“Qadınlar çarəsizlikdən varlı kişiləri ələ kecirirdilər”

“Qadınlar çarəsizlikdən varlı kişiləri ələ kecirirdilər”
31 may 2011
# 10:23
İzabella Rosselini iki məşhurun – İsveç aktrisası İnqrid Berqmanın və italyan neorealizminin görkəmli nümayəndələrindən biri Roberto Rosselininin qızıdır. O, dünya kinosunun iki tanınmış ismi - rejissorlar Martin Skorsezenin və Devid Linçin xanımı olub. Uzun müddət model kimi çalışan Rosselini “Lancome” kosmetik şirkətinin siması kimi də şöhrət qazanıb. Devid Linçin kinofestivallarda saysız mükafatlar alan “Mavi məxmər” filmindən sonra aktrisa kimi tanınan Rosselini həm də 3 kitabın müəllifi, heyvanlar haqda mini-serialların rejissordurur. “Qohumlar”, “Günahsız”, “Böyük gecə”, “Odissey”, “Təsadüfi ər”, “Sevgililər” və s. filmlərdə rola alan aktrisa 61-ci Berlin kinofestivalında münsiflərin sədri olub.
Almaniyanın “Zeit” qəzetinə verdiyi müshibəsində Rosselini valideynləri, onu tərk edən Devid Linç, feminizm haqda danışıb.

- Xanım Rossellini, yaxşı rejissoru necə xarakterizə edərdiniz?

- O, başqalarının görə bilmədiyi vəziyyəti görür. O, insanların davranışını tez bir zamanda interpretasiya edə bilir. Çünki yaxşı rejissor insanı oxuya bilir. Sizə bir nümunə deyim: Devid Linç məni tərk edəndə, birinci ərim Martin Skorsezeyə bu haqda danışmaq üçün zəng etdim. Onda mən son dərəcə kədərli idim, onunla ayrılacağımı güman etmirdim. Martin ancaq bunu dedi: “Sizin ayrılacağınızı hiss etmişdim”. O, münasibətlərimizdə bir film ruhu duymuşdu. Onun diqqətini hər şeydən əvvəl insanların arasında Devidin həmişə dodaqlarımı öpməsi çəkmişdi.

Onda Martin düşünmüşdü ki, münasibətlərimizdə nəsə düz deyil. Əks halda, ictimaiyyət qarşısında taktiki davranardıq və ədəb-ərkanı gözləyərdik.

- Siz Devid Linçin “Mavi məxmər” filmindən sonra məşhurlaşdınız. O eyni zamanda həyatınızın ən böyük məyusluğu olub. Onu necə tanıyırdınız?

-1985-ci il idi. Taviani qardaşılarının “Bəyaz gecə” filmində ilk roluma görə məni tənqid etmişdilər. Mətbuat məni anamla müqayisə edirdi. Ona görə də aktyorluq mənim üçün çətin idi və bu səbəbdən illərlə model kimi çalışdım. Devid Linçlə məni bir dostum tanış etdi. O mənə “Mavi məxmər“dən danışdı və soruşdu ki, sınaq çəkilişlərinə gəlmək istəyirəmmi? Devidə bu filmdən sonra Tanrı kimi baxırdılar, mən isə onun ilham pərisi idim.

- Siz onun şəxsi həyatında böyük rol oynamışsınız.

- Devid həyatımın ən böyük sevgisi idi. İnanırdım ki, o məni eynilə mənim kimi sevir, amma göründüyü kimi, bu yanlış imiş. Bir neçə il sonra o başqa qadına görə evdən getdi. Bu, mənim üçün böyük bir müəmma idi. Çünki instinktim deyirdi ki, biz xoşbəxt cütlüyük. Bundan başqa, tərk edilmə ağrısı mənim üçün pis təcrübə oldu və mən artıq öz intuisiyama güvənə bilmirdim. Onun nədən başqa bir qadını sevməsi mənim üçün qaranlıq qaldı. O vaxta kimi isə mən instinktlərimə həmişə əmin olmuşdum. Yenidən öz intuisiyama inanmaq mənim üçün çətin oldu.

- Mənəvi böhranı adlamaqda sizə nə kömək etdi?

- Belə bir ağrını yaşamış başqa qadınlarla söhbət etdim. Bu mənim üçün terapiya oldu. Hər şeydən çox isə mənə vaxt kömək etdi. Valideynlərim öləndə də mənə vaxt kömək etmişdi. Döşəmədə yıxılıb ağlamaq, nə edəcəyini bilməmək əsla kömək etmir. Sadəcə, zamanın keçməsini gözləmək lazımdır. Bir-iki il sonra normal həyata qayıdırsan.

- Bir dəfə Martin Skorseze haqda demişdiniz ki, o sizinlə Rosselininin qızı olduğunuza görə evləndi. Yəni ər məşhur atanın kölgəsində qalmışdı?

- Mən Martin tərəfindən həm sevilir, həm də hiss edilirdim. Onun mənə atama hörmət etməsi xoşuma gəlirdi. Mənim üçün həmin vaxt atamı sevən bir insanla birgə yaşamaq çox xoş idi. Biz boşanandan çox illər sonra Martin italyan kinosu haqda sənədli film çəkdi. O mənə zəng edib atamın fotolarını istədi. Mən filmi görəndə atamın tez-tez göstərilməsindən heyrtləndim.

- Siz feminist kimi tanınırsınız. Həyatınızda buna təsir edən yaşantınız oldumu?

- Çox şey. Məsələn, bir nümunə deyim. Valideynlərim əvvəlki ailələrindən ayrılmamış qardaşım Roberto doğuldu. Buna görə də anam Robertonu hüquqi baxımdan övladı olduğunu təsdiq edə bilmirdi. O. avtomatik olaraq keçmiş ərinin oğlu sayılırdı. Buna görə də rəsmi olaraq qardaşımın anası naməlum idi. Gülməlidir! Yalnız Robertonun 18 yaşı olanda, o, anamın oğlu kimi təsdiqləndi. Onda dərk etdim ki, italyan qanunları qadınların düşmənidir.

- Valideynləriniz sonralar ayrıldı. Boşanmadan sonra siz bacı-qardaşlarınızla Romada dayənizlə birgə yaşadınız. Həmin vaxt atanız öz yeni ailəsi ilə, ananız isə Parisdə yaşayırdı.

- Hər ikisi sonradan yenidən evləndi. Atamın ümumilikdə 7 uşağı var. Yeni ailə ilə birgə yaşamaq bizə çətin olardı. Boşanma ilə bağlı suallar, uşaqların kimlə qalması onda tamamilə mürəkkəb idi. Çünki müvafiq qanunlar hələ yox idi. Valideynlərim bunu bacardıqları kimi yaxşı həll etdilər. O vaxtlar bir qadın üçün öhdəlik, evli olmaq bu günkündən daha çox güc tələb edirdi. İndi yalqız analar daha çoxdur. Mən ərdə olmadan hətta bir uşaq da övladlığa götürmüşəm. Anam üçün isə bu, çətin olardı.

- Amma ikinci nikahda birinci nikahdan olan uşaqlarla yaşamaq mümkündürmü?

- Müxtəlif nikahlardan olan uşaqların inteqrasiyası asan deyil. Bizim haqqımızda o qədər çox yazılmışdı ki, hər kəs bir mühakimə yürüdürdü. Bununla belə, mənim xoşbəxt uşaqlığım olub. Atamın ölümü həyatımın ən pis günü idi.

- Siz model kimi milyonlar qazandınız, qızınız da modeldir. Model peşəsinin gənc qadın üçün əlverişli peşə sayırsınız. Başqaları üçün poz vermək klassik qadın roluna uyğundurmu?

- Belə düşünmürəm. Model dayə və ya xəstə baxıcısı kimi qadınlar üçün keçərli sayılan peşədir. Feminizm model peşəsinə qarşı deyil. Mənim zamanımda qadınlar çarəsiz olanda varlı kişiləri ələ kecirirdilər. Model peşəsi isə qadın üçün çoxlu imkanlar açdı. Mən aktrisa oldum, öz biznesimi inkişaf etdirdim və rejissor oldum.

- Yaşlanmağın yaxşı tərəfi nədir?

- Mən yaşlandıqca daha müstəqil oluram. Xoşbəxtlikdən həmişə özüm pul qazanmağa çalışmışam və heç bir kişidən asılı deyiləm. İndi mən sənətkar azadlığımdan zövq ala bilirəm, çünki kifayət qədər pulum var. Əgər həvəsim yoxdursa, tele-şoularda da çalışmıram. Mən indi yaşlıyam və istədiyimi edə bilirəm.

- Siz qısa eksperimental filmlər çəkmisiniz. Bədii film rejissoru olmaq istərdinizmi? Yoxsa atanızı təkrarlamaqdan ehtiyat edirsiniz?

- Məsələ ondadır ki, iki il öncə rejissor kimi işləməyə başlamışam. Bundan öncə isə ailəmlə məşğul idim, aktyor və model kimi çalışırdım. Amma indi yavaş-yavaş öz bədii filmimi çəkməyi istəyirəm.

- Kinoda klassik bölgü, valideynlərinizin zamanında olduğu kimi, hələ də var: gözəl qadın qarşıda, ağıllı kişi isə kamera arxasında.

- Amma son illər Ketrin Bigeleounun yaxşı rejissor kimi “Oskar” alması (rejissor kimi “Oskar” almıs ilk rejissor gadin S.S. ) hər halda qadınların da bacarığını göstərdi. Yaxud Ceyn Kempion və ya Mira Nair. Mən Nairi nadir insan hesab edirəm. Mərcanə Satrap və Culiya Qavras da istedadlı rejissorlardır. Bu, 50%-in bir hissəsidir və bu yaxşıdır.

- 81 il sonra birinci dəfə qadın “Oskar” alırsa, demək ki, hər halda balans pozuntusu var.

- Rejissorluq çoxlu vaxt tələb edir. Filmi hazırlamaq, çəkmək, montaj etmək və onu bütün dünyaya satmaq lazımdır. Rejissor karyerasını hardasa 30 və 50 yaş arasında etməlisən. Bu vaxt artıq uşaqlar da böyüyürlər. Mən rejissorluğa çoxdan başlayardım, amma uşaqların böyüməsini gözlədim.

- Bu o deməkdir ki, qadınlar məhz uşaqlarına görə rejissorluğa gec başlayırlar?

- Yox, belə deyil. Mənim nəslim qadınların yaxşı təhsil alması, sona çatdırması, kişilər kimi maaş alması üçün mübarizə aparırdı. Biz kişilərin dünyasına daxil olduq. Indi isə biz dünyanın qadınlaşması üçün mübarizə aparırıq.


Almancadan çevirdi: Sevda SULTANOVA
# 1186 dəfə oxunub

Oxşar xəbərlər

"Titanik"in aktyorları illər sonra bir arada

"Titanik"in aktyorları illər sonra bir arada

10:40 21 noyabr 2024
Mükafat alan aktrisa:  "Mən ofisiant olanda onlara xidmət edirdim"

Mükafat alan aktrisa: "Mən ofisiant olanda onlara xidmət edirdim"

09:55 21 noyabr 2024
"Kardeşlerim"in aktrisası yeni serialda

"Kardeşlerim"in aktrisası yeni serialda

09:30 21 noyabr 2024
"Safir" serialı “Emmy”yə namizəd oldu

"Safir" serialı “Emmy”yə namizəd oldu

09:12 21 noyabr 2024
Günahsız yerə edam edilən ana - Polis onun pulunu niyə oğurlamışdı?

Günahsız yerə edam edilən ana - Polis onun pulunu niyə oğurlamışdı?

09:00 21 noyabr 2024
Daha bir aktyor müharibədə öldü

Daha bir aktyor müharibədə öldü

16:24 20 noyabr 2024
#
#
# # #