Boşanmalara yüz cür səbəb uydurulur, amma ən böyük səbəblərdən biri məcburi evliliklərdir. Adətən böyüklərin təkidilə qurulan evliliklər möhkəm olmur, bir-birinə candərdi dözən cütlük bərkə düşən kimi bir-birindən qopur. Hətta uşaqlar da ailəni parçalanmaqdan qoruya bilmir.
Valideyn olmaq övladın bütün həyatının idarəedicisinə çevrilmək deyil. Böyüklər yol göstərə, tövsiyə edə bilər, amma bu o demək deyil ki, ata-ana öz arzularını, planlarını məcburi iş kimi övladına yükləməlidir.
Siz dünyaya yeni insan gətirmisiniz. Təbii ki, bu yeni insanın yeni düşüncələri var. Dünya məgər köhnəlmiş fikirlərlə inkişaf edir? Dünyanı yeni fikirli insanlar dəyişirlər. Köhnə fikirlərə qalsaydı, nə bəşər sivilizasiyası olardı, nə qeyri-nailiyyətlər. Gənc nəsil min illərdir köhnə nəslin təzyiqlərindən qurtulmağa çalışaraq öz dünyasını inşa etməyə çalışır. Əgər yenilikçi insanlar olmasaydı, hələ də daş dövründə yaşayırdıq.
Axı niyə köhnə nəsil öz ideyalarının, fikirlərinin köhnəldiyi fikri ilə razılaşmır və düşünür ki, hər şeyi o, daha yaxşı bilir? Bəlkə yeni nəslin öz planları var, bəlkə o özü yaşayacağı dünyanı başqa cür görmək istəyir? Öz ənənələrinə hörmət tələb edən yaşlı nəsil niyə gənc nəslin fikrinə hörmət etmir?
Axı siz də öz zamanında sizi anlamayanlarla çarpışmısınız? İndi isə böyüklər həmin təcrübəni gənclərə təzyiq etməklə təkrarlayır. Amma rollar dəyişib.
Bir neçə ay əvvəl Qadir adlı bir oxucumuzdan məktub almışam. Ziyalı bir şəxsdir, hazırda xarici ölkədə yaşayır. Hər cür şəraiti var, amma həyatdan zövq ala bilmir. Hətta əksinə həyat onu məngənə kimi sıxır. Səbəbi sevmədiyi qadınla bir dam altında yaşamağa məhkum olmasıdır. Qadir valideyn təzyiqlərinin qurbanı olub. Əvvəlcə təhsillə bağlı arzularının üstündən xətt çəkiblər, onun əvəzinə seçim edib öz istədikləri ali məktəbə göndəriblər.
“Universitet illərim ağır keçdi, xatırlamaq istəmədiyim qədər ağır... -deyə qəhrəmanımız yazır - İnsan tələbəlik zamanı özünə bir yol seçir, cəmiyyətdə özünü tapmağa çalışır, mən isə həyatdan küsmüşdüm. Adamlardan qaçır, təsəllini yalnız kitablarda tapırdım”.
Qəhrəmanımızın məktubunu oxuyaraq düşünürəm ki, əgər insan həssas təbiətlidirsə, həyatına belə bir zorakı müdaxiləni daha ağrılı qarşılayır, depressiyaya düşür, özünə qapanır. Qadir də bu halları keçirib. Amma yenə də həyatı uğrunda mübarizə edir, xaricdə təhsil almaq üçün alman dilini öyrənir. Ailə bu dəfə də onun bu istəyinə qarşı çıxır. Bir neçə il beləcə boş-boşuna axıb gedir. Bir neçə ildən sonra bir dostunun köməyilə, yenidən həyata tutunur, instituta işə düzəlir, institutun xəttilə xarici ölkəyə işləməyə gedir. Xarici ölkədə, valideynlərdən uzaqda müstəqil həyata başlayır. Artıq öz qərarlarını özü verirdi. “Həyatdan zövq almağa başlamışdım. Pis vərdişləri olmayan, yalan danışmayan, işə can yandıran bir adam olduğumdan həmkarlarımın hörmətini qazanmışdım. Uğurlarım artırdı. Artıq 30 yaşa çatmışdım. Ailəm evlənməyim üçün təkid etməyə başlayırdı. Düzünü desəm, xaricdə yaşadığımdan azərbaycanlı xanımlarla əlaqəm yox idi. Yerli xanımlardan biriylə münasibətim vardı. Valideynlərimə həmin xanımın varlığını deyəndə nələr baş verdiyini təsəvvür edə bilərsiniz yəqin”.
Oğullarının tanımadıqları, “cikinə-bikinə bələd olmadıqları” bir yad qızıyla evlənmək fikrini valideynlər hay-küylə qarşılayır. Əmi, dayı, bibi - hamı məsələyə qarışır. Oğlana təzyiqlər başlayır. Kişi böyüklər telefonla öyüd-nəsihət verir, qadın böyüklər isə cadu elətdirirdilər. Bu tragikomik hadisələrdən sonra nəhayət, məqsədlərinə çatırlar. Qadir sevdiyi xanımdan ayrılır.
Evlənmə məsələsi bir neçə ay təxirə salınır. Bu müddət ərzində Qadirlə qohumu olan bir xanım arasında dostluq münasibəti yaranır. Getdikcə bu dostluq məhəbbətə çevrilir. Amma bu xanım da ailənin müsbət rəyini ala bilmir. “Arxası olan bir qızla ailə qur”, - deyə tövsiyə edirlər - “bu qızı isə unut.” Artıq bir dəfə məhəbbəti daşa dəymiş Qadir bu dəfə sevgisinə sahib çıxacağını bildirir. Amma ailənin təzyiqləri bitmir, bu söz-söhbətlərdən usanmış qız başqa birinə ərə gedir.
Nəhayət, qəhrəmanımız atasının dostunun qızıyla evlənməli olur. Halbuki Qadirin özündən on yaş kiçik olan bu qıza qanı qaynamamışdı, nə insan, nə də qadın kimi ürəyini oxşamırdı. Xəyalları növbəti dəfə puç olur. Həyatdan soyumuş, hər şeyə marağını itirmişdi. Elə bil valideynlər onun bu halını görmürdülər, ya da görməzlikdən gəlirdilər...
Məktubu oxuduqca bir film qəhrəmanının sözlərini xatırlayırdım. Həyatı boyu cəmiyyətin istədiyi kimi yaşamış 40 yaşlı kişi sonunda etiraz edərək deyir ki, təngə gəldim nümunəvi olmaqdan! Axı niyə elə mən nümunəvi olmalıyam?! Qəhrəmanımız da həmin film qəhrəmanı kimi “nümunəvi olmağa” məcbur olub. Bəs bu əhvalat nəylə başa çatıb? Vəziyyət elə əvvəlki kimidir. İki ildir ki evli olan Qadirin həyatında hələ də soyuq küləklər əsir. Həyat yoldaşı mal-mülk haqqında düşünür, o isə öz azadlığını. O azadlığı ki, ona təslim etmək istəmirlər.
“Normal münasibətlərimiz olmadığı üçün övladımız da yoxdur. İndi də böyüklər qərar verib ki, süni mayalanma vasitəsilə valideyn olaq. Analizləri verib nəticəni gözləyirik”, qəhrəmanımız yazır.
Məgər valideynlər məcburi evliliklərin hansı fəsadlara gətirib çıxardığını görmürmü? İnsanların həyatı məhv olur, yaşamaq məşəqqətə çevrilir. Məgər valideynlər bunun üçün dünyaya uşaq gətirir? Öz klonuna, öz arzularının kölgəsinə çevirmək üçün?
Hər dəfə söz düşəndə yaşlılar boşanmalara etiraz edirlər, gəncləri suçlayırlar, amma bu, gənclərin günahı deyil. Əgər böyüklər gəncləri idarə etməkdən vaz keçsələr, gənc nəslin ixtiyarını özlərinə versələr, onlara özləri istədiyi, bacardığı kimi yaşamaq imkanı versələr, boşanmaların da sayı azalar. Axı dünyaya öz baxışlarıyla baxan gənc bir adam nə üçün yaşlıların dünyagörüşünə uyğunlaşmalıdır? Onların gördüyünü o necə görə bilər və niyə görməlidir?
“Uşaqlar sizə deyil, öz zamanlarına oxşayacaqlar”. Demək hər dövrün həyata öz tələbləri var. Zaman-zaman həyatımız yeni qaydalara tabe olur. Deməli, həyata yeni baxış qaçılmazdır. Odur ki, həyatı başqa cür, başqa rəngdə görən gənc nəsli mühakimə etməyin və onlara azad seçim etmək imkanı verin.