Şər və Xeyir uşaqların timsalında

Şər və Xeyir uşaqların timsalında
30 iyul 2012
# 11:00
Sevda SULTANOVA



Rejissor İlqar Nəcəfə rəğbətimin ciddi səbəbi var.

O, kino sənəti üçün bu sahəyə məsul olan rəsmilərdən daha çox iş görüb.

Amma bu barədə nə vaxtsa danışmayıb, ikinci planda qalıb, konfliktlərdən kənar olub.

O kinoya sevgisini səssiz, pafossuz ifadə edib.

Biznes fəaliyyəti ilə məşğul olsa da kinodan uzaq düşməyib.

Əksinə, qazancının bir hissəsini təmənnasız- filansız kinoya xərcləyib.

“Butafilm” prodüsser mərkəzini qurub, onu texniki avadanlıqla təmin edib.

Gənc rejissorlara, operatorlara, montajçılara yaradıcılıqlarını realizə üçün imkan yaradıb. Müstəqil, az büdcəli filmlərin istehsalına dəstək verib.

İlqar Berlin kinofestivalının Talent Campus bölməsində Azərbaycanı təmsil edən ilk kinematoqrafçılardan biridir.
Müxtəlif kinofestivallarda mükafatlar alan “Buta”ya qədər o, “Kölgəsiz komalar”, “Bir qoca var”, ”Teatral həyat” sənədli və qısa bədii filmlərini ekranlaşdırıb.
“Buta” İlqarın ilk tammetrajlı bədii filmidir.

Və ona baxan əcnəbi dərhal Şərqin ab-havasını duyacaq.

Əvvəla, filmin hekayəsi artıq dünyada təsdiqini tapmış İran kinosuna xas poetik dillə anladılır.

İran filmlərində ana xətlərdən biri olan fəlsəfi söhbətlər edən sadə kənd adamı soyuq təbiətli, urbanist mədəniyyətinin daşıyıcısı ilə qarşılaşır.

Burada da əsas qəhrəmanlar uşaqlardır.

Üstəlik, Şərq mədəniyyətində önəmli yerlərdən birini tutan xalça əsas obrazlardandır.

Filmdə müəyyən məqamlar rejissor Yavər Rzayevin “İlahi məxluq”unu xatırlatdı.

Amma bu iki ekran əsəri arasında ciddi fərq var.

“İlahi məxluq”da rejissor total şəkildə Şərq mühafizəkarlığını təbliğ edir, o, adət-ənənələrin, mili mədəniyyətin zorakılığın, güc hesabına qorunmasının tərəfdarıdır.

“Buta”nın konsepsiyası isə sevgi, tolerantlıq üzərində qurulub.

Rejissorun yozumunda sevgi hər şeydən əvvəl dəyərdir.

Balaca qəhrəman Butanı (Tofiq Əliyev) zorakılığa çəkən həmyaşıdına o, qol gücüylə cavab vermir. Buta zorakılığın qarşısında usanmadan səbrlə sülh, barış təklif edir.

Bu mənada “Buta” Şərq məkanından, adət-ənənə çərçivəsindən çıxaraq müasir dünyamız üçün aktual, qlobal bir məsələnin təsvirinin verildiyi filmə çevrilir.

Və mənə elə gəlir ki, “Buta”nın uğur qazanmasının əsas səbəblərindən biri də budur.

Filmdə üç hekayə paralel nəql edilir.

Nakam sevgisinin acısını qəlbində daşıyan, xeyirxah sehrbazları xatırladan qoca, muradına çatan gənclər və iki uşaq arasında yaranmağa başlayan sevgi.

Uğurlu montaj həlli ilə üç hekayə orqanikləşir, bir-birini tamamlayır.

Dəyərlərin maddiləşdiyi şəhər mühitində robotlaşan gənc kənd qızına aşiq olur və o, həm bu sevgiylə, həm də təbiətlə ünsiyyətdə katarsisə məruz qalır. Rejissor sevgi fonunda eyni zamanda əzəli- əbədi motivlərdən birini - insanın təbiətlə harmoniyasının zərurətini ekrana gətirir.

Filmdəki hadisələri xalça toxuma prosesi müşayiət edir.

Sinopsisdə deyilir: “Xalça toxuma prosesi – taleyin proqramlaşdırılması, şər ruhlardan qorunmaq və xeyir ruhları çağırmaq üçün nəzərdə tutulmuş ayindir”.

Xalça toxuma prosesi ilə rejissor filmə mistik, sakral atmosfer verir.

Diqqətimi çəkən məqamlardan biri şər və xeyirin məhz uşaqların timsalında təsviridir. Yəqin ona görə ki, şər də, xeyir də insanın təbiətindədir və o, bununla doğulur.

...Hər bir səhnə maraqlı planlarla işlənib, kamera rakursları, uğurlu rəng balansı filmin ruhunu dəqiq çatdırır.

Uşaq rollarına aktyorlar uyğun seçilib və hiss olunur ki, rejissor uşaqlarla daha çox işləyib, nəinki peşəkar aktyorlarla.

Dialoqlarda müəyyən boşluqlar olsa da, bəzi səhnələrdə obrazların intonasiyası doğru tapılmasa da beynəlxalq festivallarda dialoqların subtitrlərlə çatdırılması onu bu əskiklikdən sığortalayır.

İlqarın kinodramaturq Ramiz Fətəliyevlə birgə işlədiyi ssenari Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyası və “Butafilm” şirkəti tərəfindən müştərək ekranlaşdırılıb.
# 2676 dəfə oxunub

Oxşar xəbərlər

Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

10:24 22 noyabr 2024
Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

09:48 22 noyabr 2024
"Titanik"in aktyorları illər sonra bir arada

"Titanik"in aktyorları illər sonra bir arada

10:40 21 noyabr 2024
Mükafat alan aktrisa:  "Mən ofisiant olanda onlara xidmət edirdim"

Mükafat alan aktrisa: "Mən ofisiant olanda onlara xidmət edirdim"

09:55 21 noyabr 2024
"Kardeşlerim"in aktrisası yeni serialda

"Kardeşlerim"in aktrisası yeni serialda

09:30 21 noyabr 2024
"Safir" serialı “Emmy”yə namizəd oldu

"Safir" serialı “Emmy”yə namizəd oldu

09:12 21 noyabr 2024
#
#
# # #