olan insanlardı. Kodu oğurlanmayan insanlar genetik kodu dəyişdirilmiş insanlar arasında yaşamağa çətinlik çəkirlər, çünki onlar kimi düşünə bilmirlər. Burda onlara yer yoxdur və olmayacaq. Sən də həmin o işıqlı insanlardansan, ona görə işlərin düz gətirmir, balaca.
Yanında çox balaca göründüyümə görə, o da mənə hərdən “balaca” deyirdi. Gümüşün sözləri məni kədərləndirdi; olan- qalan ümidimi də itirdim. Oğurlanmış kodu kim geri qaytara bilərdi? Belə çıxırdı ki, biz əbədi laqeydliyə, susqunluğa, bir sözlə, insani hisslərə möhtaclığa məhkum olmuşuq.
Gümüş bu sözləri mənə dediyinə peşiman olmuşdu. Həmin gündən sonra nə qədər çalışırdımsa, düçar olduğum ümidsizliyimi ondan gizlədə bilmirdim. Mənim pərişanlığım ona da sirayət etmişdi. Çox vaxt danışmırdı, gözünü qolundakı bilərziyə zilləyib dururdu.
Həyətimizdəki iri, qol- budaqlı əncir ağacının altında oturmuşduq. Hərə öz aləmindəydi. Birdən Gümüşün qolundakı bilərzik işıq saçmağa başladı. Bilərzik yanıb- sönür, arada zəif siqnallar eşidilirdi. Gümüşün gözləri sevinclə parıldadı, gözünü əncir ağacının yarpaqlarının arasından güclə görünən səmaya zillədi.
Birdən hər tərəf süd kimi ağ işıqla doldu. Həyət qapısının yanındakı dirəyə vurulmuş gecə lampasının zəf işıqlandırdığı həyətimiz gündüz kimi işıqlandı. Dəyirmi, işıq saçan nəhəng gəmi havadan asılıb durmuşdu. Gümüş cəld yerindən sıçrayıb ayağa qalxdı. Gəminin açılmış qapısına tərəf getdi. Bir ayağını içəri qoydu, sonra nə isə xatırladı, cəld geri qayıtdı. Bənövşəyi gözlərini üzümə dikib dedi:
- Gəl, bizimlə gedək, balaca. Səni orda xoşbəxt həyat gözləyir. Heç nəyin dərdini çəkməyəcəksən, səni orda başa düşəcəklər. Bura sənin kimilərin yeri deyil, gedək mənimlə. Bizim planetdə heç vaxt qocalmayacaqsan, həmişə gənc qalacaqsan, bunu düşün.
Hər zaman qocalmaqdan qorxurdum. “Sehirli bir iksir olsa, gənc qalsam”, deyə xəyallar qurardım. İndi bu arzum lap yaxındaydı, əlim uzatsam, ovcumda olacaq qədər yaxında. Düşünmədən irəli bir addım atdım. Gümüş məni içəri buraxmaq üçün gəminin qapısı ağzından kənara çəkildi. Son dəfə dönüb kimsəsiz qoyub getdiyim evimizə, həyətimizdəki uşaqlığıma şahidlik etmiş əncir ağacına baxdım. Mənə elə gəldi ki, onlar mənim bu əbədi yolçuluğumdan xəbərdardırlar; miskin, yazıq görünürdülər. Əncirin budaqları yerə doğru sallanmışdı. Bu görkəmiylə mənə qəddi əyilmiş dərdli qocaları xatırladırdı. Birdən mənə elə gəldi ki, başını aşağı əymiş əncir ağacı yox, anamdır, sanki gözlərini yerə dikib məyus- məyus pıçıldayırdı: “Məni bu kimsəsiz komamızda yalqız qoyub hara gedirsən? Axı səndən başqa heç kimim yoxdur”. Dönüb məni gözləyən Gümüşə baxdım; mənə əbədi gənclik vəd edən Gümüşə.
- Mən gedə bilmərəm, Gümüş, mənə burada yaşamaq çətin olsa da, qalıram. Sənin planetində üzüm gənc qalsa da, ürəyim hər gün bir az qocalacaq. Mən Yerdə yaşamağa öyrənmişəm, orada nə qədər firavan yaşasam da, xoşbəxt ola bilməyəcəm. Mənə yaxşılıq etmək istəyirsənsə, insanların oğurlanmış kodunu tap. Əgər o kodu qaytarıb yerinə qoya bilsən, insanlar əvvəlki mübarizliyinə, itirilmiş insanlıq duyğularına qovuşacaq. O zaman biz də burda sizin kim xoşbəxt olacağıq.
Gümüş razılıq əlaməti olaraq əlini gözlərinə apardı, sonra qolbağı öz qolundan açıb mənim qoluma bağladı.
- Mən o kodu axtarıb tapacağam. Ora çatan kimi ilk işim oğurlanmış kodu tapmaq olacaq. Kodu tapıb yerinə qaytaracam. O zaman sən və sənin kimilər öz həyatlarını rahat yaşaya biləcəklər. Mənim siqnalımı gözlə! Əlvida!
Gümüş onu gözləyən gəmiyə mindi, qapı bağlandı. İşıq saçan gəmi bir göz qırpımında havada yox oldu.
O gündən gözlərimi səmadan çəkə bimirəm. Gümüşün göndərəcəyi siqnalı gözləyirəm.