Ərini caduyla evə qaytaran rəfiqəm

Ərini caduyla evə qaytaran rəfiqəm
28 avqust 2017
# 12:17

Günel Natiq

Tanışımın həyat yoldaşının qəribə şakəri var. Kişinin nəyəsə acığı tutanda əşyalarını toplayıb sakitcə evi tərk edir. Əsəbləri soyuyandan sonra isə (adətən 1-2 ay çəkir) yenidən heç nə olmamış kimi geri qayıdır. Arvadı ərinin xarakterinə bələd olduğundan onu elə qarşılayır, elə bil səhər özü işə yola salıb. Və ailə yenidən qaldığı yerdən yaşamağa davam edir.

Əvvəllər bu ailənin həyat tərzi mənə qəribə gəlirdi, sonra düşündüm ki, ruslar demiş, özgə ailə yad meşə kimidir, nabələd adam azıb qalar.

Haqqında danışdığım ailə də kənardan xoşbəxt görünür. Əslində kişinin evi tez-tez tərk etməyini çoxları bilmir. Adətən mentalitet belə şeyləri gizli saxlamağı tövsiyə edir. Sonra ailə dilə-ağıza düşər. Deyərlər, filankəsin kişisi demə iki-üç aydan bir evi tərk edib gedir, Allah bilir hara gedir, kimin xarabasına gedir.

Bu kişinin yaxşı cəhətlərindən biri odur ki, özü qayıdıb evinə gəlir. “Şirinlik” eləmək lazım gəlmir. Yəni kişini evə, ailəyə qaytarmaq üçün falçının elədiyi cadu-pitini deyirəm. Məsələn, bir rəfiqəm evdən tez-tez küsüb gedən yoldaşını qaytarmaq üçün az qala falçıların qapısında gecələyirdi. Əri üçün cürbəcür cadular yazdırır, sonra sakitcə oturub gözləyirdi. 1-2 gündən sonra budur ey, qapı döyülürdü. Uşaq sevincək qapıya qaçırdı ki, atamdır gələn. Doğrudan da kişi əli ətəyindən uzun qayıdırdı evinə-eşiyinə.

Kişinin evdən getmək üçün yetərincə səbəbi vardı. Həyat yoldaşı onun qayğısına qalmırdı, pal-paltarını yuyub-ütüləmirdi, evdə nadir hallarda hazır yemək olurdu və s. Amma kişi arvadını sevirdi, əgər qadın cadu yazdırmağa sərf etdiyi vaxtı evdarlığa ayırsaydı, əminəm ki, həyat yoldaşı evdən getməzdi.

Bir dəfə rəfiqəmgilə gedəndə qapını bağlı gördüm. Qonşular dedilər, kişi neçə gündür evdən perik düşüb, qadın isə harasa gedib, indilərdə gələr.

Bir az keçmiş qadın özünü yetirdi. “Falçıdan gəlirəm”, - deyə qulağıma pıçıldadı. Evə keçdik. Daha özümü saxlaya bilmədim, dedim, sən yaşda qadın hələ də mövhumata inanırsan? O falçılar insanların hissləriylə oynayır, hədəfə necə vuracaqlarını yaxşı bilirlər. Doğrudanmı sən hələ də elə düşünürsən ki, indiyə kimi ərinin geri qayıtmağına səbəb o falçıların oxuduğu dualar idi? O sadəcə olaraq səni sevir və hələ də sənin islah olacağına ümid bəsləyir. Amma hər şeyin bir sonu var.

Rəfiqəm gülüb dedi ki, sən hələ də şəkk-şübhə edirsən? Elə isə otur, öz gözlərinlə gör.

Havadan-sudan söhbətimiz bir xeyli çəkdi. Evin kişisi hələ görünmürdü. Rəfiqəm də bayaqkı kimi özündən əmin deyildi.

Həmin gecə rəfiqəmgildə qalası oldum. Ayıq yatdığımdan rəfiqəmin gecə bir neçə dəfə ayaqlarının ucunda yerindən qalxdığını, balkondan baxdığını, qapını dinlədiyini gördüm. “İstəsəydin, vəziyyət bu yerə gəlib çıxmazdı” deyə düşündüm və yuxuya getdim.

Rəfiqəmin əri sabahısı gün də, ondan sonrakı gün də gəlib çıxmadı. Bir də eşitdik, kişi boşanmaq üçün ərizə verib, özü də sözündən dönən deyil. Rəfiqəm yenə falçıya qaçdı, amma bir neçə aydan sonra hakim boşanma kağızını əlinə verəndə cadu-pitinin doğrudan da bir işə yaramadığın gördü.

Bir müddətdən sonra isə kişi evləndi. Dedilər, ev işlərini bilən cavan qızla ailə qurub. İndi adam arasına çıxanda daha pal-paltarından utanmır, evdə isə hər gün isti xörək olur.

Rəfiqəm də taleyi ilə barışıb həyatına təkbaşına davam elədi. Bir dəfə bu haqda danışmağa cəhd elədim, dedi ki, anlayıram, hər şeyin günahkarı özüməm, kaş ki, vaxtı geriyə qaytarmaq mümkün olsaydı.

Vaxtı isə nə yazıq ki, geri qaytarmaq mümkün deyil. Böyük Tolstoy demiş, yanğını hələ qığılcım ikən söndürmək lazımdır.

Cadu ilə bağlı bir olay da yadıma düşdü.

İş yoldaşımın rəfiqəsi uzun illərdir ki, bir adamla görüşür. Adam vəzifə sahibidir, varlıdır, imkanlıdır. Qızı da cəlb edən yəqin bu incə məqamdır. Ona görə bu gərəkli kişini itirməmək üçün tez-tez cadu elətdirir.

Kişi qızla bir az soyuq danışan kimi məsələyə falçı müdaxilə edir. Dərhal xüsusi reseptlə “şirinlik” hazırlayır. Müştəri də bunları aparıb kişinin işlədiyi binanın həyətinə səpir.

Deyilənə görə, şirinlik (cadu-piti) dərhal öz təsirini göstərir. Məsələn, kişi daha yaxşı davranmağa başlayır, sevgilisini gözəl restoranlara dəvət edir və s.

Onu da deyim ki, şirinliyin də öz təsir müddəti var.

Bir neçə gün və ya bir ay. “Son istifadə müddəti”ndən keçən kimi yenidən “mütəxəssis”ə müraciət etmək lazımdır.

Bütün bunları eşidəndə Mirzə Fətəli Axundovun, Cəfər Cabbarlının, Mirzə Cəlilin mövhumatçı cahil obrazlarını xatırlayıram. O obrazlar ki, 100 il bundan qabaq yaradılıb və təəssüf ki, yazımdakı gerçək obrazlardan heç nə ilə fərqlənmir.

# 5556 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #